RU

​Bakıda torpaq qiymətinə villalar satılır -

Son dövrlərdə Bakıda və paytaxtətrafı ərazilərdə geniş həyətə malik fərdi yaşayış evlərinin kütləvi şəkildə satışa çıxarıldığı müşahidə olunur. Bu evlərin bir çoxu 12-15 sot, bəzi hallarda isə daha böyük - 20 sotdan artıq həyətyanı sahəyə malikdir. Metbuat.az xəbər verir ki, bazarda ciddi ucuzlaşma qeydə alınıb. Elə təkliflər var ki, evin ümumi dəyəri demək olar yalnız torpağın qiyməti ilə eynilik təşkil edir. Məsələn, bəzi ərazilərdə 1 sot torpağın qiyməti 20 min manat civarında dəyişir. Bu hesabla 22 sot torpaq sahəsi təxminən 440 min manata başa gəlir. Lakin həmin sahədə inşa olunmuş, 250-300 kvadratmetr yaşayış sahəsi olan üçmərtəbəli ev də eyni qiymətə satışa çıxarılır. Yəni faktiki olaraq alıcı evi “hədiyyə” kimi əldə etmiş olur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətin bir neçə əsas səbəbi var. İlk növbədə, böyük evlərin saxlanması ciddi maliyyə yükü yaradır. Xüsusilə qış aylarında bu tip tikililərin qızdırılması çətinləşir və yüksək xərclər tələb edir. Bəzi hallarda belə evlərdə yaşayan ailələr ay ərzində kommunal xidmətlərə minimum 500 manat, bəzən isə 700-800 manata qədər vəsait ödəməli olur.Digər mühüm faktor isə nəqliyyat problemidir. Son illər Bakıətrafı qəsəbələrdə əhalinin artması ilə əlaqədar olaraq, şəhərə giriş-çıxış xeyli çətinləşib. Səhər və axşam saatlarında yaranan uzun tıxaclar sakinlərin gündəlik həyatını daha da mürəkkəbləşdirir. Bu səbəbdən bir çox ev sahibi mərkəzə daha yaxın ərazilərə köçməyə üstünlük verir. Ev alqı-satqısı ilə məşğul olan Qabil Əhmədov saytımıza açıqlamasında deyib ki, iri həcmli fərdi evlərə marağın azalması bazarda qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb: “Əvvəllər böyük həyətli evlər prestij sayılırdı. Amma indi alıcılar daha çox kompakt, enerjiyə qənaətli və şəhərə yaxın mənzillərə üstünlük verir. Böyük evlər isə həm saxlanma xərclərinə, həm də yerləşmə baxımından əlverişsiz olduğuna görə satışı çətinləşir”. Onun sözlərinə görə, bu tendensiya yaxın dövrdə də davam edə bilər. Çünki şəhər həyatının sürətlənməsi və komforta olan tələbin artması insanları daha praktik yaşayış seçimlərinə yönəldir. Sonda qeyd etmək yerənə düşər ki, hazırda bazarda maraqlı paradoks yaranıb: torpaq qiymətləri yüksək olaraq qalır, lakin həmin torpağın üzərində tikilmiş böyük və bahalı evlər dəyərini itirir. Bu, alıcılar üçün fürsət sayılsa da, satıcılar üçün arzuolunan hal deyil…

Nazim Hüseynzadə / Metbuat.az

Избранный
28
metbuat.az

1Источники