Şəki rayonunun ucqar Qozlubulaq kəndində canavarların təsərrüfatlara hücumu nəticəsində 30 başa yaxın qoyun-quzu tələf olub.
Hücum kənd sakini Orxan Babayevə məxsus təsərrüfat da daxil olmaqla bir neçə sakinin mal-qarasına ciddi ziyan vurub. İlkin məlumata görə, yırtıcılar xırdabuynuzlu heyvanların bir hissəsini parçalayaraq məhv edib, bir neçəsinə isə müxtəlif dərəcəli xəsarətlər yetirib.
Təsərrüfat sahibi Orxan Babayev bildirib ki, hadisə səhər tezdən baş verib. Onun sözlərinə görə, canavar hündürlüyü iki metrdən artıq olan hasarı aşaraq tövləyə daxil olub və 10 baş qoyunu yerindəcə məhv edib, daha 13 baş heyvana isə xəsarət yetirib. Yaralı heyvanların yaşaması sual altındadır. O, həmçinin canavarın bir baş qoyunu aparmasının şahidi olduğunu qeyd edib.
O.Babayev əlavə edib ki, ailə bütün vəsaitini qoyunçuluğun inkişafına yönəldib və təsərrüfatın saxlanılması üçün xeyli xərc çəkib. Onun sözlərinə görə, dəyən ziyanın məbləği təxminən 20 min manat təşkil edir.
ZÜMRÜD