RU

Azərbaycan və İtaliya arasında siyasi dialoq intensiv xarakter daşıyır DEPUTAT DANIŞDI

ain.az, Sia Az portalına istinadən məlumat verir.

Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələr qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurularaq zaman keçdikcə daha da möhkəmlənib. Bu münasibətlərin formalaşmasında və davamlı inkişafında möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti, praqmatik yanaşması və güclü liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil, humanitar və mədəni sahələrdə də etibarlı, davamlı və qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradılıb. Bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional sabitlik və inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib.

Deputat xatırladıb ki, İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb, həmin ilin mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulub:

“Bu tarixdən etibarən tərəflər arasında siyasi dialoq intensiv xarakter alıb və qarşılıqlı səfərlər vasitəsilə əlaqələr daha da genişlənib. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyinin açılması diplomatik münasibətlərin institusional əsaslarını gücləndirib. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Ulu Öndərin səfəri çərçivəsində siyasi, iqtisadi, mədəni və texniki sahələri əhatə edən yeddi mühüm saziş imzalanmışdı, bu da gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmişdi. Bu səfərdən sonra qarşılıqlı əlaqələrimiz dinamik şəkildə inkişaf edərək müxtəlif sahələrdə yeni təşəbbüslərin həyata keçirilməsinə zəmin yaratdı. Sonrakı illərdə dövlət və hökumət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil olunub, bu da tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana etdiyi dövlət səfəri və ardınca Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya səfəri əlaqələrin yeni mərhələyə keçməsində mühüm rol oynadı. Xüsusilə 2020-ci ilin fevralın 20-də Romada imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəli siyasi sənədi kimi çıxış edərək gələcək əməkdaşlıq üçün geniş və aydın yol xəritəsi müəyyənləşdirdi. Bu sənəd müxtəlif sahələrdə əlaqələrin sistemli və davamlı inkişafını təmin edən mühüm mexanizm rolunu oynayır. Hesab edirəm ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana ötəngünkü səfəri strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək və yeni mərhələyə qədəm qoyacaq. Bu səfər iki ölkə arasında siyasi dialoqun intensivliyini artırmaqla yanaşı, iqtisadi və humanitar sahələrdə də əməkdaşlıq perspektivlərini genişləndirəcək”.

Prezident İlham Əliyevin Azərbaycan-İtaliya əlaqələrinin inkişafında xüsusi rola malik olduğunu vurğulayan S.Salmanova əlavə edib:

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan-İtaliya münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Dövlətimizin başçısının fəaliyyətində milli maraqların qorunması, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli strateji hədəflərin müəyyən edilməsi əsas prioritetlərdəndir. Bu siyasət nəticəsində Azərbaycan və İtaliya arasında münasibətlər yalnız ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal kontekstdə nümunəvi tərəfdaşlıq modelinə çevrilib. Enerji sahəsində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan iri enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır və Azərbaycan ilə İtaliya arasında strateji əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir”.

Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü qeyd edib ki, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir:

“Cənab Prezident İlham Əliyev ötən gün verdiyi bəyanatında ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdiyini və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Mədəni əlaqələrdən danışarkən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir. İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Keçən il isə Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universitetinin açılışının baş tutması isə bunun bariz nümunəsidir”.

Milli Məclisin deputatı hesab edir ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq:

“Hesab edirəm ki, bu səfər həm də gələcəkdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı inkişafına güclü təkan verəcək və münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
47
sia.az

10Источники