RU

Azərbaycanda ən müxtəlif təyinatlı gəmilər inşa olunur

Bu günlər Qazaxıstandan yeni sifariş alınıb

 

Bakı Gəmiqayırma Zavodu dost və qardaş Qazaxıstandan iki gəminin

tikintisi üçün sifariş alıb. Sifariş Trans-Xəzər Beynəlxalq Nəqliyyat

Marşrutunun inkişafı məqsədilə "Qazaxıstan Dəmir Yolları" şirkətinin

törəmə müəssisəsi tərəfindən verilib.

"Qazaxıstan Dəmir Yolları"nın məlumatına görə,

"QDY Express Shipping" şirkəti altı universal quru yükdaşıyan

konteyner gəmisinin tikintisinə dair müqavilələr bağlayıb. Dörd gəminin

tikintisi üçün "Æiangsu Haizhongzhou Shipping Industry Co., Ltd."

şirkəti ilə, daha iki gəminin tikintisi üçün isə Bakı Gəmiqayırma Zavodu ilə

müqavilələr imzalanıb.

Bu, hazırda Azərbaycanın ən müasir texnoloji standartlara

cavab verən gəmilər inşa etməyə də geniş imkanları olduğunu göstərir. Bu

imkanlar 2013-cü ildə Bakı Gəmiqayırma Zavodunun istifadəyə verilməsi ilə

yaranıb. Müəssisədə bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər, hərbi

gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna bilər.

Bakı Gəmiqayırma Zavodu ölkənin sənaye infrastrukturunda

xüsusi yer tutur. Bu, istehsal gücünə görə nəhəng, təyinatına görə olduqca əhəmiyyətli

müəssisədir. Zavodun təməli 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən

qoyulmuşdur, bir neçə il davam edən tikinti işlərindən sonra dövlət başçısının

iştirakı ilə müəssisənin açılış mərasimi keçirilmişdir. 

Zavodun istifadəyə verildiyi ilk illərə qayıdaraq qeyd edək

ki, burada hələ o vaxt Qazaxıstanın bir sıra sifarişləri yerinə yetirilmişdir.

Məsələn, 2019-cu ildə zavodda Qazaxıstandan gətirilmiş üç yarımçıq gəminin müəyyən

hissələrinin tamamlanma işləri aparılmışdır. Qeyd edildiyi kimi, bu müəssisənin

istehsal gücü böyük olduğu üçün burada uzunluğu 250 metr, yükgötürmə qabiliyyəti

70 min tona qədər olan tankerlər belə inşa etmək mümkündür. Bu, Xəzər

regionunda yeganə zavoddur ki, müxtəlif təyinatlı gəmilər inşa edir. Odur ki,

xarici ölkələrdən də sifariş qəbul etməyə hazır olduğunu dəfələrlə bildirib.

2023-cü ildə isə "Bakı Gəmiqayırma Zavodu" MMC,

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Niderlandın "Damen

Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair

saziş imzalanıb. Bu sənədin icrası ilə Bakı Gəmiqayırma Zavodunda "Damen

Shipyards Gorinchem" şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal

olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində

limanlarda yaranan maneələrin aradan qalxması üçün əhəmiyyətli olacaq.

Yeri gəlmişkən qeyd edək ki, artıq doqquz ildir Xəzərdə işləyən

"Xankəndi" sualtı tikinti gəmisi də bu zavodda inşa edilib. Dünyada

bu tipdə cəmi 10 gəmi var. Onlardan biri məhz Azərbaycandadır. Bütün bunlara

görə də "Xankəndi"nin istifadəyə verilməsi haqlı olaraq tarixi hadisə

sayılır.

Gəmi "Şahdəniz-2" layihəsinin yerinə yetirilməsinə

səfərbər olunaraq sualtı quraşdırma işlərində istifadə olunur. Bu da öz növbəsində

Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən "Cənub qaz dəhlizi"

layihəsinə mühüm töhfə olmuşdur. Çünki bu dəhlizlə ixracın əsas ehtiyat mənbəyi

məhz "Şahdəniz" yatağıdır.

Bu faktın özü də zavodda ən nadir gəmilərin tikilməsinin

mümkün olduğunu bir daha təsdiqləyir.

Təsadüfi deyil ki, 2018-ci ilin avqustunda Qazaxıstanın

Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə

toplantısında Prezident İlham Əliyev demişdir: "2013-cü ildə Azərbaycanda ən

müasir texnoloji standartlara cavab verən gəmiqayırma zavodu istifadəyə

verilmişdir. Bu zavodda bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər,

hərbi gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna

bilər. İndiyədək onlarca gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi isə

təmir edilib. 2017-ci ildə istifadəyə verilən, 400 milyon ABŞ dollarına yaxın dəyərində

"Xankəndi" gəmisi dünyada ən yüksək beynəlxalq standartlara uyğun şəkildə

inşa edilmiş bu cür mövcud 10 gəmidən biridir. Hesab edirəm ki, Xəzəryanı ölkələr

bu zavodun imkanlarından istifadə edə bilərlər".

Qaldı ki, zavodun indi Qazaxıstandan aldığı sifarişə, bu, həmin

ölkənin Trans-Xəzər marşrutu üzrə mövqelərinin möhkəmləndirilməsinə və

marşrutun dayanıqlı dəniz komponentinin formalaşdırılmasına yönəldilən layihəsinin

bir hissəsidir. Belə ki, layihə çərçivəsində "Çay-dəniz" sinfinə aid

olacaq gəmilərin dedveyti (gəminin tam yükqaldırma qabiliyyəti) 9900 tona qədər,

tutumu isə 537 iyirmi fut ekvivalentinə çatacaq. Bu gəmilərin ikisi Bakı Gəmiqayırma

Zavodunda inşa ediləcək.

 

Flora SADIQLI,

"Azərbaycan"

Избранный
1
5
azerbaijan-news.az

10Источники