RU

Apple Siri gecikməsinə görə razılığa gəldi

ABŞ-ın Apple şirkəti Siri səsli köməkçisinin süni intellekt yeniləmələrinin gecikdirilməsi ilə bağlı istehlakçılar tərəfindən açılmış kollektiv iddia üzrə 250 milyon dollar məbləğində razılığa gəlib.

 

QHT.az xarici mediaya istinadən xəbər verir ki, iddia 2024-cü ildə ABŞ-ın Kaliforniya ştatındakı federal məhkəmədə Peter Landsheft tərəfindən qaldırılıb. Məsələ Apple-ın 2024-cü ildə keçirilən illik proqram təminatı tərtibatçıları konfransında bir sıra süni intellekt yeniliklərini elan etməsi və həmin funksiyaların yeni iPhone modellərində əlçatan olacağını bildirməsindən sonra yaranıb.

 

Lakin yeni iPhone modelləri bu funksiyalar olmadan satışa çıxarılıb. İddiaçılar bunun istehlakçılara və səhmdarlara zərər vurduğunu bildiriblər. 2025-ci ildə Apple Siri-nin süni intellekt əsaslı yenilənməsinin yalnız bu il təqdim olunacağını açıqlayıb. Şirkət rəhbərləri yeni Siri funksiyalarının gələn ay keçiriləcək illik tərtibatçı konfransında nümayiş etdiriləcəyini təsdiqləyiblər.

 

Apple razılaşma çərçivəsində hər hansı günahını qəbul etməyib. Razılaşmanın qüvvəyə minməsi üçün isə hakimin təsdiqi tələb olunur.

 

Şirkət açıqlamasında bildirib ki, 2024-cü ildə təqdim etdiyi “Apple Intelligence” platformasından sonra bir çox digər süni intellekt funksiyalarını istifadəyə verib.

 

“Apple iki əlavə funksiyanın əlçatanlığı ilə bağlı iddiaları həll etmək üçün razılığa gəlib. Biz bu məsələni əsas diqqətimizi istifadəçilərimiz üçün ən innovativ məhsul və xidmətləri təqdim etməyə yönəltmək üçün həll etdik”, – deyə şirkətin açıqlamasında qeyd olunub.

Избранный
43
qht.az

1Источники