RU

“Həkim pasiyentə qarşı deyil, onun yanındadır” - Psixoloqdan AÇIQLAMA

“Sağlamlıq məsələsində tərəflər yoxdur. Yalnız bir ümumi məqsəd var – insanın sağlamlığı və həyatı. Pasiyentlər və həkimlər bu məqsədin eyni tərəfindədir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb.

Onun sözlərinə görə bu sahədə ortaq məqsəd insan sağlamlığının və həyatının qorunmasıdır: “Vətəndaşın keyfiyyətli tibbi xidmət almaq, hörmətlə qarşılanmaq və sağlamlığı barədə aydın, dürüst məlumat əldə etmək hüququ var. Bu hüquqların təmin olunması səhiyyə siyasətinin mahiyyətini təşkil edir. İttiham və inamsızlıq üzərində qurulan münasibətlər sistemi gücləndirmir və nəticəni yaxşılaşdırmır. Əksinə, belə yanaşma tibbi xidmətin keyfiyyətinə mənfi təsir göstərir, həkimin peşə məsuliyyətini daha da ağırlaşdırır və motivasiyanı zəiflədir. Həkim pasiyentin qarşısında duran tərəf deyil, onun sağlamlığı uğrunda çalışan əsas tərəfdaşıdır. Qarşılıqlı hörmət, etimad və aydın ünsiyyət effektiv tibbi yardımın əsas şərtləridir”.

R.Nəcəfov qeyd edib ki, tibb yalnız texniki biliklər toplusu deyil, eyni zamanda psixoloji və kommunikativ prosesdir: “Pasiyentin özünü dinlənilmiş hiss etməsi və həkimin emosional vəziyyəti düzgün dəyərləndirməsi bu münasibətin təməlini formalaşdırır. İnsan eşidilmədiyini düşündükdə, ən düzgün izah belə təsir gücünü itirir. Empatiya və qarşılıqlı anlayış bu körpünü qurur. Səhiyyədə real irəliləyiş yalnız bu dəyərlər üzərində formalaşan etimad mühiti ilə mümkündür”.

Избранный
10
2
musavat.com

3Источники