Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Aşqabadda yaşayan Böyük Vətən Müharibəsi iştirakçısı, əslən azərbaycanlı olan Tahirə Əliyevanı evində ziyarət edərək, onu faşizm üzərində qələbə münasibətilə təbrik edib.
Hafta.az yazır ki, səfir Qismət Gözəlov Tahirə Əliyevanın müharibə illərində göstərdiyi zəhmət və şücaətlərin böyük hörmətlə xatırlandığını qeyd edib, ona cansağlığı və uzun ömür arzulayıb.

Səfir həmçinin qeyd edib ki, Azərbaycan və Türkmənistanda Böyük Vətən Müharibəsi iştirakçıları dövlət və xalq tərəfindən yüksək qiymətləndirilir.
Tahirə Əliyeva ona göstərilən hörmət və qayğıya görə Azərbaycan diplomatına minnətdarlığını bildirərək, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıb, müharibə dövrü ilə bağlı çətin, lakin qürurverici xatirələrini bölüşüb.
Tahirə Əliyeva II Dünya Müharibəsi illərində arxa cəbhədə çalışıb, cəbhənin ərzaqla təmin olunmasına böyük töhfələr verib.