RU

Heydər Əliyev: Dövlətçilik Məktəbinin Banisi » AzadMedia.az



Bakı, 9 may - Azadmedia.az


Heydər Əliyev elə dahi şəxsiyyətlərdəndir ki, zaman keçdikcə onun fəaliyyəti daha aydın görünür, siyasi irsi isə daha böyük dəyər qazanır. Tarixdə elə liderlər var ki, hadisələrin iştirakçısı olurlar, lakin elə liderlər də vardır ki, bütöv bir xalqın taleyini dəyişərək tarixin özünü yaradırlar. Ümummilli lider Heydər Əliyev məhz belə nadir şəxsiyyətlərdən biri idi. Onun uzaqgörən siyasəti, misilsiz dövlətçilik təcrübəsi, milli maraqlara əsaslanan fəaliyyəti və xalqına sonsuz bağlılığı Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında həlledici rol oynayıb.

Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası milli birliyin, dövlətçilik düşüncəsinin və müstəqil Azərbaycanın ideoloji əsaslarının yaradılmasında müstəsna əhəmiyyət daşıyır. Bu ideologiya xalqımızın milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutmasına və milli həmrəyliyin güclənməsinə xidmət edib. Bu gün müasir, müstəqil və qüdrətli Azərbaycan məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun, uzaqgörən strategiyanın və böyük dövlətçilik məktəbinin nəticəsidir.

Ulu Öndərin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış siyasət ölkəmizdə sabitliyin, inkişafın və davamlı tərəqqinin əsasını qoydu. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi-demokratik institutların formalaşdırılması, milli ordunun yaradılması və iqtisadiyyatın dirçəldilməsi istiqamətində görülən işlər onun adı ilə bağlıdır. Xüsusilə neft strategiyasının uğurla həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq aləmdə nüfuzunun artması Heydər Əliyevin siyasi dühasının parlaq təzahürüdür. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa müddətdə regionun lider dövlətinə çevrilmişdir.

Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının milli qürur mənbəyinə çevrilmişdir. Onun həyat yolu Vətənə sədaqətin, xalqa xidmətin və dövlətə bağlılığın ən ali nümunəsidir. Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasının yaradılması olmuşdur. Bu siyasi təşkilat Heydər Əliyev ideyalarının yaşadılması, dövlətçilik ənənələrinin qorunması və Azərbaycanın inkişaf strategiyasının davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2003-cü ildə xalqın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirmiş, ölkəmizi yeni inkişaf mərhələsinə yüksəltmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük nailiyyətlər əldə etmiş, beynəlxalq müstəvidə öz mövqeyini daha da gücləndirmişdir. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir.

Bu uğurların ən möhtəşəm nümunəsi isə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müdrik rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu şanlı Zəfər həm də Heydər Əliyev siyasətinin təntənəsi, milli birliyin və güclü dövlətçilik ənənələrinin nəticəsi idi.

Bu gün Azərbaycan xalqı fəxr hissi ilə qeyd edir ki, müstəqil dövlətimizin möhkəm təməlləri məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və milli maraqlara əsaslanan siyasəti Azərbaycanın gələcək inkişaf yolunun əsas istiqamətini təşkil edir. Biz inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq daha böyük uğurlara imza atacaq, suverenliyini, qüdrətini və beynəlxalq nüfuzunu daim artıracaqdır.

YAP Nərimanov rayon təşkilatının fəal gənci Aysel Tahirova
Избранный
60
1
azadmedia.az

2Источники