RU

Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

Mayın 2-də Heydər Əliyev Mərkəzində tələbələrlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində təşkil olunan görüşün məqsədi Ulu Öndərin irsinin dərindən öyrənilməsi və təbliği, eləcə də ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” olması nəzərə alınaraq, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda formalaşmış memarlıq məktəbi haqqında, şəhərsalma üzrə həyata keçirilmiş irimiqyaslı işlər, bu sahədə milli irsin qorunması baxımından aparılan siyasət barədə gənc nəsli maarifləndirməkdir.

Görüşdə tanınmış heykəltaraş, Xalq rəssamı Ömər Eldarovun yaradıcılığı, onun Azərbaycan memarlıq və təsviri sənətində rolu, eləcə də Ümummilli Liderin mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələr barədə müzakirələr aparılıb.

Heydər Əliyev Mərkəzində müxtəlif sahələri, o cümlədən mədəniyyət və incəsənət sahələrini əhatə edən tədbirlərin təşkil olunduğunu qeyd edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov heykəltaraşlıq nümunələrinin nümayişinin keçirildiyini də diqqətə çatdırıb: "Ömər Eldarov daim bizə bu məsələlərdə dəstək olur. Bu günlərdə biz Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondu olaraq Ulu Öndərin doğum günü ilə bağlı silsilə tədbirlər keçiririk. Bizim üçün qürurlu bir gündür ki, bu gün siz Heydər Əliyev Mərkəzində xüsusi hazırlanmış bir tədbirdə iştirak edirsiniz".

Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Ömər Eldarov onun çox müdrik lider, ünsiyyətcil və səmimi bir insan olduğunu deyib. Ümummilli Liderin incəsənətə olan marağından bəhs edən Xalq rəssamı Heydər Əliyevin rəssam olmaq arzusundan danışıb, doğmaları arasında tanınmış rəssam və memarın olduğunu qeyd edib. O, Ulu Öndərin sərgiləri ziyarət etdiyini, təsviri incəsənət barədə fikir mübadiləsi apardığını bildirib.

Görüş zamanı, həmçinin videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda sənətkarın zəhmətkeşliyinə və əzmkarlığına verilən yüksək qiymət, Ulu Öndərin Ömər Eldarovla yaradıcılıq prosesi, əsərlərin konsepsiyası ilə bağlı dialoqu, Azərbaycan heykəltaraşlıq məktəbinin rolu əks olunub.

Qeyd edək ki, “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” layihəsi Ulu Öndərlə yaxın ünsiyyətdə olmuş, onunla sıx təmasda fəaliyyət göstərmiş tanınmış şəxslərin iştirakı ilə reallaşan ilk tədbirlərdən biridir. Həmin silsiləyə Ömər Eldarovun yaradıcılığına müraciət etməklə start verilməsi də təsadüfi deyil. Yaradıcılıq hər dövrdə təkcə estetik zövqün formalaşmasına deyil, həm də xalqlar arasında dostluq körpüsünün qurulmasına xidmət edib. Ümummilli Lider Heydər Əliyev isə Ömər Eldarovun sənətini “insanlıq və mədəniyyət rəmzi” adlandırıb.

Layihə gənc nəslin milli-mədəni irsə marağının artırılması, onların estetik zövqünün formalaşdırılması və ölkəmizin memarlıq və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Görüş çərçivəsində Xalq rəssamı tədbir iştirakçılarının suallarını cavablandırıb.

Избранный
10
11
azerbaijan-news.az

10Источники