RU

ABŞ İran QƏRARSIZLIĞI: Müharibə bitib, ya daha da alovlanır? ŞƏRH

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ ilə İran arasında elan olunan atəşkəsə baxmayaraq, Hörmüz boğazı ətrafında baş verən hadisələr tərəflər arasında gərginliyin hələ də davam etdiyini göstərir.

Rəsmi açıqlamalarda müharibənin dayandırıldığı bildirilsə də, bölgədə ticarət gəmilərinə və kiçik qayıqlara hücumların qeydə alınması atəşkəsin taleyini sual altına salır.

ABŞ rəsmiləri əməliyyatların məhdud və müvəqqəti xarakter daşıdığını bildirsə də, İran tərəfi bunu açıq təxribat kimi qiymətləndirir. Bu qarşılıqlı ittihamlar fonunda diplomatik ritorika sərtləşir və hərbi ritorikanın yenidən ön plana çıxdığı müşahidə olunur.

Donald Tramp isə son açıqlamasında münaqişənin tam bitmədiyini vurğulayaraq, “müharibə hələ davam edir” mesajını verib. Bu isə bölgədə vəziyyətin yaxın vaxtlarda sabitləşəcəyinə dair ümidləri daha da zəiflədir.

Maraq doğuran əsas sual isə budur: baş verən proseslər nəyi göstərir və ABŞ ilə İran arasında yaranan bu qərarsızlığın kökündə hansı səbəblər dayanır? Turkustan.az bu suallarla politoloq Zaur İbrahimliyə müraciət edib.

Zaur İbrahimli

Bu gün Hörmüz boğazı ətrafında baş verən hadisələr göstərir ki, proseslər hərbi eskalasiyadan çox siyasi və diplomatik müstəvidə davam edir. ABŞ-ın əsas məqsədi təzyiq vasitələri ilə İranı müəyyən güzəştlərə məcbur etmək, eyni zamanda danışıqlar yolu ilə razılıq əldə etməkdir.

Hər iki tərəf prinsip etibarilə danışıqlara açıq olduğunu göstərir, çünki onların maraqları müəyyən nöqtələrdə üst-üstə düşür. ABŞ anlayır ki, yalnız siyasi təzyiqlərlə strateji məqsədlərinə tam nail olmaq çətindir. Bunun üçün genişmiqyaslı hərbi əməliyyatlar tələb oluna bilər, lakin buna nə hərbi, nə də siyasi baxımdan hazır deyil. ABŞ daxilində də bu məsələ ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.

İran isə mövcud resurslarını qorumağa çalışır və genişmiqyaslı qarşıdurmaya getmək niyyətində deyil. Bu baxımdan, prosesin yeganə real çıxış yolu yenə də danışıqlar masasıdır. Lakin danışıqların təşkili və aparılması özü də ciddi problemlərlə üzləşir, çünki tərəflərin baxışları – xüsusilə Washington və Tehran arasında – kəskin şəkildə fərqlənir.

İran üçün əsas prioritetlərdən biri Hörmüz boğazında təhlükəsizliyin təmin olunması və ölkəyə qarşı mümkün hücumların qarşısının alınmasıdır. ABŞ isə İranın nüvə proqramı və zənginləşdirmə imkanlarının məhdudlaşdırılmasını ön plana çəkir.

Hazırda tərəflər bu məsələlərdə ortaq mövqeyə gələ bilməyiblər. Hörmüzdə davam edən gərginlik isə daha çox qarşılıqlı güc nümayişi xarakteri daşıyır.

ABŞ bölgədə hərbi mövcudluğunu artıraraq İranın “Hörmüz kartı”nın o qədər də həlledici olmadığını göstərməyə çalışır.

Eyni zamanda, bu addımlar İran üzərində psixoloji və siyasi təzyiq yaratmaq məqsədi daşıyır. İran isə öz növbəsində müxtəlif vasitələrlə cavab verməyə hazır olduğunu nümayiş etdirir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
50
icma.az

10Источники