Almaniya kansleri Fridrix Merts ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu azaltmaq qərarının prezident Donald Trampla İran məsələsi ilə bağlı fikir ayrılıqları ilə əlaqəli olduğuna dair iddiaları rədd edib.
"Report" xəbər verir ki, bu barədə Almaniya kansleri "ARD"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Berlin nəzərə almalıdır ki, Amerika prezidenti bir sıra beynəlxalq məsələlərdə fərqli mövqeyə malik ola bilər. Lakin kansler vurğulayıb ki, bu, ABŞ-nin Almaniya və NATO üçün strateji əhəmiyyətini inkar etmir.
"Amerika prezidentinin bu məsələlərə bizdən fərqli baxdığını qəbul etməliyəm. Lakin bu, ABŞ-ni bizim üçün vacib tərəfdaş olaraq qalmasına dair inamımı dəyişmir".
Kansler daha əvvəl Vaşinqtonun İran ətrafındakı vəziyyətə yanaşmasını tənqid edərək, Tramp administrasiyasının Yaxın Şərq böhranını həll etmək üçün aydın bir planının olub-olmadığını şübhə altına almışdı.
Buna cavab olaraq ABŞ prezidenti Mertsi "səmərəsiz" lider adlandırmışdı.