Hantavirusla bağlı narahatlıq beynəlxalq miqyasda artmaqdadır.
Xəbər verilir ki, Argentinadan yola düşən kruiz gəmisində aşkarlanan yoluxma halları bir sıra ölkələrdə həyəcan yaradıb.
Niderland, Sinqapur, İsveçrə, İsrail və Böyük Britaniyadan sonra ABŞ-də də mümkün təmasda olan şəxslər nəzarətə götürülüb.
ABŞ-nin Nyu-Cersi ştatında iki nəfərin yoluxmuş sərnişinlə əlaqədə ola biləcəyi açıqlanıb. Ştatın Səhiyyə Departamenti həmin şəxslərin gəmidə olmadığını və indiyədək heç bir simptom göstərmədiyini bildirib. Rəsmi açıqlamada ictimaiyyət üçün risk səviyyəsinin aşağı olduğu qeyd edilib.
Qeyd edək ki, 2026-cı il futbol Dünya Çempionatının ABŞ, Kanada və Meksikada keçiriləcəyi, oyunların əksəriyyətinin ABŞ-də baş tutacağı xatırladılıb. Matçlardan bəzilərinin Nyu-Cersidə oynanılacağı, final görüşünün isə “MetLife Stadium” stadionunda keçiriləcəyi bildirilir.
ÜST indiyədək gəmidə səkkiz hantavirus halının qeydə alındığını, bunlardan üçünün ölümlə nəticələndiyini açıqlayıb.
Məlumata görə, xəstələrdə yüksək hərarət, mədə-bağırsaq pozuntuları, sürətlə inkişaf edən pnevmoniya və kəskin tənəffüs çatışmazlığı kimi simptomlar müşahidə olunub.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) isə vəziyyəti “3-cü səviyyə” kimi qiymətləndirib. Bu, qurumun ən aşağı fövqəladə hazırlıq kateqoriyası sayılsa da, mümkün yayılmanın izlənilməsi və qabaqlayıcı tədbirlərin görülməsi üçün xüsusi mütəxəssis qrupunun ayrıldığı bildirilib. (Qafqazinfo)