RU

HAFİZ ADASI

İllər üst-üstə qalaqlanandan sonra adama çox görünür. Amma elə ki gəlib yetişdiyin hündürlükdən keçmişə boylanırsan, arxadakı illər və onillərin nə qədər çox olmasına baxmayaraq, elə zənn edirsən ən uzaqlarda sayrışanlar da sanki dünən baş verib, indinin səssiz şütüyən sürət qatarları kimi, vaxtın necə yeyin gəlib keçməsinə heyrətlənirsən.

O, məhəbbətə bürünən bir ailədə böyüdü. Hər valideyn övladını sevir, nəinki hər valideyn, hər canlı öz yavrusuna nəvazişli, qoruyucu istəklə yanaşır. Ancaq lap xırda yaşlarından başlayaraq onların ailədə əhatə olunduqları və illərin üstünə illər gəldikcə əsla azalmayan məhəbbət bir başqa sevgi idi. Bu evdə uşaqlara ən şirin sözlərlə əzizləmədən belə, sakitcə və vaxtın ötməsiylə zərrəcə əskilməyən sevəbilmənin də dərslərini verirmişlər. İnanın ki, bu, həddən ziyadə mühüm bir keyfiyyətdir. Sadəcə, ailənin möhkəm, mehriban olmasından ötrü yox, daha əvvəl həmin uşaqların sabah böyüyüb yaxşı vətəndaş, nümunəvi insanlar ola bilməsindən ötrü!

Hafiz də, qardaş-bacıları Arif də, Elmira da, Ədibə də, Aqil də adlı-sanlı bir yazıçının, universitet professorunun uşaqları idilər.

Yazıçıya, universitet professoruna dəyərlərin çox dəyişib başqalaşmış olduğu bugünkü gözlə baxaraq onları adi görməyin. 1940-1950-ci illərdə, hələ xeyli müddət sonralar da tanınmış ədiblər cəmiyyətin ən hörmətli, ən uca tutularaq gendən heyrətqarışıq maraq və rəğbətlə baxılan seçmə insanları idilər, Azərbaycanda yeganə olan və sanbalı çox ağır universitet professorları bu mərtəbəyə gəlib çatdıqlarından hamılıqla ağıl dəryası kimi qəbul edilər, hərəsi bir nazircə yüksək məqamlı sayılardılar.

Funikulyorun yaxınında, fontanlı Bəhram Gur heykəlinin böyründəki yaşadıqları “Alimlər evi” deyilən bina Bakının ən gözəl tikililərindən, həyətləri paytaxtın sayca ən çox bəxtəvər uşaqlarının oynadığı məskən idi. Qayğısız uşaqlar idilər, müharibədən sonrakı ümidli, işığı günü-gündən artan, Bakının bütöv bir nəğməyə oxşadığı illər yaşanırdı və o həyətdə oynayan uşaqların hamısı bütün Azərbaycanda tanınan, ehtiram bəslənən ata-anaların övladları idilər.

Ədibə xanım xatırlayır ki, atam Mir Cəlal həyatımız boyu bircə dəfə də olsun bizimlə səsini qaldıraraq danışmadı. Hərdən görürdün ki, hava qaralır, kiçik qardaşımız Aqil hələ də yoldaşları ilə oynamaqdadır, uşaqlardan ayrılıb evə qalxmağa tələsmir, atam başlardı deyinməyə ki, nə oldu, harada qaldı bu, niyə indiyəcən həyətdədir? Bir qədər keçərdi, qapının zəngi basılardı, atam tez keçərdi öz otağına, anam Püstə xanım onun ardınca gileylənərdi ki, hara getdin, gəlib çıxıb, sözünü de də...

Elə bu sözünü deməməyiylə, ciyərparalarına səsini qaldırmamaqçün iş otağına, kitablarının yanına çəkilməsiylə də Mir Cəlal dərs verirmiş ki, baxın, axı mənim sizə kəskin söz deməyə dilim gəlmir, qıymıram sizi qınayım.

Böyüdükləri yuvadan beş övlada qalan ən başlıca öyüd, sərvət və ata-ana mirası onlara bəslənən məhəbbət qarşısındakı məsuliyyət və cavabdehlik duyğusu oldu. Necə tərbiyə almışdılarsa, o cür böyüdülər, ağılları dünyanı kəsdikcə, Atanın qələmindən çıxan kitabları oxuduqca anladılar ki, yazılarındakı Ata ilə həyatdakı ata fərqli adamlar deyillər, gördülər ki, Ata sözündə necədirsə, özü də həmin təhərdir. Gözlərini açıb onlarçün hələlik elə dünya demək olan ailənin içərisini belə görmüşdülər, belə tərbiyələnmişdilər, o cür böyüdülər, o cür yaşadılar, ona görə də nələrə çatmalarından, hansı yüksəklərə qalxmalarından asılı olmayaraq, ən başda insan oldular, yaxşı azərbaycanlı oldular, yetişdikləri ocağın dərslərinə sədaqətlərini həmişə varlıqlarında daşıdılar.

“Ən böyük əsərim mənim ailəmdir” deyən Mir Cəlal həm haqlıymış, həm də əslində etiraf edirmiş ki, ailəsinə, doğrudan da, məhz ən ümdə Əsəri kimi baxırmış, həmişə də bu Əsərin arzuladığı mükəmməllikdə alınmasından ötrü çalışırmış, hətta balaca oğluna onu azacıq da olsa incidəcək söz deməməkçün üz-üzə gəlməkdən yayınaraq otağına qapılanda da evdəki ata yox, auditoriyadakı müəllim imiş – qurduğu Ailə Əsərinin növbəti səhifəsini yazırmış və uşaqlar da bütün bunları görürmüş, dərk edirmiş, ibrətini götürürmüş, dərsini əzbərləyirmiş. Bu sayaq olmasaydı, əhvalatdan bu qədər zaman keçərkən, o vaxt danlanmalı və əsas dərs veriləsi uşaqdan çox da böyük olmayan bu qız zahirən ona birbaşa aidiyyəti olmayan həmin anı elə qəfilcə, söz-sözü gətirərkən belə xırdalıqları ilə yada sala bilərdimi? Demək, DƏRSlər uçub-getmirmiş, anındaca yaddaşa həkk olunurmuş.

Yazıçı Mir Cəlal çoxdan ömrünü başa vuraraq haqq dünyasına qovuşub, onun müasirlərindən də qalanlar yoxdur. Zaman öz işindədir. O gözəgəlim, haçansa barmaqla nişan verilən bina yerindəcə durur, orada yaşamışların vaxt qatarına qoşulub gedənləri gedib, kimlərsə başqa ünvanlara köçüb, əvvəlki simsar qonşulardan əsər-əlamət qalmayıb, daha heç həmin mülkə ötənlərdəki – elm adamının hörmətli çağlarındakı sayaq “Alimlər evi” deyilmir.

Amma Hafiz Paşayev o binadan, oradakı mənzildən, o məhəllədən ayrıla bilmir. Elə bil ki, doğma ünvana vaxtaşırı baş vurmaqla oradan güc alır, keçmişə dəyib qayıdır, dəqiqələr, saatlar boyunca orada xatirələrlə baş-başa qalır, əzizləri ilə nəfəs-nəfəsə olur. Güc yığır, işığı artır, köhnə mənzilin qapısını örtüb tanış binadan çıxır, girir sürətli, səs-küyü çox, şərtləri büsbütün yeni günün içərisinə. Bugünün sürətinə də uyğunlaşır, indinin səs-küyünə də alışır, şərtlərinə də rahatca riayət edir, amma təzəcə ayrıldığı yaddaş adası və oradan aldığı cərəyan, Hafizi qidalandıran, nəbz kimi daim daxilində çırpınan düşüncə, davranış, mənəviyyat meyarları da onunla qalmaqda davam edir.

Məhz belə olduğu üçün də Hafiz Paşayev başqa cür yox, məhz belədir!

...Ev kitabxanasındakı cildlərin hamısı ədəbiyyatdan, tarixdən, mədəniyyətdən idi, ata da yazıçı. Ancaq Hafiz ixtisas olaraq fizikanı seçdi, Azərbaycan Dövlət Universitetində bilgin müəllimlərdən dərs aldı, Moskvada, Sovet İttifaqının ən nüfuzlu elm mərkəzlərindən hesab edilən Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasında oxudu, o çağın deyişi ilə, namizədlik dissertasiyası müdafiə edib alimlik dərəcəsi qazandı, 1971-ci ildən Elmlər Akademiyamızın Fizika İnstitutunda çalışmağa başladı. Arada bəxt qapısı açıldı, həmin çağlarda bir cavan alimə yatanda yuxusuna girə biləcək, əlçatmaz arzu kimi görünən gerçəyə döndü – 1975-1976-cı illərdə ABŞ-də, İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirdi. Yeni bilik və təcrübələrlə təzədən doğma akademiyaya qayıtdı, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika elmləri doktoru elmi dərəcəsinə layiq görüldü, Metal fizikası laboratoriyasının müdiri seçildi. Akademiyamızın yaxşı vaxtları idi, ayrı-ayrı institutlarda, elə Hafiz Paşayevin işlədiyi Fizika İnstitutunda da sanballı, Azərbaycandan kənarlarda da tanınan, üstünlüyü qəbul edilən tədqiqatçılar az deyildi. Lakin XX əsrin son çərəyi yetişdi, vaxtın təlatümləri coşdu, nəhəng Sovet dövləti ləngər vurmağa, çalxalanmağa başladı. Azərbaycan o dövrdə qaynar qazan kimi idi, səksəninci illərin sonlarında Elmlər Akademiyası isə respublikanın beyin mərkəzi olmaqdan tədricən xalqın siyasi müqəddəratı uğrunda fikir dartışmaları, ərazi bütövlüyümüz, müstəqillik amalları yolunda mübarizələrin və ən qızğın müzakirələrin meydanına, milli-azadlıq hərəkatı deyilən axının önündə gedəcəklərin kadr bazasına çevrildi.

Sarsıntıları, itkiləri, sıxıntı və acıları çox olan həmin çağların ürəklərə məlhəm çəkən bəhrəsi istiqlalımızın qayıdışı, 70 illik həsrətlərdən sonra müstəqilliyimizin bərpası idi. Təqvimdə 1990-cı illər idi – ağıla sığmayan, təsəvvürə gəlməyənlər baş verirdi. Bir gözümüz gülür, bir gözümüz ağlayırdı: bir yanda füsunkar Qarabağımızın canımızdan qopan tikələr kimi ürək göynədən torpaq itkilərimizin faciəsi, qaçqınlar-köçkünlər müsibətinin yanğısı, o biri tərəfdə aşırımları, yarğanları adlaya-adlaya irəliləyən öz dövlətimizin, müstəqil Azərbaycanımızın  varlığının hər yeni gününün köksəsığmaz səadəti. Öz izahsız məntiqi olan həmin çalxantılı günlər fizik Hafiz Paşayevin də taleyini gözlənilməz bir səmtə doğru dəyişdi. Onun fizik həmkarı, akademiyada illərcə birgə işlədikləri Tofiq Qasımov xarici işlər naziri təyin edilmişdi. Seçkin fiziklərimizdən olan ortaq dostumuz Yılmaz Verdiyevin sayəsində mən mərhum Tofiq Qasımovu yaxşı tanıyırdım, fizik kimi güclülərdən olduğunu bilirdim, saf da insan idi. Elə hökumətdə ətrafında olanların əksəriyyətindən səviyyəcə üstünlüyü güman ki, analitik təfəkkürlü mükəmməl fizik olmasından gəlirdi. Heyiflər ki, nabələd olduğu və sərt qaydalarla oynayan siyasət aləminə qatıldı, əriyib itdi. Amma xarici işlər naziri olarkən dürüst seçimlərindən biri bu oldu ki, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı ilk səfiri vəzifəsində Hafiz Paşayevi görmək istədi. Onda da, hələ neçə illər sonra da bizim peşəkar diplomatlarımız yox idi, onları asta-asta vaxt özü yetişdirib artıracaqdı. O dönəmdə ümid yeri əsasən müəyyən səriştələri olan, bilikli, xarici dillərdə danışan ziyalılardı. Hətta belələri də seyrək idi. Hafiz Paşayevi xarici işlər naziri keçmiş iş yoldaşı kimi yaxından tanıyırdı, zəkasına da, insanlığına da, mədəniyyətinə də bələd idi, həm də xəbəri vardı ki, Hafiz ingiliscə danışır, Amerika mühitinə də aşinadır, iki il orada yaşayıb, təcrübə keçib.

Bunlar çətin, şərəfli, hər günü bir tarix olan illərdir. Oxuduqlarım, eşitdiklərim, 1990-cı illərdə Xarici İşlər Nazirliyi ilə davamlı təmaslarımdan bildiklərim öz yerində, Hafiz Paşayevin ABŞ-də səfir işlədiyi müddətdə rəsmi səfərlər çərçivəsində üç dəfə orada olmuşam və yaxın məsafədən də müşahidə edərək bu üzdən sakit, təmkinli, sanki tələsməklə arası olmayan insanın nə qədər dinamik, necə səfərbər, necə dəqiq və faydalı çalışmasına şahid kəsilmişəm.

Hafiz Paşayev gəlib çatmışdı Vaşinqtona və dünyanın ən qüdrətli dövlətinin dərinləri görən gözləri və uzaqlara çatan əlləri, təbii ki, bu ilk Azərbaycan səfirinin kimliyini də irəlicədən araşdırmışdı. Məlumat əldə etmişdilər ki, bu 51 yaşlı Fövqəladə və Səlahiyyətli səfirin əvvəllər öz vətənində üzərində işlədiyi, hələ neçə il öncə bir ayrı təqdimatda Amerikaya gələrək burada da davam etdirdiyi “gizli və vacib” olan əslində açıq və gərəkli bir məsələ imiş, bu fizikşünas alim gizli, lakin vacib olan yüksək temperaturda naqillərin keçiricilik qabiliyyətini araşdırırmış.

Beləliklə, Hafiz Paşayev – ABŞ-dəki Azərbaycan Respublikasının ilk səfiri varid olmuşdu Vaşinqtona və diplomatlıq karyerasının əvvəlinci günlərindən, kirələdiyi mənzildəncə qolunu çırmalayaraq fədakarlıqla işə girişmişdi. Həmin gecə-gündüz gərgin işlə dolu günlərin mənzərələrini oçağkı müşahidələri ilə bərpa edən canlı şahid bir amerikalıdır – Mərkəzi Asiya–Qafqaz İnstitutu, İpək Yolu Araşdırmaları Proqramının rəhbəri S. Frederik Star: “Makferson meydanında kirayə edilən evdən Paşayev dərhal amerikalıları öz ölkəsi haqqında məlumatlandırmaq üçün irimiqyaslı maarifləndirmə kampaniyasının əsasını qoydu. O, Azərbaycanın Rusiya və İran arasında yerləşdiyini və NATO üzvü Türkiyə ilə mühüm əlaqələrinin olduğunu diqqətlərə çatdırdı, Azərbaycanın ənənəvi və mötədil müsəlman ölkəsi olduğunu təsdiq etməklə müasir, Qərbyönümlü və dünyəvi dövlətə çevrilmək arzuları barədə danışdı, söhbətlərində ölkəsinin SSRİ dağılanacan onilliklər boyunca Mərkəz tərəfindən mənimsənilən neft və qaz ehtiyatlarının əhəmiyyətini qabartdı”.

Hafiz Paşayev nə beynəlxalq münasibətlər üzrə təhsil almışdı, nə diplomat təcrübəsi vardı. Amma o, atası Mir Cəlalın müdriklik məktəbini keçmişdi və fizik olaraq da Eynşteynin nəvəsi idi ki, bu dahinin şah əsəri olan nisbilik nəzəriyyəsi elə siyasətin də bel sütunu idi.

Hafiz Paşayev 14 il ərzində Azərbaycanın Birləşmiş Ştatlarda, müəyyən müddətsə eyni zamanda həm də ölkəmizin Meksika və Kanadada Fövqəladə və Səlahiyyətli səfiri oldu.

Bu illər Azərbaycan dövlətçiliyi tarixindəki həssas və önəmli fəsil – planetimizin ən qüdrətli dövləti ilə münasibətlərin sağlam və möhkəm təməllərinin qurulması, sonrakı iqtisadi və siyasi taleyimizdəki həlledici amillərdən birinə çevriləcək “Əsrin müqaviləsi”nin – Bakı-Tbilisi*Ceyhan neft kəməri bağlaşmasının niyyətdən gerçəkliyə döndərilməsi dövrü idi. Bu şanlı tarixçədə səfir Hafiz Paşayevin də unudulmamalı və təqdirlərə layiq əməkləri var.

Hafiz Paşayev müasir diplomatiya tariximizdə bu nadirliyi ilə də qalacaq ki, heç bir başqa səfirə nəsib olmamış karyera uğuru onun qismətinə düşdü. Azərbaycanın üç lideri dövründə, biri demokrat, digəri respublikaçı olmaqla ABŞ kimi fövqəlölkənin iki administrasiya dönəmində Fövqəladə və Səlahiyyətlimiz vəzifəsini daşıdı!

Nəhayət ki, vidalaşma günü gəlib çatmışdı, 2006-cı il iyunun 28-i idi və səfir Hafiz Paşayev amerikalılar qarşısında son çıxışını edirdi: “Burada çalışdığım illər mənimçün bir şərəf olmuşdur. Düzünü desəm, həyatımın belə böyük bir hissəsini arxada qoymaq çox qüssəlidir. Ancaq irəli hərəkət etmək, meydanı digərləri üçün boşaltmağın da vaxtı yetişib. İnanıram ki, onlar da ölkələrimiz arasında əməkdaşlığın çiçəklənməsi üçün bizim qoyduğumuz səyləri davam etdirəcəklər”.

Və buradakı illər ərzində Hafiz Paşayev “amerikanlaşmışdı”, amerikan ritorikasının nazik cəhətlərini mənimsəmiş, yerli auditoriyanın belə rəsmi nitqlərin sonluğunda gözlənilməzliklərə hazır və həvəsli olduğunu tutmuşdu, o üzdən də sözünə həm diplomatcasına, həm də sonra daim xatırlanacaq şux tərzdə yekun vururdu: “Mən Vaşinqtona iki uşaq atası kimi gəldim və buranı dörd nəvəsi olan baba kimi tərk edirəm. Qayıdandan sonra nə edəcəyimi məndən soruşanlara sadəcə bunu deyirəm ki, əvvəlcə babalıq vəzifəsini yerinə yetirəcək, sonra da qarşımdakı digər tapşırıqlara nəzər salacağam”.

Fəqət Hafiz Paşayevin kimsəyə açıqlamadığı, ürəyində və beynində daşıdığı bir istəyi də vardı: səfirlik illərinin yaddaşlarını ayrıca bir kitaba çevirmək. Bununla da həm ömrün əlamətdar bir kəsimini salnamələşdirmək, həm də gələcəkdə belə yolu keçəcəklərə bələdçiyə bənzər bir yadigar qoymaq.

“Bir səfirin manifesti”ni yazdı və Azərbaycan milli diplomatiya kitabxanasının çox da dolu olmayan rəflərini Vətənə qayıtdığı elə həmin ildəcə dəyərli əsərlə zənginləşdirdi.

Övladlar atanın varisidir, valideyndən qalan mirasın qanuni sahibi onlardır. Amma Hafiz Paşayev elə abırlı adamdır ki, hətta doğmaca atasından bir kəlməni iqtibas edəndə belə, buna kiminsə “mənimsəmədir” deyəcəyini də düşünərək, irəlicədən xəbərdarlıq edir ki, həm də atasının şagirdidir, belə yetişibsə, həyata baxışları bu cür şəkillənibsə, səbəbkar elə Mir Cəlaldır ki, var. Di gəl, kitabına belə bir ad qoymaqla Hafiz Paşayev əslində həm də atasına yaxşılıq etmiş, xidmət göstərmiş olub. Yeni nəsillər Mir Cəlalın ötən əsrin ortaları və sonrakı bir neçə onilində ən çox oxunan “Bir gəncin manifesti” kitabından xəbərsizdir. Bizim uşaqlıq, gənclik illərimizdə isə o kitab əl-əl gəzirdi, ayrı-ayrı parçaları dərsliklərə düşmüşdü, həmin lövhələrdən biri bu idi ki, qeyrətli bir azərbaycanlı xanım illər öncə toxuduğu, evinin hər cəhətdən ən qiymətli əşyası olan “Yusif–Züleyxa” xalçasını ehtiyac ucbatından bazara çıxarır, ancaq son anda bu xalçanı bir əcnəbinin alıb aparacağını biləndə təkidlə təklif olunan ən yüksək məbləğdən də qətiyyətlə imtina edərək “İtə ataram, yada satmaram” söyləyir. Bu hekayəni oxuyub öyrənməkdən əlavə, o mövzuda inşa yazmağımız da, romanın özünü də kitabxanadan götürərək iştahla mütaliə etdiyim də xatirimdədir. Diplomatik “romanını” görkəmli Azərbaycan ədibinin hafizələrdə oturuşmuş romanının sərlövhəsiylə səsləşdirərək adlandırması həm Hafiz Paşayevin kitabına elə adı çəkilən kimi diqqət cəlb etdirdi, həm də unudulmuş kimi olan köhnə əsərə marağı mürgüdən oyatdı. Elə biri mən özüm – “Bir gəncin manifesti”ni illər ayrılığından sonra bir də mütaliə edəndə 1930-cu illərin sonlarında yazılmış bu əsərin dilinin nə qədər cazibədar, nə qədər ədəbi-bədii siqlətli, nə qədər şirəli, nə qədər milli olmasına heyran qaldım və gördüm ki, içərisindən dövrün məcburi siyasi məfkurə dalğası keçmiş bu romanı o dalğanın təsirlərindən təmizləyərək diriltmək mümkündür və gərəkdir.

Ancaq “Bir gəncin manifesti”nin şəxsi kitabxanamda olan və 1953-cü ildə buraxılmış, əsərdəki hadisələri əyaniləşdirən, rəssam Ələkbər Zeynalovun çəkdiyi məzmunlu illüstrasiyalarla bəzənmiş nüsxəsini vərəqləyəndə bir məqam məni duyğulandırdı – kitabın redaktoru Nurəddin Babayev idi.

Deyərsiniz burada adamı duyğulandıracaq nə var ki?!

O kitabın işıq üzü görməsindən 70 ildən də bir az ötəndən sonra yola çıxırıq, Gəncəyə, Mir Cəlalın gənclik illərinin bağlı olduğu sevimli şəhərə gedirik. Həmin  Bəhram Gur heykəlinin yanında görüşmüşük. Hafiz müəllim ata evinə baş çəkib enir, onun ruh aləmini sezdiyimdən bu başçəkməyə də özlüyümdə bir ritual kimi baxıram və yola düzəlirik. Sürücü götürməyib, avtomobili elə Hafiz müəllim özü idarə edir, sərnişinləri də bir mənəm, bir də heykəltəraş Görüş Babayev. Həmin Nurəddin Babayevin oğlu. Məni duyğulandıran məhz budur – münasibətlərdəki sabitlik, sədaqətin uzunömürlülüyü, atalardan başlanan yolun oğullarda davam etməsi.

...Hafiz Paşayevin diplomatik missiyasını bitirərək Bakıya qayıdandan sonra Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasına rəhbərlik etməyə başlaması, bilavasitə təhsillə bağlanması böyük ölçüdə orada – Vaşinqtonda, Con Hopkins İnstitutundakı xudahafizləşmə nitqində sonda yarızarafat-yarıciddi söylədiyinin, ilk növbədə nəvələri ilə məşğul olacağı vədinin yerinə yetirilməsi istiqamətində addım atmaq deməkdi.

Düşüncəsinin və ruhunun miqyası Hafiz Paşayev kimi olan, belə tərbiyə alan, mayası bu cür yoğrulanlardan ötrü oğul, qız, nəvə yalnız elə öz balaları sayılmaz ki! Bu Vətənin və millətin hər uşağına elə canı canından, qanı qanından olan doğman kimi yanaşanda onlar səninçün gerçəkdən də öz oğluna, öz qızına, öz nəvə-nəticənə çevrilir. Məhz bu cür düşündüyündən, bu mənəviyyatın yiyəsi olduğundan Hafiz Paşayev Azərbaycana – bugünkü və gələcək övladlarına ADA Universiteti kimi örnək təhsil, bilik ocağı yaratdı. Millətin gələcəyinin qeydinə bunca sevgi ilə yanaşanda, bu cür canıyanan münasibət bəsləyəndə belə möhtəşəm işlərə imza atmaq olur. Yolu ADA Universitetinə düşənlərdən biri görəndə ki, rektor Hafiz Paşayev də nahar vaxtı elə tələbələrə qarışaraq gedib növbəyə durdu, yeməklər seçərək gəlib bir masada əyləşdi, naharını edəndən sonra istifadə edilmiş qab-qacağı elə həmin siniyə yığaraq aparıb yuyulma guşəsinə qoydu, təəccüblənibmiş. Babal yumuram, amma ola da bilər, öz aləmində fikirləşibmiş ki, yəqin, bunu həmin vaxt orada olan qonaqlara özünü göstərməkçün edir. Ancaq o, hər gün belədir axı! İllərcə belədir və adam ailəsi içərisində, balaları arasında özünü başqa nə təhər aparmalıdır ki!

ADA da Hafiz Paşayevin övladıdır, orada təhsil alanlar da. Həm də bu, təzə söhbət deyil. Müəllim oğlu Hafiz Paşayevin atasının da özünə müəllim saydığı Firidun bəy Köçərli də eyni əxlaqın və mənəviyyatın sahibi idi, həmin qafilədən olan millət çırağı maarifçilərimizin də hər biri bu əqidədə idi.

Məgər təsadüfdürmü ki, Hafiz Paşayev başdan aşan işlərin arasında böyük Firidun bəyə də vəfa borcunu yerinə yetirməyi təxirə salmadı, minbir zəhmət və əsl qəhrəmanlıq nümunəsi göstərərək Köçərlinin yaratdığı Qazax Müəllimlər Seminariyasını bərpa etdi, çoxdan sönmüş çıraq yenidən nurlandı, Qazax seminariyasında zəng yenidən çalındı, bölgənin təhsil, təlim, mədəniyyət həyatına qucağını geniş açaraq “gəl-gəl” deyən bir ada da yarandı.

Ürəyi soyumadı – Firidun bəy Köçərliylə onun dəyanətli ömür-gün yoldaşı və silahdaşı Badisəba xanıma elə ikinci ömür bağışladığı seminariyanın qarşısında abidə ucaltdı və bu riqqətli eşq heykəlini də yaradan Görüş Babayev idi.

...Mir Cəlal Bakıya yenicə köçdüyü zamanlarda İçəri şəhərdə kirayənişin yaşamışdı, sonra burada ev almışdı və ilki Arif də elə o mənzildə dünyaya gəlmişdi.

İki Mir Cəlal yadigarı, qoşa qardaş əl-ələ verib o məkana da təzə ömür bağışladılar – “Ədibin Evi” yarandı, restoranlarla doldurulan İçəri şəhərin eyni açıldı, bir zamanlar Cavidin, Müşfiqin, Vurğunun... gəlib-getdiyi ünvandan yeni şeirlərin, hekayələrin, ədəbi müzakirələrin ətri dikəldi.

...Hafiz Paşayev müasir Azərbaycan gerçəkliyinə yalnız təhsil və düşüncə həyatımızın ADA kimi qiymətli örnəyini gətirməyib, onun millətəxeyir təşəbbüs və əməkləri sırasında Cümhuriyyət dönəmimizin həyatına ayna tutan “Azərbaycan” qəzetini cild-cild kitablara döndərərək bugünümüzə və sabahımıza ərməğan etməsi də var, istiqlalımızın qurucularından biri, ilk milli parlamentimizin – Məclisi-Məbusanın rəhbəri olmuş Əlimərdan bəy Topçubaşovun düşüncə irsini nəşr edərək hamınınkılaşdırması da və yazdıqca uzanası nə qədər başqa savab əməlləri də.

Hafiz müəllim özü də şəxsiyyəti, ləyaqətləri, düşüncə və fəaliyyət tərzi ilə dəyişən, başqalaşan zəmanəmizdə sevimli bir Adadır.

Elə bir Ada ki, həm çağdaşdır, vaxtın sürətlərinə və tələblərinə çevikliklə uyğunlaşandır, amma həm də dünənlə bu gün arasındakı mötəbər körpüdür, yaşamalı ənənələri diri saxlayandır, bizi biz edən irsin qədrini biləndir, qorunmalı olanlarımızı elə öz adına uyğun olaraq hifz edəndir. Atası Mir Cəlal nəslinin ziyalılığına xas ən nəcib vərdiş və keyfiyyətləri özündə cəmləşdirən, əməllərində, baxışlarında, hətta danışığında belə o çağın kübar ülgülərini davam etdirəndir.

Dünyagörüşü geniş, hər mövzuya açıq olan Hafiz Paşayev qarşısındakı ilə onun başladığı istənilən mövzuda, həyatın, gedişatın hər mətləbindən saatlarla şirin müzakirələr edə, müsahibinin başladığı hər sözü göydəcə tutaraq fikir mübadilələri apara bilər. Ancaq söhbətin yönü birdən dəyişsə, gəlib çıxsa birbaşa Hafiz Paşayevin  öz sahəsinə, görəsən onda “təcrid olunmuş aşqar atomlara malik kristallarda lokal səviyyələrdən neytronların qeyri-elastik maqnit səpilməsindən” neçə nəfər neçə dəqiqə söhbətləşə bilər?

Yəni Hafiz Paşayevin yerişini yerimək müşküldür, onun düşüncə və duyğu üfüqlərinin fəzası əngin, sərhədləri nəhayətsizdir!

...Mən ki ilk gənclik illərimdən o çağın sinni məndən xeyli böyük bir çox zirvə şəxsiyyətləri ilə sıx təmaslarda olmuşdum və indi onların gedişindən sonra öz həyatımda onlarsız boşluğu daim hiss edirəm, Hafiz müəllim mənumçün elə onlar əvəzidir, onların hamısının ümumiləşmiş (həm də həmin mürəkkəb dövrün ictimai-siyasi gedişatının doğurduğu bir sıra umulmaz cəhətlərdən arıtlanmış, daha saf) surətidir. Hər dəfə Hafiz müəllimlə görüşəndə sanki elə həmişə darıxdığım, qəribsədiyim o unudulmazlarla birgə oluram...

Bu gün Hafiz müəllim kimi daha neçə belə körpü var? Üçmü, beşmi, onmu, ya daha az? Az və sevimli olanlarınsa qədrini bilmək, onları əziz və uca tutmaq lazımdır. Hər doğum günündə də, hər yuvarlaq ildönümlərində də, hansısa başqa bayramlarında da və hər gün, hər an!

Избранный
30
1
vaxt.az

2Источники