Cəmiyyətdə görünən sakitlik bəzən real vəziyyəti tam əks etdirmir.
İnsanlar çox vaxt narazı olduqları məsələləri açıq şəkildə ifadə etmir. Problemlər barədə danışılır, amma bu danışıq real dəyişikliklərə çevrilmir. Buna görə də həm narazılıq qalır, həm də hər şey sanki normaldırmış kimi görünür.
"Cebheinfo.az"-ın araşdırmasına əsasən bu vəziyyət “səssiz razılıq cəmiyyəti” kimi xarakterizə olunur.
Məsələn, iş mühitində bir çox insan əlavə iş yükü, gecikən maaş və ya qeyri-bərabər yanaşmadan narazı olur.
Amma bunu açıq şəkildə deməyə çəkinir. Çünki insanlar çox vaxt işini itirməkdən, rəhbərliklə münasibətlərin pozulmasından və ya problemli işçi kimi görünməkdən ehtiyat edirlər.
Zamanla “onsuz da dəyişən bir şey yoxdur” düşüncəsi yaranır. Bir sözlə narazılıq var, amma kollektiv tələb formalaşmır.
Təhsil sahəsində valideynlər repetitor qiymətlərinin bahalığından, dərs yükündən və imtahan yönümlü təhsildən narazıdırlar. Amma alternativ tələb etmək və ya sistemə təsir etmək əvəzinə, mövcud vəziyyətə uyğunlaşırlar. Yəni hamı problemi bilir, amma sistem olduğu kimi davam edir.
Problemin bir digər tərəfi, nəqliyyat və səhiyyə kimi yerlərdə insanlar tez-tez keyfiyyətsiz xidmətlə qarşılaşır.
Həmçinin, qiymət artımı və gəlirlərin uyğun olmaması geniş narazılıq yaradır. İnsanlar məhsulların bahalaşmasından danışır, müqayisə aparır, amma bu narazılıq çox vaxt ictimai tələbə çevrilmir.