RU

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları başlayıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 2 may, AZƏRTAC

Bu gündən Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov imtahan mərkəzlərində imtahan prosesinin təşkili ilə tanış olub, təhsilverənlərə uğurlar arzulayıb.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə alman, fransız, ingilis, rus dillərini, həmçinin Azərbaycan dili, Azərbaycan dili və Ədəbiyyatı, İnformatika fənləri üzrə tədris aparan təhsilverənlər cəlb olunacaq.

Test imtahanı Naxçıvan şəhər 4 və 11 nömrəli tam orta məktəblərdə, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılan imtahan mərkəzlərində təşkil olunub.

İmtahan mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
6
azertag.az

8Источники