RU

İğdırdakı Heydər Əliyev adına liseydə “Bir millət, iki dövlət” adlı sinif otağı açılıb  

Mayın 7-də Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev adına liseydə “Bir millət, iki dövlət” adlı sinif otağının təntənəli açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbir böyük dövlət xadiminin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

Azərbaycan xalqının Ümummilli Liderinin məşhur kəlamının şərəfinə adlandırılan sinif otağının açılışında Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, İğdır valisi Mustafa Fırat Taşolar, İğdır Universitetinin rektoru Ekrem Gürel, vilayətin Təhsil şöbəsinin müdiri Aziz Gün, iş adamı İshak Yaycılı və başqaları iştirak ediblər.

İğdır valisi qeyd edib ki, Heydər Əliyevin siyasi kursu Azərbaycanın uğurları ilə ayrılmaz şəkildə bağlıdır. O, Ulu Öndərin tarixi rolunu vurğulayıb və dahi siyasətçinin iki qardaş dövlət arasında möhkəm əlaqələrin təməlinin qoyulmasına verdiyi töhfəni qeyd edib. “İllər keçsə də, biz “Bir millət, iki dövlət” kəlamını təkrarlamağa davam edirik. Əminəm ki, birliyimiz, qardaşlığımız və həmrəyliyimiz sarsılmaz olaraq qalacaq”, - deyə M.F. Taşolar bildirib.

Azərbaycanın Qarsdakı baş konsulu, öz növbəsində, Mustafa Kamal Atatürk və Heydər Əliyevin irsini xatırladıb, Bakı ilə Ankara arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

“Dünyada elə ölkələr yoxdur ki, onların birliyi Azərbaycan və Türkiyəninki qədər yüksək səviyyədə olsun. Ölkələrimizin hər bir sakini bu birliyin qiymətini bilməlidir”, - deyə diplomat vurğulayıb.

Z. Əliyev lisey şagirdlərini Mustafa Kamal Atatürk və Heydər Əliyevin vəsiyyətlərinə əməl etməyə və ölkələrinə layiq olmağa çağırıb.

Избранный
3
1
azerbaijan-news.az

2Источники