RU

ABŞ Zəngəzur üçün HƏRƏKƏTƏ keçdi – 90 gün sonra...

ABŞ Konqresi TRIPP (Zəngəzur dəhlizi) üçün maliyyə vəsaiti ayırır. Belə ki, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin 2027-ci maliyyə ili üçün qəbul etdiyi qanun layihəsi Cənubi Qafqaz ölkələrinə də genişləndirilmiş maliyyə yardımını nəzərdə tutur. Sənəddə Trampın Beynəlxalq Sülh və Rifaha Doğru Yolu (TRIPP) layihəsinin həyata keçirilməsinə toxunularaq deyilir: “Komitə ABŞ-ın Cənubi Qafqazda davamlı sülhün təşviqi, eləcə də region ölkələrinin təhlükəsizliyinin və rifahının gücləndirilməsi səylərini qətiyyətlə dəstəkləyir”.

Zəngəzur

Qanunun qəbulundan sonra ABŞ dövlət katibi 90 gün ərzində TRIPP proqramı çərçivəsində vəsaitlərin ayrılması və görülən tədbirlər barədə ətraflı hesabatı Konqresə təqdim etməlidir. Hesabatda investisiya maliyyələşdirməsi təmin edənlər də daxil olmaqla, icraçı tərəfdaşlar müəyyən edilməli və TRIPP proqramının qurulmasına, inkişafına və uğurlu fəaliyyətinə dəstək verməkdə İnkişaf Maliyyə Korporasiyası (DFC) və Ticarət və İnkişaf Agentliyi kimi digər müvafiq federal qurumların rolunu təsvir etmək lazımdır. Göründüyü kimi, maliyyə iki Cənubi Qafqaz ölkəsi üçün nəzərdə tutulub.

Bəs Zəngəzur dəhlizi üçün nəhayət, əməli işə keçildiyini söyləmək mümkünmü? İranla postmünaqişə dövründə koridorun işə düşməsinə qarşı nə kimi əngəllər var?

Professor Elxan Mirzəyev ABŞ tərəfindən ayrılacaq vəsaitin texniki məsələlərin həllinə yönələcəyini gözləyir. “Tramp marşrutu”nun reallaşması üçün Ermənistandakı seçkilərdən sonra proseslərin sürətlənəcəyini proqnozlaşdıran E.Mirzəyev hesab edir ki, bu layihənin işə düşməməsi mümkün deyil: “Avropa İttifaqının baş diplomatı Kaya Kallas da İrəvandakı sammitdə Orta dəhlizin əhəmiyyətini bir daha vurğuladı. Bu mənada, Zəngəzur dəhlizi də bu logistikanın bir hissəsi olduğu üçün dünya güclərinin marağındadır. Sadəcə, Ermənistan dəmiryolları ilə bağlı problemini həll etməlidir. Amma Rusiya buna imkan vermir. Hər halda, Naxçıvana maneəsiz keçidimizin reallaşması qaçılmazdır”.

Tramp

E.Mirzəyev ABŞ-nin bu razılaşmanı çıxdaş etmədiyini düşünür: “Bəzi gözləntilər var idi ki, İran müdaxilə edəcək. Bu yanaşmada həqiqət payı olsa belə, Tehranın müqavimət üçün əvvəlki gücü qalmayıb. Sonuncu müharibə İranı xeyli zəiflədib. Onun Orta dəhlizin bir parçası olan Zəngəzur proyektinə əngəl olması inandırıcı görünmür. Yəni İran nə edə bilər? Qoşun yeridəcək, yoxsa təxribata əl atacaq? Bu, Tehrana baha başa gələ bilər”.

Emil Salamoğlu
Musavat.com

Избранный
18
musavat.com

1Источники