RU

257 nömrəli məktəbdəki insidentlə bağlı XƏBƏRDARLIQ EDİLDİ: Tez-tez rast gəlinir...


Xəbər verdiyimiz kimi, Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbdə şagirdlərdən birinin gətirdiyi nəm salfetdən allergik hal yaranıb.
Hadisə ilə əlaqədar polisə məlumat verilib və Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırmasına başlanılıb.

Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.

Tibb elmləri doktoru Adil Qeybulla Bakupost.Az-a bildirib ki, nəm salfetin tərkibində müxtəlif çirkləri, yağları və makiyajı həll etmək, həmçinin səthi təmizləmək üçün müxtəlif üzvi həlledicilər, səthi aktiv maddələr və digər kimyəvi birləşmələr olur:

“Yaş salfetlər müxtəlif firmalar tərəfindən istehsal olunur. Onların tərkibindəki maddələr salfetin təmizləyici funksiyasını artırır. Bu məhsullar dermatoloji testlərdən keçirilir. Bəzən isə istehsal zamanı keyfiyyət məsələlərinə əməl edilmir”.

Həkimin sözlərinə görə, nəm salfetdən yaranan allergik hal atopik dermatit xəstəliyinə səbəb ola bilər:

“O, qida təhlükəsizliyi kimi bir məsələdir. Atopik dermatit dərinin xroniki, residivləşən, qaşıntılı və iltihablı xəstəliyidir, həmçinin zəhərlənməyə səbəb ola bilər. Bu xəstəlik dəri baryerinin zəifləməsi, immun sisteminin həddindən artıq reaksiyası və genetik faktorların təsiri nəticəsində yaranır. Ən xarakterik əlaməti şiddətli qaşıntıdır ki, bu da xəstənin həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər. Atopik dermatitdən əziyyət çəkənlərin ailəsində tez-tez astma və ya allergik hallara rast gəlinir. Xəstəlik uzunmüddətlidir, dövri olaraq kəskinləşir və sakitləşir”.

Ekspert qeyd edir ki, həmin xəstəliyin müalicəsi üçün nəmləndirici kremlər (emolyentlər), kortikosteroid tərkibli kremlər və bəzən antihistamin preparatlardan istifadə olunur.

Rüfət Sultan

Избранный
26
1
gender.az

2Источники