RU

“İtaliya Azərbaycanın nəqliyyat qovşağı roluna xüsusi önəm verir” - DEPUTAT DANIŞDI

“Azərbaycan və İtaliya 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalayıb. İkitərəfli münasibətlərin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Nigar Məmmədova bildirib.
Onun sözlərinə görə, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri isə Bakı–Roma əməkdaşlığının yeni mərhələyə keçdiyini nümayiş etdirdi:

” Prezident İlham Əliyevlə C.Meloni arasında keçirilən görüşlər göstərdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir. Xüsusilə diqqət çəkən məqam Meloninin Ermənistana səfərindən dərhal sonra Azərbaycana gəlməsi oldu. Bu addım Bakı ilə münasibətlərə verilən önəmin göstəricisi kimi qiymətləndirilir və bunu regionda balanslı yanaşma hesab etmək olar.

Eyni zamanda, tərəflər siyasi əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəldilər. Hazırkı dəyişkən geosiyasi şəraitdə Azərbaycan və İtaliya strateji tərəfdaş kimi bir-birini dəstəkləyir. C.Meloni də öz növbəsində vurğuladı ki, “ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir.”
İkitərəfli münasibətlərin əsas istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan bu gün İtaliyanın həm qaz, həm də neft təchizatında əsas tərəfdaşlardan biridir. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
2025-ci ildə Azərbaycanın İtaliyaya ixrac etdiyi qazın həcmi rekord həddə çatıb. Bu əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. C.Meloni də vurğuladı ki, Azərbaycan Avropa ilə Asiya arasında strateji enerji və nəqliyyat qovşağı rolunu gücləndirir.
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. 10 milyardı ötən ticarət dövriyyəsi iqtisadi əlaqələrin genişliyini göstərir. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı sərmayələr və İtaliya şirkətlərinin Azərbaycanda fəal iştirakı əməkdaşlığı daha da gücləndirir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin həyata keçirdiyi layihələr münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini təsdiqləyir. Bu, həm də Azərbaycanın post-münaqişə dövründə bərpa prosesinə beynəlxalq dəstəyin göstəricisidir.
Son dövrlərdə Bakı–Roma münasibətlərində yeni istiqamət kimi hərbi-texniki əməkdaşlıq da ön plana çıxır. Müdafiə sənayesi, aerokosmik texnologiyalar və infrastruktur təhlükəsizliyi sahələrində əməkdaşlıq perspektivləri genişdir. Azərbaycan Hərbi Hava Qüvvələri üçün İtaliyadan yük təyyarələrinin alınması bu əməkdaşlığın praktiki nəticələrindən biridir. Cənab Prezident də vurğuladı ki, “birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var”. Bu sahədə əməkdaşlıq iki ölkənin müdafiə qabiliyyətini artırmaqla yanaşı, həm də regional sabitliyə töhfə verir.
Azərbaycan–İtaliya əlaqələrinin mühüm istiqamətlərindən biri də humanitar sahədir. Bakıda fəaliyyət göstərən İtaliya–Azərbaycan Universiteti bu əməkdaşlığın simvoluna çevrilib.
İtaliya eyni zamanda Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində mühüm tərəfdaş kimi çıxış edir, enerji və nəqliyyat sahələrində əməkdaşlıq Bakı ilə Brüssel arasında əlaqələrin dərinləşməsinə şərait yaradır. C.Meloninin səfəri bu baxımdan da xüsusi əhəmiyyət kəsb edir”.

Müəllif: Günay Hacıyeva
Избранный
35
50
sia.az

10Источники