RU

Polkovnikin oğlunu qətlə yetirən şəxs: "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rihat Cəfərovun cinayət işinin bəzi detalları məlum olub.

"Cebheinfo.az" Pravda.az-a istinadən xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, Rihat Kamal oğlu Cəfərov bir neçə epizod üzrə ictimai qaydanı kobud surətdə pozma, xuliqanlıq və qəsdən adam öldürmə cinayətlərində təqsirləndirilir.

Belə ki, o, 2025-ci ildə gecə saatlarında Gəncə şəhərindəki marketlərdən birinin yaxınlığında əvvəllər aralarında yaranmış mübahisəni bəhanə edərək tanışı, 2007-ci il təvəllüdlü zərərçəkmiş Maqsud Zabilova (soyadı şərtidir) hücum edib. Təqsirləndirilən şəxs üzərində saxladığı, istintaqa məlum olmayan bıçaqdan istifadə etməklə zərərçəkmiş şəxsin sağ bud nahiyəsinə iki dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər alıb. Bu əməl ictimai qaydanı kobud şəkildə pozmaqla müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

İttihamda göstərilən digər epizod isə daha ağır nəticələrlə müşayiət olunub.

Belə ki, Rihat Cəfərov həmin ilin oktyabrında Gəncə şəhəri, "Mahrasa bağı" ərazisində yerləşən yaşayış binasının qarşısında tanışı, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli ilə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb.

Belə ki, təqsirləndirilən şəxs üzərində gəzdirdiyi deşici-kəsici alətdən istifadə edərək Vaqifə bir neçə zərbə endirib. Zərbələr nəticəsində zərərçəkmiş şəxs əvvəlcə bədənin müxtəlif nahiyələrində - diz və əl nahiyələrində yüngül xəsarətlər alıb. Daha sonra isə döş qəfəsinin ön səthinə vurulan zərbə nəticəsində sol ağciyərin zədələnməsi ilə müşayiət olunan, daxili və xarici qanitirməyə səbəb olan, həyat üçün təhlükəli ağır xəsarət alıb. Göstərilən tibbi yardımlara baxmayaraq, zərərçəkmiş şəxs aldığı xəsarətlərdən həyatını itirib.

Beləliklə, Rihat Cəfərov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, eləcə də silah qismində istifadə olunan əşya ilə törədilən təkrar xuliqanlıq əməlində ittiham olunur.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Rihat Cəfərov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, xuliqanlıqla bağlı epizod üzrə özünü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab etdiyini, lakin qəsdən adam öldürmə ittihamını qəbul etmədiyini söyləyib.

İfadəsində Rinat qeyd edib ki, ilk hadisə zamanı Maqsud Zabilov onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayaraq onu nüfuzdan salmağa çalışıb. Onun sözlərinə görə, tərəflər təsadüfən qarşılaşıb və mübahisə zamanı ilk zərbəni qarşı tərəf vurub. Bundan sonra Rinat əvvəlcə yumruqla, daha sonra isə bıçaqla zərbə endirdiyini etiraf edib və bunu qisas almaq məqsədi ilə törətdiyini bildirib.

İkinci, daha ağır nəticəli hadisə ilə bağlı isə Rihat Cəfərov söyləyib ki, zərərçəkmiş Vaqiflə səhər saatlarında təsadüfən qarşılaşıb. Onun sözlərinə görə, tərəflər arasında əvvəlcə sözlü dialoq olub, daha sonra isə vəziyyət gərginləşib. O qeyd edib ki, qarşı tərəfin də üzərində bıçaq olduğunu görüb və bunu təhlükə kimi qiymətləndirib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, ilk olaraq Vaqifin diz nahiyəsinə zərbə vurmaqla onu uzaqlaşdırmaq istəyib. Lakin onun geri çəkilmədiyini və üzərinə gəldiyini gördükdə ikinci dəfə bıçaqla zərbə endirib. Rinat bu hərəkətlərini özünü müdafiə məqsədi ilə etdiyini deyib və zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyətinin olmadığını bildirib.

Həmçinin o, hadisə zamanı özünün də xəsarət aldığını qeyd edib və törətdiyi əməldən peşman olduğunu vurğulayıb.

Məhkəmənin hökmü ilə Rinat Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətlə yetirilən 16 yaşlı məktəbli Vaqif Rəfibəyli polkovnik-leytenantın oğlu imiş. Onun atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb, Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi vəzifəsini icra edib və bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

"Cebheinfo.az"

Избранный
5
7
cebheinfo.az

8Источники