RU

AŞPA özünü belə ifşa etdi - VACİB AÇIQLAMA

“Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o zaman Azərbaycan nümayəndə heyətinin rəhbəri və parlament üzvü kimi AŞPA-nın fəal üzvlərindən biri olmuşam. 2024-cü ilin yanvarına qədər nümayəndə heyətimiz Avropa Şurasında heç vaxt hər hansı məhdudiyyətlə üzləşməyib. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. Biz 1993-cü ildə qəbul olunmuş və 30 il ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz icra etdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi. Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

elman.jpg

Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin bu fikirləri AŞPA-nın Qarabağ münaqişəsinin həllini, Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəmədiyinin ən yüksək səviyyədə təsdiqidir:

“Bu fikirlər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bu qurumun işində iştirakdan imtina etmək barədə verilən qərarının nə qədər doğru olduğunu növbəti dəfə təsdiqləmiş oldu. İkili standartlarla, qərəzli mövqe ilə davranan, ölkəmizin ərazi bütövlüyünü təmin etməsini həzm edə bilməyən bir qurumun işində iştirak etməməklə Azərbaycan bir daha göstərdi ki, AŞPA kimi qurumlar bizim haqlı mövqeyimizə, iradəmizə təsir göstərə bilməzlər”.

Deputatın sözlərinə görə, zaman göstərdi ki, AŞPA-nın anti-Azərbaycan qərarından Azərbaycan dövləti itirmədi:

“Bu müddətdə Azərbaycan daha da güclənib, beynəlxalq səviyyədə nüfuzunu, tərəfdaşlarının sayını artırıb. İtirən AŞPA-dır. Azərbaycan-AŞPA münasibətlərinin olmaması qurumun regionda təsir imkanlarını azaldır. Azərbaycan artıq alternativ platformalara, həmçinin ikitərəfli tərəfdaşlıq münasibətlərinə, regional formatlara daha çox üstünlük verir. Bu isə Avropa Şurasının Cənubi Qafqazda təsirini zəiflədir. Azərbaycan cəmiyyətində AŞPA-ya inam, etimad AŞPA-nın özünün yanlış mövqeyi üzündən sarsılıb. Azərbaycan öz gündəmini özü müəyyən edir və AŞPA kimi təşkilatın diktəsi, arzu-istəyi ilə siyasət yürütmür”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
30
23
musavat.com

10Источники