RU

Rusiyada nə baş verir? - Putinin təhlükəsizliyi gücləndirildi

BAKI, 4 may. TELEQRAF

Yüksək vəzifəli hərbçilərin qətlə yetirilməsi və mümkün çevriliş qorxularının artması fonunda Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi ciddi şəkildə gücləndirilib.

Teleqraf xəbər verir ki, bu barədə CNN- in əldə etdiyi kəşfiyyat hesabatında bildirilir.

Kəşfiyyat hesabatında Rusiya liderinə yaxın şəxslərin evlərində müşahidə sistemlərinin quraşdırıldığı və aşpazlardan tutmuş fotoqraflara qədər işçilərin ictimai nəqliyyatdan istifadəsinin qadağan edildiyi deyilir. Bütün ziyarətçilər ikiqat yoxlanılır və ona yaxın işçilər yalnız internetə çıxışı olmayan telefonlardan istifadə edə bilərlər.

Təhlükəsizlik tədbirləri 2025-ci ildə yüksək vəzifəli generalların öldürülməsindən sonra gücləndirilib, bu da Rusiya təhlükəsizlik qüvvələri arasında gərginliyi daha da artırıb.

Vladimir Putin hərəkətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb, Moskva vilayəti və Valdaydakı ənənəvi iqamətgahlarına səfərlərini dayandırıb və bu il hərbi obyektlərdə görünməyib. Bunun əvəzinə, Kreml onun əvvəlcədən yazılmış videogörüntülərini yayımlayır.

Mənbələrə görə, Rusiya lideri mütəmadi olaraq, xüsusən də Krasnodar vilayətində modernləşdirilmiş bunkerlərdə vaxt keçirir.

Hesabatda qeyd olunur ki, 2026-cı ilin mart ayından bəri Kreml sui-qəsd və ya çevriliş cəhdi riski ilə bağlı ciddi narahatdır. Xüsusi narahatlıq dronlar və Rusiya elitası tərəfindən sui-qəsd cəhdi ehtimalı ilə əlaqəlidir.

Kəşfiyyat hesabatında Rusiya Təhlükəsizlik Şurasının katibi, kemiş müdafiə naziri Sergey Şoyqu ayrıca olaraq vurğulanır və hərbi komandanlıqdakı təsiri səbəbindən hakimiyyətin sabitliyinə potensial risk kimi görülür. Amma bu iddia üçün dəlil təqdim edilmir.

CNN xatırladır ki, Vladimir Putin artıq 2023-cü ildə “Vaqner” qruplaşmasının keçmiş lideri Yevgeni Priqojinin çevriliş cəhdindən salamat çıxa bilib.

Hesabatda təhlükəsizlik qüvvələri arasında daxili mübahisələr də təsvir olunur. 2025-ci ilin sonlarında general-leytenantın öldürülməsindən sonra Baş Qərargah rəisi Valeri Gerasimov Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikovu təhlükəsizlik sahəsindəki uğursuzluqlara görə sərt tənqid etmişdi. Buna cavab olaraq Putin FSB-nin səlahiyyətlərini genişləndirərək, daha on yüksək rütbəli komandanın mühafizəsini ona həvalə etmişdi.

Mənbələrə görə, təhlükəsizlik tədbirlərinin artırılması mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına edilən dəyişikliklərlə üst-üstə düşür. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, bu il tədbir ağır texnikaların iştirakı olmadan keçiriləcək.

Rusiya Prezidentinin şəxsi təhlükəsizliyini ölkənin ən məxfi strukturlarından biri olan Federal Təhlükəsizlik Xidməti təmin edir. Xidmət təkcə fiziki mühafizədən deyil, həm də yaşayış yerlərinin, nəqliyyatın və rabitənin təhlükəsizliyindən məsuliyyət daşıyır.

CNN əlavə edir ki, Putinin təcrid səviyyəsi COVID-19 pandemiyasından bəri kəskin şəkildə artırılıb, şəxsi əlaqələri məhdudlaşdırılıb, ziyarətçilər ciddi şəkildə yoxlanılır, tez-tez bunkerlər də daxil olmaqla təhlükəsiz obyektlərdən istifadə edir. Rusiya liderinin həmçinin xüsusi rabitə, yoxlanılmış işçi heyəti və hərəkətləri üzərində sərt nəzarəti özündə birləşdirən çoxqatlı təhlükəsizlik sisteminə malik olduğu da məlumdur.

Açıq mənbələrə görə, mühafizəçilər xüsusi avadanlıqlardan istifadə edirlər: güllə və qəlpələrdən qoruya bilən zirehli çətirlər,qoruyucu qalxanlara çevrilən çamadanlar , eləcə də tapançalar və snayperlər...

Избранный
19
teleqraf.com

1Источники