RU

Vaşinqton görüşündən sonra Azərbaycan və ABŞ münasibətlərində əməkdaşlıq üçün yeni təkan formalaşıb - Emi Karlon

Vaşinqtondakı Zirvə görüşündən sonra Azərbaycan və ABŞ münasibətlərində əməkdaşlıq üçün yeni təkan formalaşıb.

Trend xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

"Azərbaycanın bu bölgəsinə gəlmək imkanı qazandığım üçün çox şadam. Mən əvvəllər nə Şuşada, nə də Laçında olmuşam, buna görə də bura gəlmək və vəziyyəti öz gözlərimlə görməkdən həqiqətən məmnunam",- deyə o bildirib.

E. Karlon qeyd edib ki, ötən il keçirilmiş Vaşinqton Zirvə görüşündən sonra Azərbaycan və ABŞ münasibətləri yeni təkan alıb.

"Nəzər nöqtəmizdə əlaqəlilik, ticari-iqtisadi inkişaf məsələləri, həmçinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq dayanır. Sazişin (Strateji Tərəfdaşlıq Xartiyası- red.) imzalanmasından sonra biz konkret layihələri həyata keçirmək və bu əməkdaşlığı praktik müstəvidə irəli aparmaq üçün texniki mütəxəssisləri və digər ekspertləri cəlb edirik", - deyə o əlavə edib.

Qeyd edək ki, 1 may 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb. Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Bu səfər diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə sayca iyirmi birinci səfəridir. Bu cür səfərlər həyata keçirilən layihələrin miqyası və əldə olunan nəticələr barədə obyektiv təsəvvürün formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Laçın rayonuna baş çəkiblər.

Избранный
54
day.az

1Источники