RU

Azərbaycan–Aİ münasibətlərində etimad və strateji tərəfdaşlıq: yeni reallıqlar və perspektivlər - RƏY

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq daha dərin və çoxşaxəli xarakter almaqdadır.

Milli Məclisin deputatı Müşfiq Cəfərov APA-ya açıqlamasında bildirib ki, bu dinamika həm regional geosiyasi dəyişikliklər, həm də tərəflər arasında formalaşan qarşılıqlı etimad mühitinin nəticəsidir. Xüsusilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri bu münasibətlərin etibarlı əsaslar üzərində inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir.

Kaya Kallasın səfəri: etimadın və siyasi dialoqun göstəricisi

Kaya Kallasın Azərbaycana səfəri təsadüfi xarakter daşımır və bu, Avropa İttifaqı–Azərbaycan münasibətlərinin yüksək səviyyədə davam etdiyinin bariz nümunəsidir. Deputat qeyd edir ki, Ermənistanda keçirilən Avropa Siyasi Birliyi Zirvə toplantısından dərhal sonra bu səfərin baş tutması Brüsselin Bakı ilə əlaqələrə verdiyi önəmin göstəricisidir: “Kaya Kallas daha əvvəl də Azərbaycanda səfərdə olub və müxtəlif beynəlxalq platformalar çərçivəsində Prezident İlham Əliyev ilə görüşlər keçirib. Bu isə tərəflər arasında formalaşmış davamlı siyasi dialoqun göstəricisidir”.

Deputat deyib ki, Avropa Parlamentində təmsil olunan müxtəlif siyasi qruplar Azərbaycan–Aİ münasibətlərinə xələl gətirməyə cəhd göstərsələr də, bu cəhdlər real nəticə vermir: “Əksinə, Avropa İttifaqının icraedici strukturları, xüsusilə Avropa Komissiyası ilə Azərbaycan arasında sıx və davamlı əməkdaşlıq mövcuddur. Məhz bu institusional əməkdaşlıq münasibətlərin real mahiyyətini və strateji xarakterini müəyyən edir”.

Əməkdaşlığın konkret gündəliyi

Müşfiq Cəfərov vurğulayıb ki, bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Kaya Kallas arasında keçirilən görüş də münasibətlərin inkişaf istiqamətlərini bir daha aydın şəkildə ortaya qoyur: “Təkbətək və geniş tərkibdə keçirilən danışıqlarda Azərbaycan–Aİ münasibətlərinin cari vəziyyəti və gələcək perspektivləri ətraflı müzakirə olunub. Görüş zamanı siyasi dialoqun intensivliyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər əməkdaşlığın qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Bununla yanaşı, yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə prosesin davam etdirilməsi ön plana çıxıb”.

Deputatın Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dayanıqlı inkişafını təmin edən əsas amillərdən birinin də institusional dialoq mexanizmləri olduğunu nəzərə çatdırıb. Hazırda tərəflər arasında nəqliyyat, enerji təhlükəsizliyi və təhlükəsizlik olmaqla, üç əsas istiqamət üzrə dialoq uğurla davam etdirilir. Bu mexanizmlər əməkdaşlığın sistemli və uzunmüddətli əsasda qurulmasına xidmət edir.

Enerji təhlükəsizliyində Azərbaycanın strateji rolu

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan əsas tərəfdaşlardan biridir. Müşfiq Cəfərov vurğulayır ki, Bu fakt Avropa rəsmiləri, o cümlədən Kaya Kallas tərəfindən dəfələrlə qeyd olunub: “Hazırda Azərbaycan qazı artıq 10 Avropa ölkəsinə ixrac olunur. Son dövrlərdə Avstriya və Almaniya kimi ölkələrə enerji təchizatının genişləndirilməsi bu əməkdaşlığın coğrafiyasını daha da artırıb. Xəzər regionunda baş verən geosiyasi proseslər fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu daha da güclənir”.

Azərbaycanın körpü missiyası

Azərbaycan yalnız enerji sahəsində deyil, həm də nəqliyyat və logistika istiqamətində strateji mövqeyə malikdir. Deputat deyir ki, Xəzər və Qara dəniz hövzələrini birləşdirən layihələr, o cümlədən TRİPP təşəbbüsü Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirilir: “Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi kimi çıxış edərək qlobal ticarət marşrutlarının şaxələndirilməsinə töhfə verir. Bu isə ölkənin geoiqtisadi əhəmiyyətini daha da artırır”.

Sülh gündəliyi və regional sabitlik

Müşfiq Cəfərov bildirir ki, Azərbaycan regionda sülh gündəliyinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Bu baxımdan ölkənin atdığı addımlar Avropa İttifaqı tərəfindən də müsbət qiymətləndirilir: “Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi sammitindəki çıxışı bu kontekstdə mühüm və tarixi hadisədir. Bu çıxış Azərbaycanın regional və qlobal səviyyədə mövqeyini bir daha nümayiş etdirib. Azərbaycan ilə Ermənistan arasında münasibətlərdə də müəyyən müsbət dinamika müşahidə olunur. İqtisadi əlaqələrin tədricən inkişaf etməsi regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycan enerji sahəsində region ölkələri üçün mühüm tərəfdaş olaraq çıxış edir və bu kontekstdə Ermənistanın enerji təhlükəsizliyinə də dolayısı ilə töhfə verir. Yaxın Şərqdə baş verən hadisələr fonunda Ermənistanın enerji qıtlığı ilə üzləşməsi ehtimalı olsa da, Azərbaycanın mövcud imkanları regionda enerji sabitliyinin qorunmasına şərait yaradıb”.

Qarşılıqlı faydaya əsaslanan strateji tərəfdaşlıq

Deputat Ceyhun Bayramovla Kaya Kallas arasında görüş zamanı iqtisadiyyat, ticarət, yaşıl enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarının da müzakirə olunmasına diqqət çəkib: Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini və etibarlı tərəfdaş kimi rolu xüsusi vurğulanıb. Azərbaycan–Avropa İttifaqı münasibətləri qarşılıqlı fayda, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir. Bu münasibətlər yalnız enerji sahəsi ilə məhdudlaşmır, həm də siyasi, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən geniş əməkdaşlıq platformasına çevrilib. Mövcud dinamika qorunarsa, yaxın gələcəkdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər daha da dərinləşəcək və bu əməkdaşlıq həm region, həm də Avropa üçün sabitlik və inkişafın mühüm təminatına çevriləcək”.

Избранный
50
50
apa.az

10Источники