BAKI, 5 may. TELEQRAF
"Hazırda dövlətimizin Böyük Qayıdış proqramı uğurla icra olunur. Keçmiş məcburi köçkünlər üçün layiqli həyat şəraiti yaradılır. Mən artıq ikinci ildir ki, yeni tikilmiş Cəbrayıl şəhərində yaşayıram. M.Mehdizadə adına tam orta ümumtəhsil məktəbində coğrafiya müəllimiyəm. Oğlum Raul da bu məktəbin şagirdidir. Biz yeni Cəbrayılın ilk sakinlərindənik".
Teleqraf xəbər verir ki, bunu M.Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin müəllimi Günay Məmmədli deyir.
Onun sözlərinə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində 33 il əvvəl ailəsi Cəbrayıldan, öz yurd-yuvasından didərgin düşəndə onun 1 yaşım olub.
"Məcburi köçkünlüyün mərhumiyyətləri, ağrı-acıları içərisində böyümüşəm. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə rəşadətli Ordumuz 2020-ci ilin payızında xalqımıza Qələbə sevinci bəxş etdi. Torpaqlarımız işğaldan qurtarıldı. Bu günlərimiz üçün qəhrəman əsgər və zabitlərimizə minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbir diləyirik".

O deyir ki, doğma diyarda uşaqlara coğrafiyanı öyrətmək böyük qürurdur.
"İstər Azərbaycanın relyefini, istər iqlimini uşaqlara canlı şəkildə təqdim etmək, bu torpaqların azadlığını onların gözləri qarşısında canlandırmaq mənə misilsiz bir ruh yüksəkliyi verir. Coğrafiya müəllimi olaraq daim zirvələr haqqında düşünürəm. Yer üzündə ən böyük zirvə Everestdir, amma mən bugün özümü elə bir zirvədə hiss edirəm ki, bu zirvə Everestdən daha böyükdür".
Cəbrayıl şəhərində qurulan infrastrukturla yaxından tanış olan gənc müəllim yurd yerində insanları yeni və rahat bir həyatin gözlədiyinə əmindir.
"Rayonumuzun kəndləri də yenidən qurulur. Ötən ilin oktyabrında Horovlu kəndinin açılışı olub. Burada həyat yenidən canlanır. İşğal dövründə tamamilə dağıdılmış kəndin yerində müasir tipli qəsəbə salınıb. Ora tez-tez baş çəkirəm. Ata-baba yurduna geri qayıdan horovluların necə həvəslə yeni həyata başladıqlarını görürəm. Burada camaatın normal yaşayışı, uşaqların təhsili, sağlam böyüməsi üçün zəruri şərait yaradılıb.
Daha bir kəndimiz - Şükürbəyli də öz sakinlərini qarşılamağa hazırdır. Coğrafiyaçı-müəllim olaraq, bu yurd yerimizə baş çəkməyi xeyli müddətdir düşünürdüm. Bu istəyimi ötən istirahət günü reallaşdıra bildim. Öz avtomaşınımla yeni çəkilmiş 16 kilometrlik Cəbrayıl-Şükürbəyli yolunu böyük zövqlə qət etdim. Qarşımda göz oxşayan xoş bir mənzərə - yeni salınan Şükürbəyli kəndinin panoramı açıldı. Coğrafi baxımdan Şərqi Zəngəzurun qapısı sayıla biləcək bu yeni yaşayış məntəqəsi böyük zövqlə tikilib.

Mediada verilən məlumata görə ,burada ilkin mərhələdə 635 ailənin daimi məskunlaşdırılması nəzərdə tutulub. Coğrafiyaçı kimi diqqətimi cəlb edən məsələlərdən biri kəndin ərazisindəki bol yaşıllıq oldu. Təbii çəmənlik, zövqlə sıralanmış dekorativ ağaclar, gül kolları, əlvan çiçəklər buraya xüsusi yaraşıq verir. Hiss edilir ki, yaşıllıqlar sudan korluq çəkmirlər. Vaxtilə bu kənddən keçən su kanalı da bərpa olunub ki, onun camaatın istirahət məkanının bir parçasına çevriləcəyini düşünürəm.
Yeni Şükürbəylidə evlər birmərtəbəlidir, müasir ekoloji standartlara uyğun tikilib. Burada bir daha görürsən ki, Böyük Qayıdışın hədəfi sakinləri, sadəcə, evlə deyil, həm də yüksək keyfiyyətli həyat şəraiti ilə təmin etməkdir. Şükürbəylidə bu məqsədlə qurulan infrastruktur həsəd aparılacaq səviyyədədir. Kənddə 360 şagird yerlik məktəb binası və hər biri 80 yerlik olan iki uşaq bağçası isə gələcək nəsillərin inkişafı üçün nəzərdə tutulub. Musiqi məktəbi və klub-icma mərkəzi kəndin mədəni həyatını canlandıracaq. Müasir tibb məntəqəsi də öz yerində...
...Yeni Şükürbəyliyə səfərim, qısa bir zaman kəsiyində burada görüb müşahidə etdiklərim məndə çox xoş təəssürat yaratdı. Tezliklə onun daimi sakini olacaq həmyerlilərimə gözaydınlığı verirəm: əzizlərim, bizi doğma yurd yerimizdə yeni və rahat bir həyat gözləyir. Bizə bu şəraiti yaradan dövlətimiz var olsun!", - o, qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində 33 il əvvəl ailəsi Cəbrayıldan, öz yurd-yuvasından didərgin düşəndə onun 1 yaşım olub.
"Məcburi köçkünlüyün mərhumiyyətləri, ağrı-acıları içərisində böyümüşəm. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə rəşadətli Ordumuz 2020-ci ilin payızında xalqımıza Qələbə sevinci bəxş etdi. Torpaqlarımız işğaldan qurtarıldı. Bu günlərimiz üçün qəhrəman əsgər və zabitlərimizə minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbir diləyirik.