Uzaqmənzilli dron hücumları müharibənin coğrafiyasını genişləndirib...
Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları (PUA) artıq Rusiya ərazisinin dərinliklərinə, təxminən 1600 kilometrədək məsafəyə zərbələr endirə bilir.
Məlumata əsasən, Ukrayna dronları mütəmadi olaraq Rusiyanın daxili bölgələrindəki hədəfləri vurur, hətta Ural dağlarına qədər çatır. Bu isə əvvəllər müharibəni uzaq təhlükə kimi qəbul edən əhali üçün yeni reallıq yaradıb.
Qeyd olunur ki, aprelin 25-də Yekaterinburq şəhərində yaşayış binasına zərbə endirilib. Bu hadisə 2022-ci ildən bəri şəhərin müharibə ilə bağlı ilk birbaşa zərər görməsi kimi qiymətləndirilir. Aprelin əvvəlindən etibarən isə pilotsuz aparat təhlükəsi səbəbilə yerli hava limanının fəaliyyəti ən azı beş dəfə müvəqqəti dayandırılıb.
Şəhər sakinlərindən biri, 35 yaşlı iş adamı Vladimir bildirib ki, hadisə yerli əhali üçün ciddi psixoloji təsir yaradıb: “Bu, hamı üçün şok oldu. Ölən olmasa da, insanlar nəhayət başa düşdü ki, şəhər artıq arxa cəbhə deyil”.
Ekspertlərin fikrincə, cəbhə xəttində vəziyyətin əsasən dalana dirənməsi fonunda pilotsuz aparatların rolu xeyli artıb. Hazırda münaqişə tərəfləri hər gün yüzlərlə dron vasitəsilə qarşı tərəfin şəhərlərinə zərbələr endirir.
Volodimir Zelenski də Ukraynanın bu istiqamətdə planlarını genişləndirmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, ölkə artıq 1500 kilometrdən artıq məsafədə yerləşən hədəfləri vurmaq imkanına malikdir.
Bu isə o deməkdir ki, Rusiya ərazisinin təxminən dörddə biri, əhalinin isə 70 faizdən çoxunun yaşadığı bölgələr Ukrayna PUA-larının əlçatımlı zonasında yerləşir.
Moskvalı politoloq Andrey Kolesnikov isə bildirib ki, dron hücumlarının Ural bölgəsinə qədər çatması və internet məhdudiyyətləri cəmiyyətdə ümumi yorğunluğu artırır: “İnsanlar hər şeyə uyğunlaşır, amma yorğunluq artır və getdikcə qıcıqlanmaya çevrilir”.
Mütəxəssislər hesab edirlər ki, uzaqmənzilli PUA texnologiyalarının inkişafı müharibənin xarakterini dəyişir, ənənəvi cəbhə xəttindən kənarda yerləşən şəhərləri də birbaşa risk altına salır və bu, münaqişənin daha geniş miqyas almasına səbəb olur.
Poliqon.info