BAKI, 3 may. TELEQRAF
Koreya Xalq Demokratik Respublikası ABŞ-nin Pxenyanın kibertəhdid yaratdığı ilə bağlı iddialarını rədd edərək, bunları böhtan kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatı Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən yayılıb.
Bəyanatda qeyd olunur ki, ABŞ-də dərc edilən kibertəhdidlə bağlı məlumatlar Vaşinqtonun Pxenyana qarşı düşmən siyasətinin davamıdır.
“ABŞ-də guya hansısa tərəfdən kibertəhdid olması ilə bağlı yayılan materiallar ölkəmizə qarşı düşmən siyasətin davamıdır. Bu, siyasi məqsədlərlə dezinformasiya yaymaqla respublikamızı gözdən salmağa yönəlmiş əsassız böhtandır”, – deyə açıqlamada bildirilir.
KXDR tərəfi həmçinin iddia edib ki, Vaşinqton dövlət qurumları, media və müxtəlif təşkilatlar vasitəsilə ölkəni müxtəlif ölkələrdə baş verən kibercinayətlərlə əsassız şəkildə əlaqələndirməyə çalışır.