RU

Prezident yeni rektor təyin etdi


Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
NUH.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Nurəli  Yusifbəyli  28 mart 1963-cü ildə anadan olmuşdur.
1980-ci ildə Kiyev Politexnik Institutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirmişdir. 1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində Dispetçer, Böyük Dispetçer vəzifələrində çalışmışdır. 1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, Baş dispetçer, Baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin Baş Direktorunun müavini vəzifəsində çalışmışdır. 2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışmışdır. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri" ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olmuşdur.

2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Sərəncamı ilə vəzifəsindən azad edilmişdir.

Azərbaycan Respublikası təhsil nazirinin K-44 nömrəli əmri ilə 2021-ci ilin 18 yanvar tarixindən AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunub.

MDB üzv ölkələri Elektroenergetika Şurası Prezidentinin 20 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə "MDB-nin Əməkdar energetiki" fəxri adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.

Azərbaycanın elektroenergetika sisteminin fəaliyyətinin və inkişafının elmi və layihə məsələlərinin tətbiqinin təkmilləşdirilməsində fəaliyyətinə görə 2011-ci ildə "Qızıl Buta" mükafatına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.



Избранный
32
25
nuh.az

10Источники