RU

Tenderlərin MMC-lər arasında şübhəli "ötür-ötürü" ölkəni bürüyüb - Bakı İH nümunəsi...



Bu araşdırmanı başlamağa "Xezer-Construction" MMC ətrafında üzə çıxan rəqəmlər səbəb oldu. Veb-saytı, ictimaiyyətə açıq ofis ünvanı, texnika parkı və işçi ştatı barədə heç bir məlumat tapılmayan, nizamnamə kapitalı cəmi 200 manat olan bu şirkət 2024-cü ildən etibarən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "Bakı Əsaslı Tikinti və Təmir" MMC-dən 143 milyon 301 min 625 manatlıq sifariş götürüb. Rəsmi məlumata görə, şirkət yalnız iki açıq tenderdə qalib gəlib və həmin müqavilələrin toplam məbləği 9 milyon manata yaxındır. Amma ümumi sifariş həcmi 143 milyon manatı ötür. Bu fərq və şirkətin fəaliyyətinin qeyri-şəffaf olması dövlət vəsaitinin hansı mexanizmlə xərcləndiyini daha dərindən yoxlamaq zərurəti yaratdı.

Dövlət satınalmaları portalı və Hesablama Palatasının son illərə aid rəyləri göstərir ki, "Xezer-Construction" yeganə nümunə deyil. 2018-ci ildən sonra təsis olunan, kapitalı 100 və ya 200 manatla məhdudlaşan, saytı, ofisi, avadanlığı barədə heç bir açıq məlumatı olmayan bir sıra şirkətlər eyni qaydada "Bakı Əsaslı Tikinti və Təmir" MMC-dən hər il on milyonlarla manatlıq iş alır. Məsələn, "Azer-Stroy Servis" MMC 2019-cu ilin martında 100 manat kapital ilə yaradılıb və 2023-cü ildən bəri 78 milyon manatdan çox müqavilə bağlayıb. "Grand Yol Tikinti" MMC 2020-ci ilin noyabrında 200 manat kapital ilə qeydiyyata düşüb, son iki ildə 112 milyon manatdan artıq iş görüb. "Parlaq İnşaat" MMC 2017-ci ilin avqustunda təsis olunub, kapitalı yenə 200 manatdır və 64 milyon manatdan çox layihə icra edib. "Optimal-Tikinti" MMC 2021-ci ilin yanvarında yaradılıb, 200 manat kapitalı var, 91 milyon manatlıq sifariş portfelinə sahibdir. Bu şirkətlərin hamısında açıq mənbələrdə işçi sayı 5-10 nəfər göstərilir, sosial şəbəkədə izləri yoxdur, amma hər mövsüm onlarla məktəb, yol və park təmiri layihəsini qazanırlar.

Mexanizm sadədir. Nazirlik, komitə və ya icra hakimiyyəti büdcədən ayrılan vəsaiti "baş podratçı" qismində öz dairəsinə yaxın şirkətə yönəldir. Texnikası və daimi briqadası olmayan baş podratçı bütün işi subpodratçıya ötürür. O subpodratçı da qiyməti bir qədər də aşağı salıb növbəti şirkətə verir. Zəncir üç-dörd halqaya çatanda smetadakı 100 manatdan real işi yerinə yetirən şirkətə 60-65 manat çatır. Hər mərhələdə 10-12 faiz "koordinasiya", "idarəetmə haqqı" adı ilə saxlanılır. Qanun bu praktikanı qadağan etmədiyi üçün şirkətlər bunu "layihənin idarə olunması, sənədləşmə, risklərin daşınması" kimi rəsmiləşdirir. Nəticədə 100 manata nəzərdə tutulan yolun çəkilişi sonuncu icraçıya 65 manata gəlib çıxır və o da məcburən materialdan, texnologiyadan və ya iş həcmindən kəsir.

Hesablama Palatası 2021-2023-cü illərdə Bakı üzrə 14 abadlıq və yol layihəsini yoxlayıb. Doqquz halda aşkar edilib ki, baş podratçı işi smeta qiymətindən 35-40 faiz ucuz subpodratçıya verib. Dövlət 100 manat ödəyib, amma 60 manatlıq iş görülüb. Dünya Bankının 2020-ci ildə Azərbaycanda dövlət satınalmaları ilə bağlı hesabatında qeyd olunur ki, tikinti sahəsində subpodrat zənciri orta hesabla 3.2 halqadan ibarətdir və hər halqada 8-12 faiz marja qalır. Üç halqalı zəncirdə 100 manat 90 manata, sonra 81 manata, sonda 72 manata düşür. Belə çıxır ki, vəsaitin təxminən 27 faizi tikinti meydançasına çatmamış "xidmət haqqı" kimi paylanır.

2026-cı ilin dövlət büdcəsində bilavasitə tikinti və təmir işləri üçün 13 milyard 835 milyon manat nəzərdə tutulub. Bunun 6 milyard 930 milyonu dövlət əsaslı vəsait qoyuluşu, 4 milyardı Qarabağ və Şərqi Zəngəzurun bərpası, 1 milyard 270 milyonu müdafiə xarakterli tikinti, 1 milyard 150 milyonu yolların təmiri və saxlanması, 485 milyonu isə mənzil-kommunal sahəsidir. Əgər bu məbləğin 70 faizi Bakıda və regionlarda fiziki işlərə sərf olunursa və orta hesabla 25 faizi subpodrat marjası kimi qalırsa, yalnız əsaslı vəsait qoyuluşu maddəsindən 1.2 milyard manatdan çox pul betona və armatura sərf olunmayıb "ötür-ötür" zəncirində qalır. Yollar, kommunal infrastruktur və hərbi obyektlər də daxil ediləndə illik itki 1.8 milyard ilə 2.2 milyard manat arasında dəyişir. Bu, ümumi tikinti büdcəsinin təqribən 13-16 faizi deməkdir.

Burada söhbət oğurluqdan getmir. Subpodrat qanunla qadağan olunmadığı üçün bütün əməliyyatlar sənədləşir. Əsas problem odur ki, tenderi qazanan şirkətin nə asfalt zavodu, nə ekskovatoru, nə də ixtisaslı işçisi var, amma 10-15 faizi özündə saxlayır. Sonuncu halqaya az vəsait çatanda sement M400 əvəzinə M300 alınır, armaturun sıxlığı azaldılır, yağış suyu xətləri ya ümumiyyətlə çəkilmir, ya da layihədəki 200-lük boru 110-luqla əvəzlənir. Nəticədə güclü yağışda Bakı küçələri gölə dönür. Smetada bir metr drenaj borusu 80 manat yazılıb, son podratçıya 45 manat çatıb, o da ya heç quraşdırmayıb, ya da diametri kiçildib.

Sistemin dəyişməməsinin hüquqi səbəbi var. "Dövlət satınalmaları haqqında" qanun subpodratın payına limit qoymur. Baş podratçı istəsə layihənin 100 faizini də kənara verə bilər. Avropa Birliyi ölkələrində isə tenderin qalibi işin ən azı yarısını öz resursları ilə görməlidir. Digər səbəb "ən aşağı qiymət" meyarıdır. Müsabiqədə 100 manat təklif edən qalib gəlir, amma sabah işi 60 manata başqasına ötürür. Nəzarət mexanizmi də əsasən formal xarakter daşıyır. Aktlar imzalanır, obyekt təhvil verilir, iki aydan sonra asfalt çökür, divar çatlayır.

Beləliklə, "Xezer-Construction" aysberqin görünən tərəfidir. Problem təkcə bir şirkətdə deyil, zəncirin özündədir. Əgər dövlət subpodratı maksimum 30 faizlə məhdudlaşdırsa, tender iştirakçısından öz texnika parkı, daimi işçi heyəti və son üç ildə analoji layihələrdə təcrübə tələb etsə, üstəlik "ən ucuz" yox, "iqtisadi cəhətdən ən səmərəli" təklifi seçsə, həm işin keyfiyyəti artar, həm də büdcəyə ildə 1.5-2 milyard manata yaxın qənaət edilər. Hazırda isə hər il tikintiyə ayrılan vəsaitin 13-16 faizi meydançaya çatmadan əriyir. Bunun bədəlini isə vətəndaş dağılan yolla, su basmış prospektlə, bir ilə ovulan parketlə, çat verən divarla, uçan damla ödəyir.

Akif NƏSİRLİ

Избранный
16
baki-xeber.com

1Источники