"Apple" şirkətinin holoqrafik displeyli "iPhone" modeli üzərində işlədiyi bildirilir. Təchizat zəncirində bu cihazın "Spatial iPhone" adı ilə qeyd olunduğu iddia edilir...
Poliqon xəbər verir ki, bu barədə MacRumors məlumat yayıb.
Məlumata görə, "Samsung" belə bir cihaz üçün MH1 və ya H1 kod adı altında yeni ekran texnologiyası hazırlayır. Ekranın əsas xüsusiyyətləri arasında göz izləmə sistemi və işığın difraksiyasını idarə edən texnologiya yer alır. Bu sistem görüntünü müəyyən bucaq altında yönləndirərək xüsusi eynək olmadan üçölçülü effekt yaratmağa imkan verir.
İnsayderin iddiasına əsasən, AMOLED panelin içərisinə nano-strukturdan ibarət holoqrafik qat inteqrasiya olunacaq. Bunun nəticəsində obyektlər ekranın səthindən "üzərindən asılı qalırmış kimi" görünə biləcək. Bundan əlavə, xüsusi alqoritm istifadəçiyə telefonu əyməklə görüntü bucağını dəyişmək və obyektləri müxtəlif rakurslardan izləmək imkanı verəcək.
Bildirilir ki, ekran adi ikiölçülü rejimdə 4K keyfiyyətini saxlayacaq, holoqrafik qat isə yalnız xüsusi məzmun üçün aktivləşəcək. Texnologiya "Zero Clarity Loss" (sıfır keyfiyyət itkisi) adlandırılır və əvvəlki 3D ekranlardakı görüntü itkisi problemlərinin aradan qaldırıldığı iddia olunur.
Qeyd edilib ki, layihə hələ ilkin tədqiqat və inkişaf mərhələsindədir və belə holoqrafik smartfonların kütləvi istehsalı ən tez 2030-cu ildən sonra mümkün ola bilər. Həmçinin bildirilib ki, "Samsung" bu sahədə maraqlı yeganə şirkət deyil və "Spatial iPhone" barədə şayiələr komponent tədarükçüləri arasında da müzakirə olunur.
Poliqon.info