RU

9 May: Təkcə bir dövlətin deyil, faşizmə qarşı birləşən xalqların qələbəsi

Bu gün 9 May faşizm üzərində Qələbə Gününün 81-ci ildönümüdür. Tarixdə ən qanlı və dağıdıcı müharibələrdən biri hesab edilən İkinci Dünya müharibəsinin başa çatmasını simvolizə edən bu gün artıq onilliklərdir müxtəlif ölkələrdə fərqli şəkildə qeyd olunur. Lakin bir həqiqət dəyişmir: faşizm üzərində qələbə heç bir xalqın, heç bir dövlətin təkbaşına qazandığı zəfər deyildi. Bu qələbə milyonlarla insanın canı, qanı, əziyyəti və fədakarlığı hesabına əldə edilmiş ümumbəşəri qələbə idi.

Son illərdə Rusiya 9 Mayı daha çox öz siyasi və ideoloji narrativi üzərindən təqdim etməyə çalışır. Müharibədə əsas yükü daşıyan tərəflərdən biri kimi SSRİ-nin varisi olduğunu vurğulayan Moskva bu tarixi günün simvolik yükünü əsasən öz üzərinə yönəltməyə çalışır. Halbuki tarixi faktlar göstərir ki, faşizm üzərində qələbə təkcə rus xalqının deyil, SSRİ-ni təşkil edən bütün xalqların, eləcə də Hitler Almaniyasına qarşı savaşan dünya dövlətlərinin ortaq zəfəri idi.

Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da rolu danılmaz və tarixi faktlarla təsdiqlənmiş həqiqətdir. 1941–1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsi zamanı Azərbaycan həm ön cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıq göstərmişdi. Müharibə illərində Azərbaycandan 700 mindən çox insan cəbhəyə səfərbər olunmuşdu. Onların 11 mindən çoxunu qadınlar təşkil edirdi. Bu, həmin dövr üçün son dərəcə böyük rəqəm idi. Müharibəyə yollanan azərbaycanlıların təxminən yarısı geri qayıtmadı. Təxminən 350 min soydaşımız döyüş meydanlarında həlak oldu.

Bu rəqəmin arxasında yarımçıq qalmış talelər, atasız böyüyən uşaqlar, övlad həsrəti çəkən analar, illərlə yol gözləyən ailələr dayanırdı. Müharibə Azərbaycanın demək olar ki, hər ailəsinə toxunmuşdu. Kəndlərdən, şəhərlərdən minlərlə insan cəbhəyə yollanmış, bir çoxu isə geri dönməmişdi. Buna görə də 9 May Azərbaycan xalqı üçün həm də böyük insani ağrının simvoludur.

Azərbaycanlıların

O da danılmaz faktdır ki, Azərbaycanın faşizm üzərində qələbədə ən mühüm töhfələrindən biri isə Bakı nefti idi. Tarixçilər dəfələrlə vurğulayıblar ki, Bakı nefti olmasaydı, SSRİ-nin müharibədə davam gətirməsi son dərəcə çətin olardı. Müharibə illərində sovet ordusunun istifadə etdiyi yanacağın böyük hissəsi məhz Bakıda istehsal edilirdi. Tankları, təyyarələri, hərbi texnikanı hərəkətdə saxlayan əsas enerji mənbəyi Azərbaycan nefti idi.
Təsadüfi deyil ki, Adolf Hitlerin Qafqaza və xüsusilə Bakıya xüsusi marağı vardı. Almaniyanın hərbi planlarında Bakı neftini ələ keçirmək strateji hədəflərdən biri hesab olunurdu. Çünki Bakı uğrunda mübarizə əslində müharibənin taleyi uğrunda mübarizə idi. Məhz buna görə də Azərbaycan neftçilərinin gecə-gündüz çalışması, arxa cəbhədəki əmək qəhrəmanlığı müharibənin nəticəsinə birbaşa təsir göstərmişdi.

Müharibə illərində Azərbaycanda qadınlar, yaşlılar və yeniyetmələr də ağır əmək şəraitində çalışırdılar. Kişilərin böyük hissəsi cəbhəyə getdiyi üçün zavodlarda, fabriklərdə, neft mədənlərində əsas yük onların üzərinə düşürdü. Azərbaycan yalnız hərbçi göndərmirdi, eyni zamanda silah, yanacaq, ərzaq və tibbi yardım baxımından da cəbhənin əsas dayaqlarından biri idi.

Beləliklə, Azərbaycanın bu günü yalnız qələbə bayramı kimi qeyd etmir. Bu gün həm də milyonlarla insanın faciəsini, itirilmiş nəsilləri, yarımçıq qalmış həyatları xatırlamaq günüdür. Bu tarix Azərbaycan ailələrinin yaddaşında ataların, babaların, qardaşların və bacıların itkisi ilə yaşayır.

İllər keçsə də, müharibənin ağrısı unudulmur. Çünki faşizm üzərində qələbə təkcə hərbi zəfər deyildi. Bu, həm də insanlığın məhvə, irqçiliyə, nifrət ideologiyasına qarşı dirənişi idi. Azərbaycan xalqı da həmin mübarizədə öz qanını, zəhmətini və övladlarını qurban verdi.

Xalidə Gəray
Musavat.com

Избранный
36
musavat.com

1Источники