Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ümumilikdə 85 milyon 869 min 260 manat vəsait ayrılıb.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Çağırışlara adekvat çevik qərarlar qəbul olunur"
Millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncam birmənalı olaraq dövlətin vətəndaşlara yönəlik sosial siyasətinin ardıcıl və çevik şəkildə davam etdirildiyini nümayiş etdirir:
"Bu qərar yalnız mövcud problemlərin, qısamüddətli aradan qaldırılmasına deyil, eyni zamanda gələcək risklərin azaldılmasına hesablanmış çoxşaxəli və kompleks yanaşmanı özündə ehtiva edir. Sərəncamın ən mühüm cəhətlərindən biri də onun operativliyi və konkret nəticələrə hesablanmasıdır. Fəlakətin baş verməsindən sonra süni ləngimələr olmadan, dövlət başçısının birbaşa tapşırığı ilə vəsaitin qısa müddətdə ayrılması və aidiyyəti qurumların icra mexanizmlərinin dərhal işə salınması göstərir ki, Azərbaycanda vətəndaşların problemlərinə biganə yanaşma yoxdur və ola da bilməz. Əksinə, yaranmış hər bir çətinlik, bölgələrdən gələn hər bir müraciət dövlət səviyyəsində, ən ali rəhbərlik tərəfindən diqqətlə qiymətləndirilir, bu çağırışlara adekvat olaraq çevik qərarlar qəbul olunur. Bu çeviklik cəmiyyətdə dövlətə olan sarsılmaz etimadı daha da gücləndirir".
"İnsanların həyatına sürətli və müsbət təsir göstərəcək"
Millət vəkilinin fikrincə, bu cür maddi və mənəvi dəstək zərərçəkən ailələrin sosial-iqtisadi tənəzzülünün qarşısını alır:
"Milli Məclisdə təmsil etdiyim bölgələrin də bu Sərəncam çərçivəsində əhatə olunması həm mən, həm də seçicilərim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki son dövrlərdə ölkəmizin şimal və dağlıq relyefli ərazilərində baş verən intensiv yağıntı, kəskin hava şəraiti nəticəsində bəzi yaşayış məntəqələrində evlərə, kənd təsərrüfatlarına və strateji infrastruktur obyektlərinə ciddi ziyan dəymişdi. İnsanların böyük zəhmətlə qurduğu yaşayış yerləri təbiətin zərbəsi altında qalmışdı. Məhz ayrılan vəsait hesabına zərər çəkmiş vətəndaşların qəzalı evlərinin əsaslı bərpası, tam uçmuş tikililərin əvəzinə yeni fərdi yaşayış evlərinin tikintisi, eləcə də yol, elektrik və su təchizatı kimi mühüm ictimai infrastrukturun yenidən qurulması insanların gündəlik həyatına, onların məişətinin normallaşmasına çox sürətli və müsbət təsir göstərəcək".
"Sənəd dərin elmi-mühəndislik yanaşmasına əsaslanır"
M.Məmmədli bildirib ki, Sərəncam yalnız anlıq həllərlə məhdudlaşmır. Sənəd dərin elmi-mühəndislik yanaşmasına əsaslanır:
"Zərurət yaranan ərazilərdə istinad divarlarının tikintisi, köhnəlmiş drenaj sistemlərinin tam müasirləşdirilərək təkmilləşdirilməsi, irihəcmli suötürücü xətlərin möhkəmləndirilməsi kimi qabaqlayıcı tədbirlər gələcəkdə oxşar halların, ekstremal təbiət hadisələrinin təsirinin tamamilə minimuma endirilməsinə xidmət edəcək. Bu isə qlobal iqlim dəyişikliklərinin mənfi təsirləri və artan yağıntı normaları fonunda ölkəmizin infrastruktur dayanıqlılığının, yaşayış məntəqələrimizin təhlükəsizliyinin artırılması baxımından olduqca vacibdir".
"Sərəncam ən qısa zamanda icra olunacaq"
Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, dünyanın ən inkişaf etmiş, güclü iqtisadiyyata malik ölkələri belə sel, daşqın, zəlzələ və ya torpaq sürüşməsi kimi təbiət hadisələrinin qarşısında bəzən aciz qalır:
"Lakin fəlakətin özündən daha vacib olan fundamental bir məsələ var - böhran anında və fəlakətdən dərhal sonra dövlətin nümayiş etdirdiyi reaksiya. Azərbaycan dövləti bu cür ağır sınaq anlarında, fors-major hallarda daima öz vətəndaşlarının yanında olur, onları təbiətin amansız zərbələri ilə heç vaxt tək buraxmır. Müvafiq Sərəncama diqqət etsək, görəcəyik ki, sənədin hər bir bəndinin arxasında birbaşa insan amili və humanizm prinsipləri dayanır. Təbii fəlakət və xüsusilə son aylar baş vermiş şiddətli sel-daşqınlar nəticəsində zərər çəkmiş vətəndaşlarımızın problemlərinin anında həlli, onlara dəymiş zərərin qarşısının alınması üçün dövlət büdcəsindən ciddi məbləğdə maliyyə vəsaiti ayrılıb. Dağılmış evlərinin bərpası, məişət şəraitinin yaxşılaşdırılması və kommunikasiya xətlərinin yenidən qurulması ən qısa zamanda icra olunacaq".
"Dövlət darda qalan hər kəsi xilas edir"
H.Babaoğlu bildirib ki, Azərbaycan Prezidentinin fəaliyyətinin mərkəzində vətəndaşların rifahı, onların sosial təminatı və təhlükəsizliyinin qorunması durur:
"Təbii fəlakət anında evini, əmlakını itirmiş, illərin zəhməti gözünün önündə məhv olmuş insanın ən çox ehtiyac duyduğu şey maddi yardımla yanaşı, həm də mənəvi dəstəkdir. O, dövlətin şəfqətli və qoruyucu əlini öz çiyinlərində hiss etməlidir. Dövlət başçısının bu qərarı məhz həmin mənəvi ehtiyacı ödəyir. Düşünürəm ki, bu Sərəncam bütövlükdə Azərbaycan cəmiyyətində böyük rəğbətlə, ictimai minnətdarlıqla qarşılanır. Bu gün kiminsə evini sel aparıbsa, sabah başqa bir bölgədə fərqli bir fəlakət yaşana bilər. Sərəncamın cəmiyyətə verdiyi ən böyük mesaj budur ki, coğrafiyadan və məkandan asılı olmayaraq, dövlət darda qalan hər kəsi xilas edir".
Deputatın fikrincə, Sərəncam vətəndaşların hər birinin özünü tam təhlükəsizlik mühitində hiss etməsini təmin edir. Vətəndaşda belə bir qəti düşüncə və arxayınlıq formalaşır ki, o, qlobal iqlim böhranlarının, dağıdıcı fəlakətlərin və müxtəlif xarakterli risklərin qarşısında tək deyil:
"Onun arxasında maddi və mənəvi zərərlərə qarşı özünü təminatlı hiss etdirəcək güclü, sosialyönümlü Azərbaycan dövləti dayanır".