Almaniya birdəfəlik elektron siqaretlərlə bağlı yeni qadağa hazırlıqlarına başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Almaniyanın Ətraf Mühit, İqlim, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi naziri Karsten Şnayder Leypsiqdə əyalətlərin ətraf mühit nazirləri ilə keçirilən görüşdən sonra verdiyi açıqlamada bildirib ki, məsələ ilə bağlı qanun layihəsi bu il Federal Məclisə təqdim olunacaq.
Hazırlanan tənzimləməyə əsasən, birdəfəlik elektron siqaretlərin ölkə üzrə satışının qadağan edilməsi nəzərdə tutulur. Şnayder qadağanın əsas səbəbi kimi bu məhsulların yaratdığı yanğın riskini göstərib.
Nazir qeyd edib ki, bu tip cihazlar istifadə edildikdən sonra əsasən məişət tullantıları və ya təkrar emal paketləri ilə birlikdə zibilə atılır. Bu isə tullantıların emalı müəssisələrində ciddi yanğınlara səbəb olur.
Bildirilib ki, vəziyyət həm işçilərin təhlükəsizliyini təhdid edir, həm də Almaniyanın təkrar emal sisteminə zərər vurur.
Digər tərəfdən, yenidən doldurula bilən elektron siqaretlərin qadağaya daxil edilməyəcəyi açıqlanıb.