RU

Bakıda gənc rəssamların Mən fəxr edirəm ki, azərbaycanlıyam adlı sərgi müsabiqəsi təşkil edilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 may, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyətinin Humanitar şöbəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Mərkəzi Nəbatat Bağının birgə təşkilatçılığı ilə gənc rəssamların əsərlərindən ibarət “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sərgi-müsabiqə keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunub.

Mərkəzi Nəbatat Bağında təşkil olunan sərgidə Azərbaycanın zəngin mədəni irsi gənc nəslin yaradıcılığında dolğun və rəngarəng şəkildə əks etdirilib.

Sərgidə akademiyanın 25 tələbəsinin rəngkarlıq əsərləri və xalça layihələri nümayiş olunub. Təqdim edilən işlər gənc rəssamların peşəkar hazırlığını və yaradıcı yanaşmasını aydın şəkildə ortaya qoyub.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının şöbə müdiri Elmin İmanov, Mərkəzi Nəbatat Bağının direktoru Əli Cəfərov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına göstərdiyi diqqət və qayğını vurğulayıb, onun zəngin irsinin gənc nəslin yaradıcılıq ruhunun formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.

Sərgi çərçivəsində keçirilən müsabiqənin nəticələrinə əsasən gənc rəssamlar Cahan Musayeva I yerə, Aydan Qurbanova II yerə, Nərmin Nadirova isə III yerə layiq görülüblər. Bununla yanaşı, 15 iştirakçı həvəsləndirici mükafatlarla təltif olunub.

Qaliblərə pul mükafatları və sertifikatlar, digər iştirakçılara isə hədiyyələr təqdim edilib.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının orkestrinin ifasında konsert proqramı təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
azertag.az

1Источники