“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətti xidməti Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Abşeron rayonu üzrə bir sıra tam orta məktəblərdə silsilə maarifləndirici görüşlər həyata keçirir. Görüşlərin əsas məqsədi uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların hüquqları barədə məlumatlandırılması, eləcə də son dövrlərdə artmaqda olan kiberzorakılıq risklərinə qarşı maarifləndirmə işinin gücləndirilməsidir.
Tədbirlər zamanı şagirdlərə Azərbaycan Uşaq Qaynar Xəttinin fəaliyyəti, xidmətin hansı hallarda və necə istifadə oluna biləcəyi barədə ətraflı məlumat verilir. Eyni zamanda, kiberzorakılığın uşaqların psixoloji və emosional vəziyyətinə təsiri, onlayn təhlükələr, şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları, şantaj və kibertəhdid hallarında atılmalı addımlar haqqında təqdimatlar keçirilir.
Mütəxəssislər tərəfindən uşaqlara rəqəmsal mühitdə özlərini qoruma üsulları, təhlükəli halları necə tanımaq və vaxtında dəstək almağın əhəmiyyəti izah olunur. Görüşlər interaktiv formatda təşkil edilir, şagirdlərin fəal iştirakı təmin olunur və real həyat nümunələri üzərindən müzakirələr aparılır.
Tədbirlərin ən diqqətçəkən hissələrindən biri isə iştirakçıların “Uşaq Qaynar Xətti”nin 116111 nömrəsinə birbaşa zəng etməsi olur. Şagirdlər müraciət prosesini praktik şəkildə müşahidə edir, qaynar xətt operatorları ilə canlı ünsiyyət quraraq xidmətin necə fəaliyyət göstərdiyini əyani formada görürlər. Bu praktiki yanaşma uşaqlarda yardım istəmək vərdişinin formalaşdırılması və psixoloji baryerlərin aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı, tədbirlər zamanı şagirdləri və müəllimləri maraqlandıran suallar cavablandırılır, uşaqların üzləşdiyi problemlər, məktəb və ailə mühitində təhlükəsizlik məsələləri ətrafında geniş diskussiya aparılır. Görüşlər iştirakçılar tərəfindən böyük maraq və fəallıqla qarşılanır.
Qeyd edək ki, Azərbaycan Uşaq Qaynar Xətti uşaqların hüquqlarının müdafiəsi, psixoloji dəstəyin göstərilməsi və riskli halların vaxtında aşkarlanaraq aidiyyəti qurumlara yönləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Maarifləndirici tədbirlərin gələcəkdə digər məktəblərdə də keçirilməsi planlaşdırılır.