Cümə axşamı səhər saatlarında bir neçə pilotsuz uçuş aparatı (PUA) Rusiya tərəfdən Latviyanın hava məkanına daxil olub.
Musavat.com xəbər verir ki, Latviya Milli Silahlı Qüvvələrinin (MSQ) məlumatına görə, ölkə ərazisinə daxil olan dronlardan ikisi yerə düşüb.
Hadisə yerinə dərhal Milli Silahlı Qüvvələr, Dövlət Polisi və Dövlət Yanğından Mühafizə və Xilasetmə Xidmətinin bölmələri cəlb olunub. Fövqəladə hallar xidmətinə daxil olan məlumatlara görə, gecə saat 03:30 radələrində Rezekne şəhərinin Komunala küçəsində yerləşən neft bazasında yanğın təhlükəsi ilə bağlı çoxsaylı zənglər daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər açıq alov aşkar etməsələr də, rezervuarlardan birinin soyudulması üçün zəruri tədbirlər görüblər.
Rezekne Diyar Dumasının sədri Quntars Skudra təsdiqləyib ki, PUA-lardan biri "East-West Transit" MMC-nin filialının ərazisinə düşüb.
Dronun boş neft rezervuarına çırpıldığı bildirilir. Sakinlər sosial şəbəkələrdə gecə saatlarında səmada qorxulu səs-küy, mühərrik uğultusu və partlayışa bənzər səslər eşitdiklərini, güclü işıq parıltısı gördüklərini paylaşıblar.
Milli Silahlı Qüvvələrin sorğusu əsasında səhər saat 04:00-dan etibarən Ludza, Balvi və Rezekne diyarlarının sakinlərinə hava təhlükəsi ilə bağlı xəbərdarlıq mesajları göndərilib. Sakinlərə qapalı məkanlarda qalmaları, pəncərə və qapıları bağlamaları, şübhəli obyekt gördükdə onlara yaxınlaşmadan "112" xidmətinə məlumat vermələri tövsiyə olunub.
Dövlət Polisi rəisinin müavini Andris Zellisin verdiyi məlumata görə, hazırda iki dronun düşməsi ehtimalı araşdırılır. PUA-lardan birinin neft bazasına düşdüyü dəqiqləşsə də, ikincisinin düşdüyü yerin müəyyənləşdirilməsi üçün axtarışlar davam edir. Faktla bağlı cinayət işi açılıb, hadisənin təfərrüatları araşdırılır.
Qeyd edək ki, Latviyada bənzər hava həyəcanı sonuncu marta mayın 3-nə keçən gecə Ukraynanın Rusiyadakı neft terminallarına hücumu zamanı elan edilib. Lakin budəfəki insident dronların birbaşa Latviya ərazisindəki mülki infrastruktura düşməsi ilə nəticələnib.
Musavat.com