RU

ABŞ-nin 25 faiz tarifləri Almaniyanın avtomobil sənayesinə ildə 2,5 milyard avroya başa gələ bilər

ABŞ-nin Avropa İttifaqından idxal olunan avtomobillərə tətbiq etməyi planlaşdırdığı 25 faizlik tariflər Almaniyanın avtomobil sənayesinə ildə təxminən 2,5 milyard avro əlavə yük yarada bilər.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  bu barədə Bohumdakı Avtomobil Tədqiqatları Mərkəzinin hesablamalarında bildirilir.

Mərkəzin direktoru Ferdinand Dudenhöffer Vaşinqtonun bu addımlarının açıq şəkildə Almaniyaya yönəldiyini qeyd edib. Onun sözlərinə görə, “xarici avtomobil istehsalçılarının ABŞ-ə ixracı məhdud olduğundan, Donald Trampın tariflərlə bağlı yeni təhdidləri Almaniyaya qarşı iqtisadi müharibənin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Almaniya Sənaye Assosiasiyası da vəziyyətə münasibət bildirib. Assosiasiyanın açıqlamasında qeyd olunur ki, “Amerika tərəfinin getdikcə artan təxribatları qarşılıqlı etimadı sarsıdır”.

Vurğulayıb ki, Aİ ilə ABŞ arasında ticarət münasibətləri qarşılıqlı hörmət prinsipi əsasında qurulmalıdır. “Avropa qanunvericiliyi və ticarət siyasəti şəffaf hüquqi prosedurlar vasitəsilə formalaşır və əsas sənaye sahələrinə qarşı elan olunmamış cəzalarla təzyiq göstərmək cəhdləri yersizdir”, — deyə bəyanatda bildirilir.

Qeyd edək ki, mayın 1-də ABŞ Prezidenti Donald Tramp Amerika bazarına idxal olunan minik və yük avtomobillərinə tətbiq edilən rüsumların 25 faizə qaldırılacağını açıqlayıb. (Azərtac)

Избранный
3
1
fed.az

2Источники