Mayın 2-də Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb.
Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, təlimin başa çatması münasibətilə iştirakçılara brifinq təqdim olunub.
Bildirilib ki, təlim müddətində hər iki qardaş ölkənin hərbi pilotları birgə uçuşlar həyata keçirib, verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.
Təlimdə ssenariyə uyğun olaraq, müvafiq uçuşların planlaşdırılması, Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin və digər hədəflərin yerlərinin aşkar olunması, məlumatların Birləşmiş Hava Əməliyyat Mərkəzinə ötürülməsi və onların məhv edilməsi, eləcə də digər fəaliyyətlər müvəffəqiyyətlə icra olunub.
Həmçinin heyətin fərqli şəraitlərdə uçuş bacarıqlarının artırılması, yeni texnika və silah sistemləri ilə tanışlıq məqsədilə mübadilə uçuşları, aviasiya vasitələrindən tətbiq olunan radioelektron mübarizə şəraitində HHM vasitələrinin fəaliyyətinin qiymətləndirilməsi tapşırıqları da yerinə yetirilib.
Hərbi pilotların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.