Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı bu günlərdə yenə rənglərin, naxışların və mədəni yaddaşın kəsişdiyi bir məkana çevrilib. 1-3 may tarixlərini əhatə edən “Beynəlxalq Xalça Festivalı” paytaxtın ürəyi sayılan qədim İçərişəhəri sanki açıq səma altında bir muzeyə bənzədib. Günəşli bir həftə sonunda eyvanlardan asılan xalça nümunələri, bir-birindən müxtəlif ornamentləri özündə əks etdirən kompozisiyalarla birlikdə İçərişəhərin ümumi mənzərəsinə xüsusi rəng qataraq festivalın ab-havasını daha da canlandırır.
Modern.az Bakıda keçirilən “Beynəlxalq Xalça Festivalı”ndan reportajı təqdim edir:
Dünyanın müxtəlif ölkələrindən olan turist və iştirakçıları özünə cəlb edən festivalın əsas ünvanlarından biri olan Qoşa Qala meydanında qurulan pavilyonlar daha çox diqqət çəkir. Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Pakistan, İran, Nepal və Meksikadan gələn sənətkarlar burada öz xalçaçılıq ənənələrini nümayiş etdirirlər. Hər pavilyonda ustalar ziyarətçilərlə ünsiyyət qurur, onlar xalçaların hazırlanma mərhələləri, istifadə olunan təbii boyalar və naxışların daşıdığı məna barədə ətraflı məlumat verirlər.
Ziyarətçilər isə yalnız sərgiləri seyr etməklə kifayətlənmir, habelə xalçaların üzərindəki incə detalları yaxından izləyir, toxuculuq ustalarına suallar ünvanlayır, bəzən isə prosesin bir hissəsinə çevrilərək, görülən işlərlə daha yaxından tanlş olmaq istəyirlər. Xüsusilə canlı toxuculuq nümayiş olunan pavilyonlarda maraq daha da artır. Ustaların ilmə-ilmə toxuduğu xalçalar bu sənətin nə qədər zəhmət və səbir tələb etdiyini açıq şəkildə göstərir və müxtəlif yaş qruplarından olan insanların diqqətini özünə cəlb edir. Qədim daş divarlar arasında, xalçaların dili ilə danışan paytaxtımızda mən də müxtəlif ölkələrdən gələn iştirakçılarla həmsöhbət olduq.
Türkiyədən gələn Fahri Solakla söhbətimiz də elə belə məqamlardan birində baş tutdu. Fahri Solakın sözlərinə görə, bu, onun Azərbaycana ikinci səfəridir.
"İlk dəfə 2017-ci ildə Bakıya gəlmişdim və elə həmin vaxt da burada keçirilən xalça festivalında iştirak etmişdim. Doqquz ildən sonra yenidən Can Azərbaycana gəldim və bu müddətdə ölkədə daha da böyük inkişafın şahidi oldum.
Mən həm bələdiyyə sədriyəm, həm də xalçaçılıqla məşğul oluram. Bu baxımdan deyə bilərəm ki, Azərbaycanda xalçaçılıq sənətinə göstərilən diqqət və dövlət dəstəyi xüsusi təqdirəlayiqdir. Bu sahənin inkişafı üçün görülən işlər aydın formada hiss olunur".
Qardaş Türkiyədən festivala qatılan müsahibimizin fikrincə, festival yüksək səviyyədə təşkil olunub:
"Burada xalçaya sadəcə bir məişət əşyası kimi yox, mədəni irs nümunəsi kimi yanaşılır. Xalçaların müxtəlif formalarda - yerdə sərilmiş, divardan və digər məkanlardan asılmış şəkildə nümayişi də bu sənətin təqdimatı baxımından tamamilə təbiidir.
Müşahidələrimə əsasən, bu formatda və bu miqyasda təşkil olunan xalça festivalına başqa ölkələrdə rast gəlməmişəm. Bu, Azərbaycan üçün böyük uğurdur. Sonda isə bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm".
Bir qədər irəlidə Gürcüstandan qatılan iştirakçı Zaur Xəlilov ziyarətçilərə Borçalı xalçaları haqqında məlumat verir...
“Biz Azərbaycanda keçirilən xalça festivalında artıq ikinci dəfədir iştirak edirik. Burada Borçalı xalçalarını təqdim edir və tanıdır, eyni zamanda xalça mədəniyyətinin qorunmasına töhfə veririk. Festivalda Borçalı xalçalarının müxtəlif növlərini görmək mümkündür. Bunlara "Qaraçöp", "Dağ Borçalı" kimi ayrı-ayrı toxunuş üslubları daxildir. Xüsusilə “Əjdahalı Borçalı” xalısı dünyada tanınan nümunələrdəndir. Bundan başqa, Faxralı, Namazlı kimi xalça növləri də nümayiş olunur.
Nümunə olaraq, xalçalara diqqət yetirdikdə onun üzərində müxtəlif rəmzləri görmək mümkündür. Xalçalardan birinin üzərində yarpaq motivləri əks olunub. Bu cür xalçalar adətən ana tərəfindən qızına cehiz kimi hədiyyə olunur. Yarpaq və çiçək təsvirləri ananın qızına həyatının rəngarəng, gül-çiçəkli olmasını arzuladığını ifadə edir.
Eyni zamanda xalçaların bir digərində də əjdaha fiquru da yer alır. Əjdaha ailəni bəd nəzərdən qoruyan simvol kimi qəbul edilir. Bu fonda, it təsvirləri də diqqəti cəlb edir. İt həm qoruyucu, həm də ailənin bir üzvü kimi qəbul olunur və xüsusilə tərəkəmə həyat tərzində ayrılmaz yer tutur.
Bundan əlavə, xalçada çiçək motivləri də geniş yer alır ki, bu da, həyatın gözəllik və bolluq içində keçməsi arzusunu simvolizə edir. Əslində, ənənəvi olaraq burada dəvə fiquru da olmalı idi. Lakin bu xalçalar sifariş əsasında toxunduğuna görə həmin element bu nümunələrdə yer almır".
Meksikanı təmsil edən Leticia Ruiz Gutierrezlə də Meksika pavilyonunda söhbətləşdik. O, öz təəssüratlarını belə ifadə etdi:
“Meksikanı təmsil edərək Beynəlxalq Xalça Festivalında ilk dəfə iştirak etdiyim üçün çox xoşbəxtəm. Burada olmaq və hazırladığımız xalçaları təqdim etmək həqiqətən çox gözəldir. Xalçalarımızda təbii, orqanik boyalardan istifadə edirik - müxtəlif çiçəklər və s. Yəni bir sözlə desək, hər şey tamamilə təbiidir.
Burada olduğum üçün çox, çox həyəcanlıyam, çünki Bakı çox möhtəşəm bir şəhərdir. Bu, mənim Azərbaycana ilk səfərimdir. Mən özüm isə Meksikanın Oaxaka bölgəsində yerləşən Teotitlán del Valle kəndindənəm".
Qazaxıstandan gələn Maryam Qafurova ilə həmsöhbət olarkən, o da, xalça festivalının milli mədəni dəyərlərin qorunması və nümayişi baxımından çox önəmli olduğunu vurğuladı:
“Bu platforma sayəsində dünyanın müxtəlif yerlərindən gələn insanlar bu gözəl əl işlərini və xalçaları təqdim etməklə, ilk növbədə, öz irsini tanıdır. Festival bizi ruhlandırmaqla yanaşı, həmçinin bizləri bir araya gətirir, əsas mövzular ətrafında danışmağa imkan yaradır və dünyanın müxtəlif yerlərindən olan insanları bu gözəlliyi görməyə və paylaşmağa cəlb edir".
Qazaxıstanı təmsil edən həmsöhbətimiz bundan öncə də Azərbaycana səfər etdiyini söylədi:
"Azərbaycana ilk səfərim deyil. Ötən il burada olmuşdum, beynəlxalq konsertlərdən birində iştirak edirdim. Həmin səfərim çox gözəl keçdi. Xalça Muzeyini və Milli Muzeyi çox bəyəndim. O zaman qərara gəldim ki, mütləq yenidən qayıdacağam. Azərbaycanın milli mətbəxi çox dadlıdır, yeməklər möhtəşəmdir. Şəhər çox rahat və səmimidir, hətta deyərdim ki, küçələr belə insana xoş təsir bağışlayır. Buna görə də Azərbaycana bir daha gəlmək istərdim".
Pakistanlı Bas Bibi isə öz ölkəsində xalça müəllimi kimi çalışdığını və tələbələrə xalça toxuculuğunu öyrətdiyini vurğuladı:
"Bu festivala gətirdiyim məhsullar yalnız xalçalardan ibarət deyil. Burada həm də əl işlərim - pulqabılar, milli papaqlar və digər sənət nümunələri var. Təqdim etdiyim xalçaların hamısı yun materialdandır və tamamilə əl ilə toxunub. Hər biri böyük zəhmət və sevgi ilə hazırlanıb.
Bu, Azərbaycana ilk səfərimdir və ölkəmi burada ilk dəfə təmsil edirəm. Açığı, buradan çox razı qaldım. Azərbaycan xalqı çox mehriban, sakit və səmimi bir xalqdır. Özümü burada çox rahat hiss etdim və bu səfər mənim üçün unudulmaz təcrübə oldu".
...Festival boyu gəzdikcə mənim üçün ən təsirli məqam xalçaların “danışması” oldu. Hər bir naxışın, hər bir rəngin arxasında əl əməyi, göz nuru, böyük zəhmət dayanır. Hətta deyərdim ki, bəzən sadəcə bir xalçaya baxmaq kifayət idi ki, onun hansı coğrafiyaya, hansı mədəniyyətə aid olduğunu hiss edəsən.
Xalçaçılıq nümunələri ilə yanaşı, qədim küçələrdə Azərbaycanın milli mətbəxinə dair nümunələr, eləcə də müxtəlif atribut və simvollar da diqqət çəkir Pavilyonların ətrafında təqdim olunan ənənəvi təamlar və milli elementlər turist və qonaqlarda ölkənin mədəni mühitinə daha yaxından bələd olmaq imkanı yaradır. Azərbaycan bu cür beynəlxalq səviyyəli festivala ev sahibliyi edərək yalnız xalçaçılıq sənətini deyil, bütövlükdə zəngin mədəni irsini nümayiş etdirərək bütün dünyaya tanıdır. Beləliklə, festival müxtəlif sahələri bir araya gətirərək həm mədəni inteqrasiya və təqdimat, eləcə də ölkələrarası canlı ünsiyyət platformasının qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.


















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.