RU

Əliqismət Lalayev: Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - MÜSAHİBƏ

BAKI, 6 may. TELEQRAF

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının sabiq direktoru Əliqismət Lalayev Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Əliqismət müəllim, iyulda 70 yaşınız tamam olacaq. 1995-ci ildən Mədəniyyət Nazirliyində müxtəlif məsul vəzifələrdə, İncəsənət Baş İdarəsinin rəisi, İncəsənət şöbəsinin müdiri və daha sonra 17 il Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru kimi fəaliyyət göstərmisiniz. Bu illəri necə dəyərləndirirsiniz?

- Bəli, ömrümün 50 ildən çoxunu, düz yarım əsrdən bir az da artıq müddətdə bu sahədə işləmişəm. Mədəniyyət sahəsində çalışmaq mənim mahiyyətimlə bağlı olub. Tərcümeyi-halıma nəzər salanda düşünürəm ki, ömrüm hədər getməyib. Bu illər ərzində gördüklərim, çalışdığım sahələrdəki uğurlarım, hamısı mənim həyatımın səhifələridir. Hesab edirəm ki, hər şey yaxşı, ürəkaçan olub və bundan sonra da yaxşı olacağına hər zaman ümid edirəm.

- 2008-2025-ci illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına rəhbərlik etdiyiniz dövrü nəzərə alsaq, bu mərhələni həm yaradıcılıq, həm də inkişaf baxımından necə xarakterizə edərsiniz?

- Mən teatra rəhbər təyin olunanda Musiqili Komediya Teatrı statusunu daşıyırdı. Sonradan adı dəyişdirilərək Musiqili Teatr oldu. Daha sonra, 2014-cü ildə ölkə Prezidentinin sərəncamına əsasən teatra akademik status verildi.

Hesab edirəm ki, teatrda çalışdığım illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tarixində yüksəlişə doğru atılan ən mühüm addımlarla yadda qaldı, teatrın adının dəyişdirilməsi, buna uyğun olaraq yeni repertuar siyasətinin formalaşması, teatrın klassik səviyyədə inkişafı üçün atılan addımlar, Azərbaycan teatrının ölkədən kənarda belə tanınması və müxtəlif festivallarda və səfərlərdə yüksək səviyyədə dəyərləndurilməsi - bütün bunlar təbii ki, qazandığımız uğurlardır.

Əvvəllər teatrda yalnız komediya janrında əsərlər səhnəyə qoyulurdusa, Musiqili Teatr statusu aldıqdan sonra bütün janrlarda tamaşalar hazırlamağa başladıq. Akademik status əldə etdikdən sonra isə məsuliyyətimiz daha da artdı. Artıq akademik səviyyəyə uyğun musiqili əsərlərin hazırlanmasına xüsusi ehtiyac yarandı. Biz müxtəlif qastrol səfərlərində iştirak etdik, bir çox ölkələrdə çıxış etdik və demək olar ki, teatrımızı tanıtmaq üçün heç vaxt olmadığımız ölkələri gəzdik - Albaniyadan tutmuş okeanın o tayına, Amerikaya qədər...

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Azərbaycanın yeganə sənət ocağıdır ki, Amerikada qastrol səfərdə olub. Vaşinqtonda, Nyu-Yorkda çox uğurlu çıxışlarımız oldu. Musiqili teatrların beynəlxalq assosiasiyasına daxil olduq. Xarici ölkələrdə də teatrımızın və kollektivimizin mövcudluğu, həmçinin zəngin repertuarı haqqında məlumat aldılar. Türkiyə, İran, Gürcüstan, Belarusiya və Rusiyanın ən müxtəlif şəhərlərinə qastrol səfərlərinə getdik. Tamaşalarımız hər yerdə böyük rəğbətlə qarşılandı və hər zaman çox uğurlu alındı.

- Həmin illərdə teatrın repertuar siyasətinin formalaşdırılması, yeni tamaşaçı auditoriyasının cəlb olunması və beynəlxalq əməkdaşlıqların qurulması istiqamətində hansı strateji prioritetlər ön plana çıxdı?

- Ən çox diqqət yetirdiyim məsələlərdən biri teatrda yeni əsərlərin səhnəyə qoyulması idi. Xüsusilə, klassik və akademik əsərlərə müraciət olunmasına üstünlük verirdik. Musiqili əsərlərin repertuarda yer alması bizim üçün çox vacib idi.

Bildiyiniz kimi, mənim fəaliyyət göstərdiyim illərdə gənclərin teatra cəlb olunması istiqamətində mühüm addımlar atıldı və onların repertuarda yer tutmasına geniş imkanlar yaradıldı. Məqsədimiz gənclərin yaradıcılığının inkişaf etdirilməsi və onların istedadının yaşlı nəslə məxsus təcrübə ilə cilalanması idi. Bu baxımdan müştərək işlər çox uğurlu nəticələr verdi.

Təbii ki, yaşlı nəsil öz təcrübə və tövsiyələrini gənclərlə bölüşürdü və bu qarşılıqlı əməkdaşlıq ümumi yaradıcılıq mühitinə müsbət təsir göstərirdi. Biz gənclərin teatra cəlb edilməsinə yalnız aktyor heyəti ilə məhdudlaşmayaraq, balet, xor , orkestr və hətta texniki sahələrə də cəlb olunmasına xüsusi önəm verdik və buna nail olduq. Bu gün kollektivin demək olar ki, yarıdan çoxunu gənclər təşkil edir.

- O qisimdən hansı tamaşaların adını çəkmək istərdiniz?

- Mən tamaşaların adlarını çəkmək istəmirəm. Niyə? Ona görə ki, birinin adını çəkib, digərini qeyd etməsəm, inciklik yarana bilər. Hazırda onların yanında deyiləm.

Mənə elə gəlir, əgər teatra rəhbərlik etdiyim dövrdə hansısa tamaşa hazırlanıb, repertuara daxil edilibsə və tamaşaçılara təqdim olunubsa, deməli, biz həmin tamaşada dəyərli cəhətlər görmüşük. Biz hər zaman tamaşaçılara keyfiyyətli tamaşalar təqdim etməyə çalışmışıq və buna nail olmuşuq.

- Bugünkü Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyətini ümumilikdə necə dəyərləndirirsiniz? Teatrın repertuar siyasəti, tamaşa seçimi və səhnə estetikası sizi nə dərəcədə qane edir? Ümumiyyətlə, teatrın repertuarını izləyirsinizmi?

- Artıq bir ildir ki, sevimli teatrdan ayrılmışam. Bu müddət ərzində mənim planlaşdırdığım tamaşalar hazırlanaraq təhvil verilib. Məsələn, Kamal Abdullanın “Gülçöhrə və Əsgər” əsəri əsasında hazırlanmış tamaşanın rejissoru Əsgər Əsgərov, bəstəkarı Cavanşir Quliyev idi və həmin tamaşa artıq təqdim olunub. Bu barədə məlumatım var.

Həmçinin Moskvadan rejissor Ələkbər Tağızadəni dəvət etmişdik. O, öz ssenarisi əsasında “Sən kralsan” adlı, dünya ulduzu Elvis Presliyə həsr olunmuş bir əsər üzərində işləyirdi. Dirijor kimi isə Cavad Tağızadə dəvət olunmuşdu. Baletmeyster Kamilə Əliyeva çox gözəl rəqslər qurmuşdu. Tamaşa Ələkbər Tağızadənin quruluşunda, onun librettosu əsasında müzikl kimi hazırlanaraq təhvil verildi. Yəni bunlar mənim fəaliyyət dövrümdə planlaşdırılan və sonradan tamamlanan tamaşalar idi.

Təbii ki, hazırda yeni tamaşalar da hazırlanır və düşünürəm ki, yaxın zamanda digər yeni səhnə əsərləri də tamaşaçıların ixtiyarına veriləcək.

- Teatrda rəhbərlik etdiyiniz dövrlər üçün darıxırsınızmı? Ondan sonrakı mərhələdə hər hansı çətinlik yaşadınızmı?

- Darıxıram desəm düz çıxmaz. Çünki bu, mənim həyatımın bir hissəsidir və bu gün də fəaliyyətimdə hər hansı çətinlik hiss etmirəm. Hazırda İncəsənət Universitetində dosent kimi fəaliyyət göstərirəm, dərs deyirəm. Eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasında da çalışıram. Burada tamamilə yeni bir fənn - balet rejissorluğu fənnini tədris edirəm.

Bildiyiniz kimi, Azərbaycan teatrında balet tamaşalarını ənənəvi olaraq xoreoqraflar, baletmeysterlər hazırlayıblar, lakin rejissor yanaşması geniş tətbiq olunmayıb. Mən isə tələbələrə baletdə rejissor sənətinin vacibliyini aşılayıram. Hesab edirəm ki, ölkəmizdə peşəkar balet rejissorlarının yetişməsi olduqca önəmlidir və bu istiqamətdə çalışıram.

İncəsənət Universitetində isə ixtisasım üzrə, rejissorluq sahəsində, xüsusilə rejissorun aktyorla işi, musiqili əsərlərin səhnələşdirilməsi fənlərni tədris edirəm. Düşünürəm ki, gənclərlə işləmək çox maraqlıdır və mən əslində eyni yaradıcılıq yolumu davam etdirirəm.

- Teatrda rəhbərlik müddətinizin bir neçə il daha uzadılmasını istərdinizmi?

- Mən realist insanam, hər şeyə real yanaşıram. “Əgər belə olmasaydı nə olardı" və sair kimi suallar ətrafında düşünmürəm. Mənim üçün əsas məntiq budur: əgər bir şey baş veribsə, deməli, o elə də olmalı idi. Hadisələrə bu prizmadan baxıram.

- Vəzifədən ayrıldıqdan sonra insanların ətrafında müəyyən dəyişikliklər baş verir, bəziləri uzaqlaşır. Siz bu baxımdan hansısa fərqləri hiss etdinizmi?

- Bəli, həyatda elə məqamlar olur ki, ətrafındakı bəzi insanlar səndən uzaqlaşır. Mən indi belə hesab edirəm bu, müəyyən mənada insanın yükünü azaldır, onu yüngülləşdirir. Lakin qeyd etməliyəm ki, bu gün də ətrafımda kifayət qədər insan var. Teatrın əməkdaşları və demək olar ki, bu cameədə çalışan xeyli tanıdıqlarım bayramlarda zəng edir, fikirlərini bölüşürlər, onlardan çoxsaylı mesajlar alıram. Tələbələrim daim yanımdadır. Hətta bayram günlərində o qədər təbrik mesajı gəlir ki, hamısına cavab verməkdə çətinlik çəkirəm.

Əlbəttə, bəzən elə hallar da olur ki, kimlərdənsə zəng gəlmir və ya əlaqə zəifləyir. Bunu da təbii qəbul edirəm. Düşünürəm ki, bu, müəyyən mənada insanın həyatını sadələşdirir və onu artıq yükdən azad edir. Əgər kimlərsə münasibətlərdə səmimi olmayıbsa, bunun ən yaxşısını onların özləri bilirlər. Bu barədə ayrıca nəsə deməyə ehtiyac görmürəm.

- Məmur dostlarınız varmı və bu gün həmin dostluqlar davam edirmi?

- Məmur yaxınlarım var və bu gün də münasibətlərimiz davam edir. Biz vəzifəyə görə deyil, insanlığa görə yaxın olmuşuq. Ümumiyyətlə, “məmur” deyirik, hətta vurgu da başqa cür səslənir , amma hamımız insanıq. Mən özüm də 15 il dövlət qulluqçusu olmuşam.

- 17 il teatr rəhbəri kimi fəaliyyət göstərmisiniz və bu müddət ərzində səhnəyə çoxsaylı aktyorlar qazandırmısınız. Sizcə, həmin şəxslər və bu sahə etibarlıdırmı?

- Mənim üçün cavab birmənalı olaraq “hə”dir. Çünki bu sahədə hər zaman etibar görmüşəm və özüm də etibarlı olmuşam. Mənim çox dəyərli müəllimlərim olub. Mehdi Məmmədovun, Rza Təhmasibin kursunda oxumuşam, böyük Tofiq Kazımovdan dərs almışam. Bu ustadlar bu gün həyatda olmasalar da, onların məktəbi mənim üçün hər zaman yaşayır. Bu qisimdən Xalq artisti Elmira Şabanova da mənim müəllimim olub.

Elmira xanımla ən azından həftədə bir dəfə mütləq danışırıq. 85 yaşı tamam olanda onu ilk təbrik edənlərdən biri mən oldum. Çox kövrəldi. Məncə, bu, sadəcə münasibət deyil, sədaqət və diqqətdir. Mən eyni münasibəti tələbələrimdə də görürəm. Həyatımda sevdiyim, dəyər verdiyim insanlar var ki, onlar da bu münasibəti qoruyurlar.

Amma mənim üçün hər şeydən əvvəl ailə dayanır. İş, iş yoldaşları önəmlidir, amma insanın dayağı ailəsidir. Bu gün ailəm mənim yanımdadır. İki övladım və altı nəvəm var. Mənim ən böyük xoşbəxtliyim budur.

- Ailə üzvlərinizdən mədəniyyət sahəsində faəliyyət göstərəni varmı?

- Böyük qızım musiqiçi, kiçik qızım hərbçidir. İki nəvəm Bakı Xoreoqrafiya Akademiyasında təhsil alır. Böyük nəvəm İcra Hakimiyyətində çalışır. Biri isə beynəlxalq münasibətlər ixtisasını bitirib. Digər iki nəvəm 6 nömrəli məktəbdə təhsil alır.

- Sizin rəhbərliyiniz dövründə səhnələşdirilən tamaşlardan hansını daha uğurlu hesab edirsiniz?

- Bütün tamaşaları uğurlu hesab edirəm, heç birini bir-birindən fərqləndirmək istəmirəm. Əgər o tamaşaların altından imza atmışamsa, deməli, onları dəyərli sayıb qəbul etmişəm. Amma hər bir iş şedevr ola bilməz. Yazıçının 50 əsəri varsa, o demək deyil ki, hamısı şedevrdir. Bir işi tamaşaçıya təqdim etmişəmsə, deməli, onu yaxşı iş kimi qəbul etmişəm.

- Bir zamanlar teatr səhnəsində çox böyük sənətkarlar fəaliyyət göstərib. Necə düşünürsünüz, bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrınım simasını formalaşdıran aktyorlar varmı?

- Hesab edirəm ki, Afaq Bəşirqızı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının simasıdır.

- Bir az öncə qeyd etdiniz ki, rəhbəri olduğunuz teatrda yeni hazırlanan tamaşalar var. Həmin tamaşaları necə dəyərləndirirsiniz?

- O tamaşalara baxmamışam, ona görə bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Amma müşahidələrimdən hiss edirəm ki, ümumilikdə digər teatrlarda necədirsə, yəqin ki, orada da vəziyyət eynidir. Yaradıcılıq işləri davam edir .

- Ümumiyyətlə, bu gün teatr sənətini necə qiymətləndirirsiniz?

- Bu gün teatrlarımızda şəxsiyyət ola biləcək, səhnəyə gətirdiyi tamaşası ilə teatrın simasını təyin edə biləcək lider rejissorlara ehtiyac var. Zəngin aktyor sənətimiz mövcuddur, istər yaşlı nəsil, istər orta nəsil, istərsə də gənc nəsil. Ümid edək ki, dediyim lider rejissorlar müasir teatrın simasını ortaya qoyduqdan sonra böyük uğurlara nail ola biləcəyik.

- Müasir texnologiyaların teatr səhnəsinə inteqrasiyası barədə fikirləriniz necədir?

- Bu gün teatr tamaşalarının ən uğurlu həllərindən biri müasir texnologiyalardan istifadədir. Artıq müasir texnologiyalar olmadan çağdaş tamaşa haqqında danışmaq demək olar ki, mümkün deyil. Dünyanın müxtəlif teatrlarının Bakıya qastrol səfərləri zamanı təqdim etdikləri tamaşalarda, eləcə də beynəlxalq festivallarda nümayiş olunan işlərdə bunu aydın şəkildə görürük. Onların texnoloji imkanları yüksək səviyyədə qurulub. Məsələn, Özbəkistandan gəlmiş “Lazgi” kollektivi buna yaxşı nümunədir, onların təqdimatı texnologiyanın səhnədə necə effektiv istifadə oluna biləcəyini açıq şəkildə göstərirdi.

Ümumilikdə, Bakıya gələn və xarici səfərlərdə olarkən baxdıgımız tamaşaların nümayişində bu vasitələrlə nələri etməyin mümkün olduğunu görmək olur.

- Maliyyə və təşkilati çətinliklər teatrın yaradıcılıq prosesinə nə dərəcədə təsir edir?

- Bu məsələ təkcə teatrlarla məhdudlaşmır. Hər bir sahədə, istər mədəniyyətdə, istər səhiyyədə, təhsildə, idmanda, istərsə də digər sahələrdə maliyyə çatışmazlığı olarsa - bu, fəaliyyətə birbaşa təsir göstərir. Əgər maddi imkanlar məhduddursa, bu, inkişafın tempinə və keyfiyyətinə də təsirsiz ötüşmür. Teatr da istisna deyil. Ümumilikdə, maliyyə imkanları nə qədər genişdirsə, görülən işlərin səviyyəsi də bir o qədər yüksək olur.

- Son zamanlar hansısa teatr tamaşasına getmisinizmi?

- Heydər Əliyev Sarayında nümayiş etdirilən bir neçə tamaşaya , o cümlədən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşalarına getmişəm. Tələbələrimdən biri - Nahid Qulamzadə “Paris Notr-Dam kilsəsi" əsərini səhnəyə qoyub. O, ƏSA Teatrının yaradıcısı və baş rejissorudur. Onun tamaşasına baxdım və çox sevindim.

ƏSA Teatrı inklüziv tamaşalar hazırlayır və bu işi çox yüksək qiymətləndirirəm. Bundan əlavə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşalarında da olmuşam. Bizim universitetdə tələbələrin kurs və diplom işləri təqdim olunur. Onların hər birinə baxmaq həm vəzifə borcumuzdur, həm də maraqlıdır. Çünki gələcəkdə bizi kimlərin əvəz edəcəyini görmək baxımından bu, mənim üçün xüsusi maraq doğurur.

- İş xaricində günlərinizi necə keçirirsiniz?

- İşdən kənar vaxtımı ailəmə, uşaqlarıma ayırıram. Məsələn, dünən axşam ailə üzvlərimizlə kinoya getdik. Tamaşalara da gedirik, amma daha çox nəvələrimin iştirakı ilə olan konsertlərə getməyə çalışıram. Bu günlərdə onların Opera Studiyasında növbəti konserti keçiriləcək. Ailəlikcə yaxınlarımın uğurlarını görmək mənim üçün çox xoşdur.

- Gənc aktyorlarımız arasında istedadlılar çoxdurmu?

- Var. Bu gün teatrda çox istedadlı aktyorlarımız var. Bu teatrın aktyorları digər teatrlardan fərqlənirlər. Onlar simfonik orkestrin müşayiəti ilə oxumalıdırlar, mütləq yaxşı səsləri olmalıdır. Həm də geniş hazırlıqları olmalıdır, rəqs elementlərini yüksək səviyyədə bacarmalıdırlar. Əgər aparıcı rollar ifa edirlərsə, mütləq klassik hazırlığa sahib olmalıdırlar. Eyni zamanda, dediyim kimi, aktyor kimi də obrazı dolğun şəkildə yaratmalıdırlar.

Musiqili teatrın aktyoru olmaq çox çətindir, orada işləmək böyük zəhmət tələb edir. Biz vaxtilə ildə iki dəfə – yanvar və sentyabr aylarında kastinqlər keçirirdik. Vakant yerlər üçün müsabiqə elan olunurdu. Bu gün musiqili teatrda çalışanların əksəriyyəti gənclərdir və onların hamısı kastinq yolu ilə seçiliblər. Mən işlədiyim müddətdə universitetdə də dərs deyirdim və istedadlı tələbələri teatra cəlb edirdim. İmtahanlarda fərqlənən gəncləri seçib teatrda işə götürürdüm.

Eyni zamanda balet, xor və orkestr artistləri də kastinq vasitəsilə seçiliblər. Onların təxminən 80 faizi kastinq yolu ilə teatra qəbul olunub. Bakı Xoreoqrafiya Akademiyasının məzunları da bu prosesdə hər zaman fəal iştirak ediblər.

- Əliqismət müəllim, teatrda fəaliyyət göstərdiyiniz illərdə necə rəhbər idiniz?

- Yəqin ki, bu barədə mən yox, kollektiv özü fikir bildirər.

- Bəs, özünüzü rəhbər kimi necə xarakterizə edərsiniz?

- Bildirim ki, bütün hallarda kollektivimizin yanında olmuşam. Rəhbər nə deməkdir!? Yaşından asılı olmayaraq, sən onların böyüyü, dayaq nöqtəsi olmalısan. Mən həmişə işçilərimin çətin anlarında yanlarında olmuşam. Bu, xüsusən vacibdir. Bütün məsələlərdə kollektivin yanında olmaq insana başucalığı gətirir.

- Fəaliyyətiniz illərində işdən çıxardığınız aktyor olubmu?

- Xatırlamıram. Amma aktyor olub ki, sadəcə xarici ölkəyə getdiyi üçün teatrdan ayrılıb. Amma sonradan qayıtmaq üçün müraciət ediblər və mən də demişəm ki, buyurun, gəlin. Belə faktlar olub.

- 17 illik rəhbərlik etdiyiniz teatr kollektivinə nə demək istərdiniz?

- Hər kəsə uğurlar arzulayıram. Ən böyük arzum odur ki, hər kəs gördüyü işi və çalışdıgı teatrı, kollektivi sevsin. İllər uzunu bir yerdə çörək kəsdikləri insanlara qarşı vəfalı və sədaqətli olmagı bacarsınlar.

- Özünüzlə bağlı nə kimi arzularınız var?

- Yalnız can sağlığı arzulayıram. Həyatda can sağlığından dəyərli heç nə yoxdur. Heç bir iş, heç bir vəzifə, heç bir mal-mülk can sağlığını əvəz etmir. Canın sağlam olsa, hər şeyə nail ola bilərsən; əks halda isə əldə etdiklərinin də heç bir dəyəri, əhəmiyyəti qalmır.

- Əliqismət müəllim, sizinlə 70 illik yubileyiniz ərəfəsində də görüşəcəyik.

- Mən razıyam. Təki sağlıq olsun.

Foto: Elnur Muxtar

Избранный
16
teleqraf.com

1Источники