RU

® Mərkəzi Gömrük Hospitalında kardiologiya mövzusunda növbəti seminar

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında növbəti cümə seminarı keçirilib.

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev salamlama nitqi ilə çıxış edərək mütəmadi olaraq həyata keçirilən cümə seminarlarının rezidentlərin nəzəri və praktiki bacarıqlarının artırılmasında cümə seminarlarının vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, kardiologiya sahəsində aktual və klinik praktikada geniş rast gəlinən mövzulara həsr olunan seminarın iştirakçılar arasında bilik mübadiləsi üçün mühüm platforma olduğunu vurğulayıb.

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzman invaziv kardioloq İlqar Tahiroğlu və hospitalın Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi, ürək-damar cərrahı Elməddin Əliyevin moderatorluğu ilə həyata keçirilən seminarda rəis müavini, kardioloq Nabil Seyidov “Kəskin dekompensasiya olunmuş ürək çatışmazlığının menecmenti” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda bu klinik vəziyyətin erkən diaqnostikası, müasir müalicə yanaşmaları və xəstələrin effektiv idarə olunması prinsipləri ətraflı şəkildə izah olunub.

Daha sonra Kardiologiya şöbəsinin kardioloqu Emin Allahverdiyev “Aşağı dəqiqəlik ürək atımı (CO) sindromları” mövzusunda çıxış edərək, bu sindromların patofiziologiyası, diaqnostik meyarları və müasir müalicə üsulları barədə ətraflı məlumat verib.

Mərkəzi Gömrük Hospitalının həkim və rezidentlərinin iştirak etdiyi seminar interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə mütəmadi olaraq həyata keçirilən cümə seminarları müxtəlif ixtisaslar üzrə həkimlər və rezidentlər üçün nəzərdə tutulub, onların peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Избранный
2
2
azertag.az

3Источники