RU

FÜRSƏTLƏR SƏSSİZ GƏLƏR...

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Onları əldən buraxmamaq üçün nə etməli?

Xaləddin İbrahimli,

professor

İnsan çox vaxt arzuladığını dərhal əldə etmək istəyir, gözləyir ki, həyat ona həmin an cavab versin. Amma həyat belə işləmir. Həyat arzuları birbaşa vermir — onların yerinə fürsətlər verir. Bu fürsətlər isə çox vaxt açıq və aydın deyil. Onlar bəzən çətinlik kimi, bəzən gecikmə kimi, bəzən də təsadüf kimi görünür.

Əsas problem isə budur: insan bu fürsətləri görə və dəyərləndirə bilirmi?

Psixologiyada insanın uğuru yalnız məqsədləri ilə yox, həmin məqsədlərə aparan imkanları görmə və istifadə etmə qabiliyyəti ilə izah olunur. Bu, bir növ düşüncə əsnəkliyi və diqqət yönləndirmə məsələsidir. Yəni həyat hər kəsə müəyyən imkanlar təqdim edir, amma hər kəs onları eyni şəkildə dəyərləndirmir.

Məsələn, Tomas Edison minlərlə uğursuz cəhddən sonra elektrik lampasını ixtira etdi. Ondan soruşanda ki, “bu qədər uğursuzluqdan sonra necə davam etdiniz?”, o belə cavab vermişdi: “Mən uğursuz olmadım. Sadəcə işləməyən minlərlə üsul tapdım.”

Burada bir haşiyə çıxıb deyim ki, elmdə və həyatda irəliləyişlər təkcə dogrularla olmur, çox zaman yanlışlar da dogrulara qapı açır. Edison da hər uğursuzluğu bir fürsət kimi görürdü — öyrənmək və yaxınlaşmaq fürsəti kimi.

Eyni yanaşmanı Stiv Jobsun həyatında da görmək mümkündür. O, qurucusu olduğu şirkətdən uzaqlaşdırılanda bunu son kimi yox, yeni başlanğıc kimi qəbul etdi. Sonralar o dövrü xatırlayaraq deyirdi ki, həyat bəzən sənə ağır zərbə vurur, amma bu zərbələrin içində gizli fürsətlər yatır. Əgər o, həmin dövrdə ruhdan düşüb dayanmış olsaydı, nə Appleyə geri dönüş olardı, nə də sonrakı böyük uğurlar.

Həyatın fürsət kimi təqdim etdiyi şeylər hər zaman rahat olmur. Bəzən onlar problem kimi gəlir. Məşhur yazıçı J. K. Rouling həyatının ən çətin dövrlərindən birində, maddi və psixoloji sıxıntılar içində “Harri Potter” hekayəsini yazmağa başladı. O, sonradan deyirdi ki, həyatında hər şeyin dağıldığını düşündüyü an, əslində yeni bir yol açılmışdı. O, həmin fürsəti gördü və buraxmadı.

Bu nümunələr bir şeyi göstərir: fürsət hər zaman “fürsət” kimi görünmür. Bəzən o, gecikmə kimi gəlir, çox zaman özünü hiss etdirmir. İnsan istədiyi nəticəni dərhal əldə edə bilməyəndə düşünür ki, şansını itirib. Halbuki bu gecikmə ona hazırlaşmaq üçün verilmiş zamandır.

Bəzən fürsət çətinlik kimi gəlir. İnsan problem yaşayır və bunu sadəcə yük kimi görür. Halbuki həmin problem onun inkişaf etməsi üçün bir imkan daşıyır.

Bəzən isə fürsət təsadüf kimi gəlir. Bir insanla tanışlıq, gözlənilməz bir imkan, kiçik bir şans — bunlar həyatın verdiyi incə siqnallardır.

Psixoloji baxımdan bu, insanın qavrayış filtrindən asılıdır. İnsan nəyə fokuslanırsa, onu görür. Əgər o, yalnız problemləri görmək istəyirsə, fürsətləri qaçıracaq. Əgər o, imkanları axtarırsa, ən çətin vəziyyətdə belə bir yol tapacaq.

Məşhur iş adamı Uarren Baffett deyirdi ki, “uğurlu insanlar çox az şeyə ‘bəli’, çox şeyə isə ‘xeyr’ deyirlər.” Bu fikir də fürsət anlayışı ilə bağlıdır. Çünki hər şey fürsət deyil. Əsas məsələ doğru fürsəti seçmək və ona vaxt ayırmaqdır.

İnsan çox vaxt böyük şansların arxasınca qaçır, amma həyat ona əvvəlcə kiçik imkanlar verir. Bu imkanlar bəzən nəzərə çarpmır. Amma məhz bu kiçik addımlar sonradan böyük dəyişikliklərin başlanğıcı olur. Həyat heç kimə hazır nəticə vermir. O, yalnız imkanlar verir. Bu imkanlar isə hər gün, hər seçimdə qarşımıza çıxır.

Həyat gözləyənlərə yox, gördüyünü dəyərləndirənlərə qapı açır!

P.S. Bu kiçicik köşə yazısına çox fürsətləri əldən vermiş bir insanın hekayəsi də deyə bilərsiniz.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
azpolitika.info

1Источники