ain.az, Sherg.az portalına istinadən məlumat verir.
"Hər 3 nəfərdən birinin kredit borcu var. Kredit borcu olan vətəndaşların sayı, rəsmi əmək müqaviləsi ilə çalışan insanların sayından, hardasa, 500 min nəfər çoxdur"
Bu ilin ilk rübündə kredit kartları vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 27%-ə yüksəlib. Müqayisə üçün: 2025-ci ilin eyni dövründə kartla verilən kreditlər üzrə faiz dərəcəsi 25% təşkil edib. Mövcud durumu şərh edən iqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasınd qeyd etdi ki, vətəndaş “kredit vergisi” altında əzilir. “De-jure” olmasa da, faktiki olaraq kredit faizləri “vergi” növüdür, yükdür:
- Rüblük olaraq məişət avadanlıqlarının alınması ilə bağlı kreditlər üzrə faiz dərəcəsi 26%, yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 18%, avtomobil kreditləri üzrə isə 13% səviyyəsində formalaşıb. Müqaisə üçün bildirim ki, 2025-ci ilin birinci rübündə yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 16% və avtomobil kreditləri üzrə isə 12% səviyyəsində idi. İstehlak kreditlərinin ümumi həcmi 31 mart 2026-cı il tarixinə 9,5 mlrd. manat təşkil edib. Yəni, vətəndaşın tək istehlak kreditlərinə görə 10 mlrd. manata yaxın borc yükü və ölkədə uşaqlı-böyüklü hamını nəzərə alsaq, hər 3 nəfərdən birinin kredit borcu var. Kredit borcu olan vətəndaşların sayı, rəsmi əmək müqaviləsi ilə çalışan insanların sayından, hardasa, 500 min nəfər çoxdur.
Bu rəqəmlər ölkə iqtisadiyyatında iqtisadi alətlərin işləmədiyinin əyani sübutudur: Mərkəzi Bank doğru olaraq uçot faiz dərəcələrini aşağı salır – məntiqlə, kredit faizləri paralel olaraq ucuzlaşmalıdır, amma, ölkədə normal, hesab-kitabla ölçülə bilən, elmi yanaşma ilə izahı olan iqtisadi model olmadığına, iqtisadiyyat hüquqşünaslar tərəfindən “əl ilə” idarə olunduğuna görə kredit faizləri artır. Başqa sözlə, bu iqtisadi model effektiv, sürdürüləbilən deyil.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.