RU

Vasif Məhərrəmlinin 2 min dollarlıq pulqabısından çıxan fəlakət VİDEO

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV YouTube kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 23-cü buraxılışının yazılı variantını təqdim edir.

9 May – faşizm üzərində qələbə…

– Faşizm üzərində qələbənin ildönümünü qeyd edirik. 9 May dünya tarixində doğrudan da əhəmiyyətli bir gündür. Azərbaycan da bu qələbədə həm Bakı nefti ilə, həm kənd təsərrüfatı məhsulları ilə, həm də canlı qüvvə ilə yaxından iştirak edib. Hətta azərbaycanlılardan ibarət ayrıca diviziya yaradılıb. Zaman keçdikcə, xüsusən SSRİ dağılandan sonra İkinci Dünya müharibəsinə baxış da dəyişib, yeni yanaşmalar üzə çıxıb. Məlum olub ki, bu müharibə əslində iki nəhəng diktatorun müharibəsidir. Eyni zamanda, Qərbin müharibədə iştirakı ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Yadımdadır, biz orta məktəbdə oxuyanda ABŞ-nin döyüşlərə Stalinqrad vuruşmasından, yəni müharibədə əsaslı dönüş baş verəndən sonra qoşulduğunu yazırdılar. Qərb ölkələri balanslı siyasət yeridir, iki tiranın bir-birini tamam gücdən salmasını gözləyirdi. Amma təbii ki, Hitler Almaniyası ilə müqayisədə SSRİ seçimi daha optimal variant idi. Çünki bu ölkə heç bir millətə qarşı açıq soyqırımı həyata keçirmirdi. Müharibədəki statistik göstəricilərlə də bağlı maraqlı yanaşmalar var. Stalinin sağlığında SSRİ tərəfdən ölənlərin sayı 7 milyon göstərilirdi. Stalin öləndən sonra bu rəqəm 18-20, SSRİ dağılandan sonra isə 26-27 milyona çatdı. Əminəm, Rusiyada normal bir ölkə qurulsa, yenə də artacaq və yəqin ki, 35-40 milyona çatacaq. Son rəsmi rəqəmin içindəki təsnifat da maraqlıdır. Həlak olanların yalnız üçdə biri hərbçi, qalanları isə mülki vətəndaşlardır. Buna səbəb soyqırımı, repressiya və aclıq idi. Halbuki müasir müharibələrdə mülki əhali itkisi hərbçilərdən çox olmur. Qeyd etdiyim kimi, bu müharibə həm iqtisadi, həm də insan itkisi baxımından Azərbaycana baha başa gəldi. Ətrafınıza baxsanız, İkinci Dünya savaşından zərər görməyən ailə tapmazsınız. Hətta elə ev var ki, iki-üç insan itirib. Bunların içərisində itkin düşənlər də çoxdur. Eyni zamanda, əlil vəziyyətdə qayıdanlar… Bundan əlavə, biz İsa Hüseynovun ssenarisi ilə çəkilən “Tütək səsi” filmində də görürük ki, adamlar vətən ideyasına cani-dildən inanmışdılar və bahalı əşyalarını, evinin pambığını, yununu, yorğan-döşəyini cəbhəyə göndərirdilər. Bir fakta da mütləq diqqət etmək lazımdır: həmin vaxt ölkədə korrupsiya yox idi və hamı doğrudan da qələbə üçün çalışırdı. Belə bir ehtimal da var və mən də tarixçi kimi bu təəssüratdayam ki, almanların sovet vətəndaşlarını qırıb-qurtarmağa mərmisi çatmadı. Stalin “uf” demədən insanları ölümün ağzına atırdı. Faiz nisbəti ilə götürəndə bu rəqəmlər həmin dövr üçün həddindən artıq çoxdur. Bütün hallarda faşizm üzərində qələbə çalındı və bu qələbədən bizə də pay düşür. Baxmayaraq ki, müstəmləkə vəziyyətinə salınan xalqlar bu cür qələbələrin sevincini axıra qədər yaşaya bilmirlər.

Milli Onkologiya Mərkəzindəki partlayış…

– Həftənin ən ağır xəbəridir. Bundan da pisi, cəmiyyətdə yaranmış çaşqınlıqdır. Efirdən izlədim, hadisə vaxtı mərkəzin həyətinə jurnalistləri buraxmadılar və mətbuatda aydın bir xəbər oxuya bilmədik. Ona görə ehtimal nəzəriyyələri işə düşdü və necə deyərlər, hər ağızdan bir avaz gəldi. Belə hallarda xəbəri gizləmək, yaymamaq daha ağır fəsadlara gətirib çıxarır, daha təhlükəli, daha zərərli məlumatlar yayılır. Gördüyümüz kimi, hüquq-mühafizə orqanları haqlı olaraq bu barədə xəbər yayarkən və sosial şəbəkələrdə paylaşım edərkən adamları ehtiyatlı olmağa çağırdı. Belə bir xaosun qarşısını almaq üçün ən uyğun yol rəsmi açıqlamanın vaxtında verilməsi və hadisəyə aydınlıq gətirilməsidir. Məşhur bir xalq ifadəsi var: cidanı çuvalda gizlətmək olmaz. Onkoloji xəstəliklərin müalicəsi ilə bağlı ölkədə çox ciddi bir narazılıq var. Bunu danmaq olmaz. Bu narazılığı bizim mütəxəssislər nəzərə almalı, problemi ciddi araşdırmalıdırlar. Bildiyim qədər, müvafiq qanuna görə onkoloji xəstələrin müalicəsi ölkəmizdə pulsuzdur və məncə, dövlətin ayırdığı vəsaitlə bu sahədəki problemləri həll etmək mümkündür. Bəs real vəziyyət necədir? Adamlar müayinə və müalicələr vaxtı günlərlə növbədə qalırlar. Oradan hirsli qayıdırlar. Halbuki bu cür ağır xəstələri hirsləndirmək olmaz. Adamlar xəstəliyə tutulur, xəstəlikdən çox müalicə pulunun dərdini çəkirlər. Tanış həkimlər astaca xəstələrin qulağına pıçıldayırlar ki, çalışın xaricə gedəsiniz. İndi biz məqamı gələndə İranı tənqid edirik, halbuki İrana belə ümid yeri kimi baxan çoxsaylı xəstələr görmüşük.

Siyavuş Novruzovun dil narahatlığı…

– Bəli, bizim hörmətli millət vəkili Siyavuş Novruzov parlamentdə çıxış edərək Bakı şəhərində sovetdənqalma “Varovski”, “Montin”, “Razin” kimi yer adlarına öz etirazını bildirdi. Belə adlar şəhərimizdə yoxdur, amma insanlar hələ də bu adlardan istifadə edir, hətta bəzi reklam mətnlərində də işlədirlər. İlk baxışdan çox sadə bir məsələ kimi görünür, ancaq araşdıranda çox dərin mətləblər ortaya çıxır. Dilimiz rus və qardaş türk dillərinə qarşı adekvat deyil. Əslində, zəif dil olmur, bütün dillərin potensialında dünyanın ən inkişaf etmiş dillərinə qarşı alternativlik imkanları var. Lakin dil inkişaf etməyəndə belə problemlərlə üzləşirik. Çıxış yolu cəmiyyətin bütün sahələrində dilin inkişafını təmin etmək, bunun üçün lazımi addımları atmaqdır. Mən ilk növbədə Azərbaycanda dil korpusunun yaranması məsələsini qaldırardım. İnternet resurslarında dil bazamız çox zəifdir. Bununla ayrı-ayrı institutlar, mətbuat, qeyri-hökumət təşkilatları, hətta müxtəlif yaradıcı insanlar məşğul olmalıdır. Həmişə qeyd edirəm: Azərbaycan Dil Qurumu nə vəziyyətdədir? Onun saytı nə qədər işləkdir? Dilimizin inkişafı ilə məşğul olan heç olmasa bir sayt varmı? Biz bədii-publisistik məqalələr oxuya bilmirik. Bu gün bu janr, demək olar ki, yoxa çıxıb. Köşə yazarları yoxa çıxıb. Halbuki on il, iyirmi il əvvəl çox istedadlı köşə yazarlarını mətbuatda daim görür, oxuyurduq. Ədəbiyyatımızın müasir tendensiyalara uyğun inkişafının, yeni əsərlərin yaradılmasının qeydinə qalmalıyıq. İndi Siyavuş müəllimdən soruşuram: bütün bunlarla bağlı Milli Məclisdə məsələ qaldırmısınızmı? Qaldırmamısınızsa, qaldırın. Siz deyənlərin baş verməməsi üçün dilin inkişaf konsepsiyası olmalıdır. Köklü səbəblər aradan qalxmadıqca, ayrı-ayrı problemli nəticələr qaçılmazdır. Ölkə başçısı da öz çıxışında bu barədə danışdı, bir neçə böyük tədbir də keçirildi, lakin tədbir keçirməklə bu iş aşmır, əməli addımlar lazımdır. İlk addımı isə mən deyirəm: Azərbaycan Dil Qurumu’nun saytını gücləndirməklə başlaya bilərik… Eyni zamanda, məsələ ilə bağlı ciddi qələm adamlarından təkliflər almaq olar.

Tahir İmanovun göz yaşları…

– Şəxsən mən xırda komik səhnəciklər oynayan aktyorların – istər “Bu şəhərdə” kollektivinin, istərsə də “KVN”-çilərin konsertin bir ortasında qəfil başlayan vətənpərvər moizələrini heç cür başa düşə bilmirəm. Bu moizələrin içində hakimiyyəti tərifləmək də var. Bir balaca diqqət edəndə görürsən, yaltaqlıq da var. Kimisə konkret günahlandırmıram, ümumi vəziyyəti deyirəm. Vaxtilə bir misal da çəkmişdim. Təsəvvür edin, Cem Yılmaz stendaplarında Ərdoğanı tərifləyir, tamaşaçıya necə təsir edər? Axı bilet alıb konsertə gələn tamaşaçı, yaxud sənə reytinq verən izləyici niyə sənin merkantil maraqlarından irəli gələn şit söhbətləri dinləməlidir? Bu, etik deyil. Sənin vətənlə bağlı moizələrin mənə lazım deyil. Elə bil bir pinəçiyə getmisən, ayaqqabı tikdirirsən, o da işini-gücünü qoyub bir kənara kimisə tərifləyir. Vətənpərvərlik çox həssas mövzudur. Tolstoyun məşhur sözü var, deyir: “Vətənpərvərlik fırıldaqçıların sığınacaq yeridir”. Doğrudan da xalqı aldatmaq istəyənlər həmişə vətən-millət moizələri oxuyurlar. Bir insan vətəni sevdiyini ekrandan niyə bəyan etməlidir? Sən vətəni sevməlisən də. Yox bir, gəl sevmə! Biri çıxıb efirdən atasını, ailəsini sevdiyini desə, adama necə təsir edər? Sizi əmin edirəm, bu cür çıxışlar tamaşaçıların əksəriyyətinin əsəbinə toxunur. Tahir İmanov da bu haqda danışır, Şuşanı yada salır, ağlayır, deyir, bəzən bizi saxta vətənpərvərlikdə günahlandırırlar. Günahlandıracaqlar da! Mən demirəm, onlar saxtadırlar, qətiyyən. Nə olsa da, Tahir İmanovun Şuşa sevgisinə şübhə etmərəm, çünki başqa variantı yoxdur. Tahir İmanov Şuşanı sevməyə bilməz. Hamımız kimi. Üstəlik, babası da oralıdır. Mərhum Süleyman Ələsgərov həm də Şuşanın sayılıb-seçilən sənətkarlarından idi. Başqa lüksü varmı Tahir İmanovun? Bu halda Şuşa sevgisindən pafosla danışmağa və Tolstoyun dediyi fırıldaqçıları yada salmağa nə ehtiyac var? İşğaldan azad olunan torpaqları kiminləsə münasibəti sazlamaq vasitəsinə çevirəndə ətrafda ikrah hissi yaradır. Adamlar bu çıxışların alt qatını görür. İnsan vətəni sevməlidir və o qədər sevməlidir ki, hələm-hələm durub bu haqda danışmasın. Bu sevgini əməlində göstərsin. Başqa bir müdrik kəlamda deyilir ki, sənətkarın vətənpərvərliyi onun peşəkarlığındadır. Tahir İmanov dostları ilə “KVN” yarışmasında qalib gələndə öz vətənpərvərliyini göstərmişdi. İnsan nə vaxt əməli iş görə bilmir, danışmağa başlayır. Mən istəyirəm biz vətən, Şuşa, Qarabağ sevgimizi göstərək, ondan danışmayaq. Və vətənpərvərlik yalnız işğaldan azad olunmuş torpaqlarla bağlı məsələ deyil, o, Azərbaycanın hər bir probleminə və hər bir vətəndaşına münasibətdə üzə çıxmalıdır.

Vasif Məhərrəmlinin 2 min dollarlıq pulqabısı…

– Həftə ərzində bu məsələ də medianın gündəmində dolaşdı. Vasif Məhərrəmli öz pulqabısı ilə bağlı qəribə bir etiraf etdi. Bildirdi ki, onun qiyməti 2 min dollardan çoxdur. Sonra içini açdı, maşınının açarını da əlavə etsək, azı iki yüz-üç yüz min manat qiyməti vardı. Mənim buna bir sözüm yoxdur. Oğurluq etməyib. Toylara gedir, qazanır. Lakin bu işdə nəyinsə çatmadığını dəqiq bilirəm. Axı minimum əməkhaqqı 400 manat olan bir ölkədə niyə bu cür müğənnilərin bir saatına 2-3 min, bütün çıxışına 10-15, bəzən 20 min pul verirlər? Vitamin çatışmazlığından ləvərə, yaxud raxit uşaqlar doğulur – başı yekə, ayağı əyri və s. Bu cür cəmiyyətlər də var. Ləvərə, əmgəyi bərkiməyən cəmiyyətlər… Bizim cəmiyyət bu vəziyyətdədir. Bizim cəmiyyətin vitamin çatışmazlığı var. Axıracan formalaşmayıb. Mənim bir alim dostum var, dünya səviyyəli adamdır. Bir dəfə söhbət əsnasında onun 1100 manat maaş aldığını öyrəndim. O buna xeyli şükür edirdi. Halbuki xalqımız ortadan da aşağı bir müğənniyə yarım saat oxumağına görə 2-3 min manat verir. Heç kim də bu məsələyə müdaxilə edə bilməz. Pulu qazanıram, özüm bildiyim kimi xərcləyirəm. Amma bir məntiq də var ki, belə olmaz! Məncə, sizin də içinizdən belə bir hiss keçir. Vallah, belə olmaz! Əgər Vasif Məhərrəmli səviyyəli bir müğənni gündə 10 minə, 15 minə toya gedirsə, heç olmasa alim də ayda bu pulu qazanmalıdır. Əgər belə deyilsə, bu cəmiyyət doğrudan da bir yerə gedib çıxa bilməz. Azərbaycanda toy biznesi fəlakət səviyyəsindədir. Biz heç bir tərəddüd etmədən, bu barədə heç düşünmədən hər dəfə hərlənib-fırlanıb şadlıq evləri mafiyasının qurbanına çevrilirik. Alimi yoxsul, toy müğənnisi milyonçu olan cəmiyyət – əmgəyi bərkiməmiş bu raxit insanlar ömür boyu heç bir taleyüklü problemini həll edə bilməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
www.bakupost.az

1Источники