RU

İtaliya niyə Azərbaycana bu qədər önəm verir? Deputatdan AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Azərbaycan-İtaliya arasındakı strateji tərəfdaşlıq kifayət qədər yüksəkdir və faktiki olaraq bir çox həyati əhəmiyyətli layihələri, xüsusilə də Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edən enerji layihələrinin reallaşmasını əhatə edir. Bu, məhz enerji istiqamətində köklənən bir strateji tərəfdaşlıq əlaqələridir".

Bunu Rdaktor.az-a açıqlamasında Milli məclisin deputatı Azər Allahverənov İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycanda səfərini şərh edərkən bildirdi.

"Məlumdur ki, burada siyasi dialoq və digər sahələrdə çox sıx, intensiv əlaqələr mövcuddur. Eyni zamanda bu strateji tərəfdaşlıq, xüsusilə də 2020-ci ildə qəbul edilmiş sənəddə təsbit olunduğu kimi, inkişaf etdirilməkdədir. Münasibətlər kifayət qədər dinamikdir, lakin bununla yanaşı böyük potensial da mövcuddur. Bu baxımdan demək olar ki, Azərbaycan–İtaliya iqtisadi əməkdaşlığı artıq formalaşmış strateji tərəfdaşlıq səviyyəsindədir və perspektivləri kifayət qədər geniş və çoxşaxəlidir. Mövcud reallıqlara əsaslanaraq Meloninin Azərbaycana səfəri zamanı aparılan danışıqlar və edilən çıxışlar bir daha göstərir ki, inkişaf perspektivləri genişdir", - deyə o vurğuladı.

Müsahibimiz əlavə etdi ki, mövcud perspektivləri bir neçə istiqamət üzrə nəzərdən keçirməklə gələcək konturları müəyyən mənada cızmaq mümkündür:

"Şübhəsiz ki, burada əsas istiqamət enerji sahəsində əməkdaşlıqdır. Enerji sektoru iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas lokomotividir və uzunmüddətli proyeksiyaya malikdir. Hazırda əməkdaşlığın nüvəsini məhz bu sektor təşkil edir və bu istiqamətdə onun rolunun daha da artacağı gözlənilir. Nəzərə alsaq ki, Azərbaycan Avropa İttifaqının 10 ölkəsinə təbii qaz ixrac edir, bu baxımdan İtaliya həm neft-qaz ixracı prosesində həm də konnektor funksiyası baxımından mühüm rol oynayır. Bu isə ixrac coğrafiyasının genişləndirilməsi və İtaliya üzərindən ixrac olunan enerji resurslarının həcminin artırılması deməkdir. Məsələn, 2025-ci ildə Azərbaycanın qaz ixracı 25 milyard kubmetr təşkil edib ki, bunun 9,5 milyardı İtaliyanın payına düşüb. Bununla yanaşı, İtaliyaya 10 milyon ton neft ixrac olunub. Bu göstəricilər onu deməyə əsas verir ki, Cənub Qaz Dəhlizi və TAP üzərindən qurulan əməkdaşlıq bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan TAP-ın imkanlarının, qaz ixracının coğrafiyasının genişləndirilməsi, ixrac həcminin artırılması və Mərkəzi Asiyadan Avropaya daşınan karbohidrogen resursları kontekstində Azərbaycan və İtaliyanın enerji habı rolunun güclənməsi mümkündür. Bu isə iqtisadi əməkdaşlığın, xüsusilə enerji seqmentində daha da dərinləşməsi üçün geniş imkanlar yaradır".

Millət vəkilinin sözlərinə görə, yaşıl enerji və dekarbonizasiya sahəsində də əməkdaşlıq perspektivləri kifayət qədər genişdir:

"Yeni mərhələdə tərəflər əməkdaşlığı yalnız karbohidrogenlərlə məhdudlaşdırmır, eyni zamanda bərpa olunan enerji layihələrinə də xüsusi önəm verirlər. Xəzər–Qara dəniz–Avropa yaşıl enerji layihələrinin həyata keçirilməsi günəş və külək enerjisindən əldə olunan resursların Avropaya ixracına eləcə də bu sahəyə böyük investisiyaların cəlb olunmasına gətirib çıxara bilər. Bununla yanaşı, sənayenin müxtəlif sahələrində, o cümlədən hərbi sənaye və qeyri-neft sektorunda - kənd təsərrüfatı, yüngül sənaye və digər istiqamətlərdə də geniş imkanlar mövcuddur. Bu gün İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində fəal iştirak edir və artıq 23 layihə həyata keçirilib. Ümumilikdə 100-dən çox İtaliya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi böyük potensialdan xəbər verir. Bu, xüsusilə sənayeləşmə və texnologiya transferi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərmayə qoyuluşu da əməkdaşlığın əsas istiqamətlərindəndir. Prezidentin Meloni ilə görüşü zamanı bu məsələyə xüsusi diqqət yetirilib. 2025-ci ilin nəticələrinə görə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edim ki, 2019-cu ildə bu rəqəm 6 milyard dollar idi. Artımın əsas səbəbi 2020-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədidir. Bu sənəd həm ticarətin, həm də qarşılıqlı investisiyaların artmasına ciddi təkan verib. Azərbaycanın İtaliya iqtisadiyyatına təxminən 3,5 milyard dollar sərmayə yatırması da bunu təsdiqləyir".

Həmsöhbətimiz logistika və beynəlxalq yükdaşımaların da mühüm istiqamətlərdən olduğunu vurğuladı.

"Orta Dəhliz potensialı üzərindən əməkdaşlığın inkişafı İtaliya ilə Şərq arasında əlaqələri gücləndirir və Avropaya daşınan yüklərin həcminin artmasına səbəb olur. Humanitar sahədə əməkdaşlıq da diqqətəlayiqdir. Təhsil sahəsində İtaliya universitetinin Azərbaycanda fəaliyyəti yeni imkanlar yaradır. Bu informasiya texnologiyaları, süni intellekt, startap layihələri və digər innovativ sahələr üzrə birgə fəaliyyət üçün geniş perspektivlər açır. Ümumilikdə əməkdaşlıq istiqamətlərinə nəzər saldıqda görünür ki, qısa, orta və uzunmüddətli layihələr üçün geniş imkanlar mövcuddur. Xüsusilə enerji və logistika sahələrində əldə olunan nəticələr gələcəkdə daha dayanıqlı və uzunmüddətli əməkdaşlıq modelinin formalaşmasına zəmin yaradır. 2020-ci ildə imzalanmış strateji sənəd bu inkişaf üçün ciddi yol xəritəsi rolunu oynayıb və münasibətlərin yeni mərhələyə keçidini təmin edib. Gələcəkdə yeni sənədlərin imzalanacağı gözlənilir. Bu sənədlər artıq qarşılıqlı etimad, etibar və inam prinsipləri üzərində qurulan münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Tarixi köklərə əsaslanan bu əməkdaşlıq, mövcud siyasi iradə və sıx siyasi əlaqələr fonunda, perspektivli və uğurlu inkişaf xəttinə malikdir", - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
50
redaktor.az

10Источники