RU

İlk dəfə 21 yox, 42... Fotolar

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2026” təşkil olunub.

“Qafqazinfo”nun məlumatına görə, Bakı marafonu bu il də şəhərin müxtəlif nöqtələrində toplaşan tamaşaçıların diqqət mərkəzində olub.

Tamaşaçılar bildiriblər ki, marafon yalnız iştirakçılar üçün deyil, izləyənlər üçün də maraqlı və dinamik görüntülər təqdim edir. Onların sözlərinə görə, küçələrdə yaranan enerji, iştirakçıların motivasiyası və tamaşaçı dəstəyi tədbiri daha da canlı edir.

İzləyici Gülnar İsmayılzadənin sözlərinə görə, hava soyuq olsa da, əyləncə o qədər gözəl təşkil olunub ki, buradan ayrılmaq istəmir:

“Ailəmlə gəlmişəm, uşaqlar üçün də maraqlıdır. Çox əylənirlər. Hər il gəlirik. Belə tədbirlər şəhərə fərqli ab-hava qatır. Təşkilatçılıq yüksək səviyyədədir”.

Marafona könüllü olaraq qatılan Aydan İslamova deyir ki, belə tədbirlər gənclər üçün olduqca önəmlidir:

“Atmosfer çox canlıdır, hər kəsdə yüksək enerji hiss olunur. Musiqi və əyləncə tədbiri daha da rəngarəng edir. Bu cür tədbirlər şəhərin sosial həyatına müsbət təsir göstərir, insanları bir araya gətirir və sağlam həyat tərzinə marağı artırır. Hər il təşkil olunması çox gözəldir”.

Tamaşaçı Sevinc Mamedova isə bildirir ki, ikinci dəfədir marafonda iştirak edir:

“Həm dəstək, həm də konserti izləmək üçün gəlmişik. Maraqlıdır, burada həm yarışın həyəcanını, həm də əyləncə proqramını birlikdə yaşamaq olur”.

Fəxri iştirakçı Səhər Mehman bu il marafona izləyici kimi qatıldığını bildirib. O qeyd edib ki, 8 il iştirakçı kimi yer alsa da, bu dəfə dostlarına dəstək olmaq üçün gəlib:

“Uzun illərdir marafonun iştirakçısı olmuşam, bu il isə izləyici kimi qatıldım. Dostlarıma dəstək üçün gəlmişəm. Çox maraqlıdır, burada vaxtı səmərəli və xoş keçirmək olur. Müxtəlif oyunlar, yarışlar təşkil edilib. Konsert proqramı da çox yüksək səviyyədədir, hər şey əladır”.

Tamaşaçıların fikrincə, Bakı marafonu artıq şəhərin ənənəvi və gözlənilən tədbirlərindən birinə çevrilib və hər il daha çox insanı özünə cəlb edir.

Qeyd edək ki, bu il ilk dəfə 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb. Artıq doqquzuncu dəfədir təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
9
qafqazinfo.az

10Источники