RU

“İrəvan dialoqu”nun hədəfi sülhdürsə...

Son bir həftədə Ermənistan paytaxtının regional və qlobal əhəmiyyətli məclislərə ev sahibliyi etməsi təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Bu tədbirlərin sülhə və əməkdaşlığa töhfə verəcəyinə ümid edilməsi baxımından rəsmi Bakının da məmnunluqla müşayiət olunan reaksiyası xüsusi qeyd olunmalıdır.

“Avropa Siyasi Birliyi”nin VIII Zirvə görüşünün, Aİ–Ermənistan sammitinin ardınca “İrəvan dialoqu – 2026” beynəlxalq konfransın keçirilməsini iki ölkə arasında sülhə doğru atılan addım kimi qəbul etmək istərdik. Bu istəyimizə kölgə sala biləcək tək məqam sadaladığımız tədbirlərin Nikol Paşinyan hakimiyyətinin seçkiqabağı təbliğat kampaniyası kimi daxili bazara hesablanmış taktiki gediş ola biləcəyi ilə bağlı əndişəmizdir. Əslində, beynəlxalq miqyaslı ilk iki tədbirdə avropalı təşkilatçıların və yüksək çinli rəsmilərin dilindən Ermənistanın indiki iqtidarına 7 iyun parlament seçkilərini şəffaf, demokratik, kənar müdaxilə və təhdidlərə yol vermədən keçirilməsində dəstək nidalı çıxışları bu əndişəmizin əsassız olmadığına dəlalət edir. Yəni Qərbin aparıcı siyasi institutlarının yetkililərinin İrəvandakı çıxışlarında sülhdən daha çox seçkilərdən və proksi təhdidlərdən söz açmaları niyyətin hara yönəldiyi, əsas məqsədin nədən ibarət olduğu barədə müəyyən qənaət formalaşdırır.

Dünən Ermənistan paytaxtındakı “Dvin” kompleksində öz işinə başlayan “İrəvan dialoqu - 2026” ikinci beynəlxalq konfransın gündəliyi də bölgədə və dünyada sülhə, təhlükəsizliyə və əməkdaşlığa çağırış motivləri üzərində tərtib olunmuşdu. Konfransın gündəliyinə əsasən, “İrəvan dialoqu”nda azərbaycanlı politoloqlar Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyev qonaq qismində iştirak ediblər. Oxuculara xatırladaq ki, onlar iki ölkənin hökumətlərinin təşəbbüsü ilə həyata keçirilən “Sülh körpüsü” təşəbbüsünün üzvləridir. Tədbir çərçivəsində regional təhlükəsizlik, əməkdaşlıq perspektivləri və sülh quruculuğu prosesləri ətrafında müzakirələr aparılıb.

“Azərbaycan və Ermənistan arasındakı sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır”. Ermənistan mediası “Sülh körpüsü” təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun konfransdakı çıxışında dilə gətirdiyi bu sözləri iqtibas kimi verib. F.Məmmədov, həmçinin qeyd edib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda iki ölkə arasında sülh gündəliyi və sülhə doğru addımların ardıcıllığı razılaşdırılıb: “Bu, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması və kommunikasiyaların açılması üçün şərait yaradır. Beləliklə, Cənubi Qafqaz üçün yeni imkanlar açılır və eyni zamanda, region ölkələri özləri dəyişikliklərin əsas aparıcı qüvvələri kimi çıxış edirlər”. Azərbaycanlı politoloqun sözlərinə görə, Cənubi Qafqaz bir çox beynəlxalq və regional layihələrə cəlb edilib və Yaxın Şərqin, xüsusən “Bir kəmər, bir yol” təşəbbüsünün quru marşrutunun bir hissəsi kimi nəzərdən keçirilir”.

F.Məmmədov çıxışında onu da konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan və Ermənistan üçüncü tərəfin müdaxiləsi olmadan ikitərəfli formatda danışıqlar aparır. Onun sözlərinə görə, bu, mürəkkəb məsələləri həll etməyə imkan yaradan, digər aktorların kənardan manipulyasiyasına yol verməyən irəliləyişdir: “Yalnız Bakı ilə İrəvanın razılığı ilə üçüncü ölkələr danışıqlar prosesinin müxtəlif istiqamətlərində iştirak edə bilər. Bu, yeni formuldur və mürəkkəb məsələlərin həllinə imkan verir, eyni zamanda, xarici oyunçuların manipulyasiya imkanlarını minimuma endirir”.

* * *

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın konfransdakı çıxışında dünyada dəyişən geosiyasət və blokların vacibliyi, bir çox ölkələrin özünümüdafiə imkanlarına daha çox diqqət yetirmələri barədə söylədikləri təbii qəbul olunmalıdır. Onun “İrəvan dialoqu”nun “Avropa güc və dominantlığın yeni təzahürləri arasında” adlı panel müzakirəsində dediyinə diqqət yetirək: “Mən deməzdim ki, bloklar işləmir. Bloklar hələ də vacibdir, amma diqqəti öz imkanlarımıza yönəltmək də vacibdir. Hazırda dövlətlərin üzləşdiyi problemlərin həllində daxili imkanlar və tərəfdaşlıq çox vacibdir”. “Armenpress”in yaydığı məlumatda o da qeyd olunur ki, A.Qriqoryan çıxışında Ermənistanın son illər mümkün qədər çox alternativə malik olmaq üçün diversifikasiyaya böyük önəm verməsindən, geosiyasi inhisarın problem yaratmasından danışıb. “Alternativlər həmişə olmalıdır. Bu, müasir dünyanın əsas mesajıdır”, – deyən Təhlükəsizlik Şurasının katibi bu kontekstdə qlobal ÜDM-in 110 trilyon dollarının bir boğazdan necə asılı ola biləcəyini maraqlı hesab edib: “Bu, bütün enerji təhlükəsizliyi konsepsiyasını sual altına qoya, onu yenidən nəzərdən keçirməyə və alternativ tapmağa məcbur edə bilər”.

Aydın məsələdir ki, A.Qriqoryan bu sözləri deyərkən Yaxın Şərqdə münaqişə başlayandan sonra gəmiçiliyin ciddi şəkildə məhdudlaşdırıldığı və enerji təchizatı zəncirini pozan Hörmüz boğazındakı durumu nəzərdə tuturdu. Onun fikrincə, indiki geosiyasətdə, beynəlxalq münasibətlərdə, yaxud dövlətlərin üzləşdiyi problemlərdə nəyisə proqnozlaşdırmaq çətindir, fəqət Ermənistan üçün ən vacibi dövlətin problemlərini həll etmək üçün kifayət qədər imkanın olmasıdır.

* * *

Xarici işlər naziri Ararat Mirzoyan əvvəlki praqmatik tonlu çıxışında Ermənistanla Azərbaycan arasında sülh sazişi hələ imzalanmasa da, artıq sülhün bərqərar olduğunu bildirib. Erməni mediasının məlumatına görə, A.Mirzoyan “İrəvan dialoqu” beynəlxalq konfransı çərçivəsində keçirilən müzakirələrdə birmənalı şəkildə bəyan edib ki, son bir ildə Azərbaycanla sərhəddə heç bir insident baş verməyib, sərhəd atəşindən heç bir insan tələfatı olmayıb: “Üstəlik, Azərbaycan öz ərazisindən Ermənistana yüklərin daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu, artıq sülhə doğru böyük addımdır. Biz Azərbaycanla ikitərəfli ticarətə də başlamışıq, Azərbaycandan neft məhsulları alırıq və bəzi malları Azərbaycan şirkətlərinə satacağıq”.

Hayların baş diplomatının “bu, həqiqətən sülhün sübutudur. Mən deyə bilmərəm ki, bütün məsələlər həll olunub. Bizim çox qanlı münaqişəmiz olub, yaralar hələ təzədir və hər iki xalqın həqiqi barışığa ehtiyacı var” sözləri sülhün uzaqda olmadığına ümidləri nə qədər artırırsa, onun həll olunmamış problemlər qismində “Bakıda saxlanılanlar var. Amma bu yol çox nikbindir” kimi açıqlaması rəsmi İrəvanın hələ də Ermənistan–Azərbaycan normallaşmasına axıra qədər sadiqliyinə müəyyən şübhələrin yaranmasına rəvac verir. Bu ritorikanın təkcə Bakıya deyil, beynəlxalq konfrans iştirakçılarının təmsil etdikləri ölkələrə də ünvanlandığını nəzərə alsaq, cavab çox kəskin və birmənalı olmalıdır. Əslində, Mirzoyanı bu sözləri deməyə cürətləndirən Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsi və xaricdəki erməni lobbisinin anti-sülh fəaliyyətidir desək, səhvə yol vermərik. Onların cavabını isə Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin VIII Zirvə görüşünün iştitakçılarına videobağlantı formatında müraciətində qəti şəkildə verdi.

Ardınca Mirzoyan çıxışında utanmadan deyib ki, Ermənistanla Türkiyə arasında dialoq əlverişli nəticələr verə biləcək səviyyəyə çatıb: “Türkiyə ilə əla dialoqumuz var. Əməkdaşlıq üçün çoxlu imkanlar yaranıb. Elə dünən bizim nümayəndələrimiz Ermənistan və Türkiyə sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpasına dair memorandum imzaladılar”. Bu isə İrəvanın sübuta ehtiyac duyulmayan ikibaşlı, riyakar siyasətinin parlaq nümunəsidir.

Son bir həftədə baş verənlərə, xüsuslə “İrəvan dialoqu – 2026” beynəlxalq konfransında səslənən fikirlərə yekun dəyərləndirmə kimi, yazımıza müdriklərimizin köpək və çomaq barədə kəlamı ilə nöqtə qoymağımız yerinə düşər.

İ.HƏSƏNQALA
XQ

Избранный
17
1
xalqqazeti.az

2Источники