RU

Xilaskarlıq haqqı

Dahilər bəşər övladının seçilmiş, kamilliyə ən çox yaxınlaşan simalarıdır. Onlar zəkaları, tükənməz enerjiləri, möhkəm iradələri və özünəməxsus düşüncə tərzləri ilə cəmiyyətin önündə dayanır, ən çətin məqamlarda belə çıxış yolları tapmağı bacarırlar. Tarix dəfələrlə sübut edib ki, məhz belə şəxsiyyətlər xalqların taleyində dönüş nöqtəsi yaradır, ümidsiz görünən vəziyyətlərə yeni istiqamət verir. Əgər bu dahilər xilaskarlıq missiyasını da üzərlərinə götürürlərsə, onların fəaliyyəti adi liderlik çərçivəsini aşaraq müqəddəslik zirvəsinə yüksəlir, sözün əsl mənasında müqəddəs olurlar. Belə şəxsiyyətlər bütövlükdə millətin yaddaşına həkk olunur, gələcək nəsillər üçün örnəyə çevrilir. Azərbaycan xalqının taleyində mühüm rol oynamış görkəmli dövlət xadimi Heydər Əliyev müqəddəslik qazanan nadir şəxsiyyətlərdəndir. Onun çoxşaxəli fəaliyyəti, çətin və mürəkkəb dövrlərdə nümayiş etdirdiyi qətiyyət və uzaqgörən siyasəti deyilən fikirlərin bariz təsdiqidir.

Heydər Əliyev heç nədən dövlət quraraq Azərbaycanın daxili və xarici düşmənləri ilə yanaşı zamana da qalib gəldi. Çünki həmin uğursuz illərdə zaman da Azərbaycana qarşı idi. Yanlış xarici siyasət nəticəsində ölkə təklənmişdi. Azərbaycan görünən və görünməz xarici qüvvələrin pozuculuq poliqonuna çevrilmişdi. Ölkəmiz müstəqil deyildi, sadəcə dünyanın siyasi xəritəsində müstəqil kimi görünürdü. Anarxiya, qanunların işləməməsi, sosial narazılıq vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. Silahlı hərbi birləşmələr nəzarətsiz qalmışdı, separatizm alovunun içində çabalayan Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Bədnam qonşularımız bu situasiyadan lazımi şəkildə faydalanaraq torpaqlarımızı işğal edirdi. Ölkəni qorumaq mümkün görünmürdü. Heydər Əliyev Azərbaycanda hakimiyyəti  bu vəziyyətdə xalqın tələbi ilə qəbul etdi və o zamankı iqtidar mənsublarına dövlət idarəçiliyindən dərs verdi!

Heydər Əliyev əvvəlcə xalqın birliyinə nail oldu, parçalanmış cəmiyyəti vahid ideya ətrafında səfərbər edərək birləşdirici və qurtuluşçu lider kimi arxasınca apardı. Fəaliyyətinin başlıca xətti kimi milli maraqlarımızın qorunmasına nail olaraq xalqın qarşısında aydın və strateji milli hədəflər müəyyənləşdirdi. Daha sonra isə xarabalıqlar içində qalmış, iqtisadiyyatı dağılmış, siyasi qeyri-sabitliyin və təhlükələrin qara kölgəsinin dolaşdığı Azərbaycanda qətiyyətli addımlarla dövlət quruculuğu prosesinə başladı. Beləliklə, bu dahi azərbaycanlı xaosu nizamla əvəz edərək ümidsizliyi inama çevirməyi bacardı. Məhz bu uzaqgörən siyasət və sarsılmaz iradə sayəsində Azərbaycan yıxılmadı, qurtuldu! 

Kritik böhran vəziyyətindən ölkəmizi çıxararaq dünya liderlərini heyrətləndirdi.

Pozucu anti-Azərbaycan qüvvələrinin bütün maneçilik cəhdlərinə baxmayaraq ölkənin siyasi müstəqilliyini tam təmin edən Ulu öndər ötən əsrin sonlarında dünyanı Azərbaycana cəlb edərək böyük iqtisadi hadisəyə imza atdı. Heydər Əliyev ölkəni beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanıdaraq Azərbaycanın sabit və perspektivli enerji məkanı olduğunu dünyaya nümayiş etdirdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” həm də Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirən strateji sənəd oldu. Bu müqavilə ilə Xəzərin neft ehtiyatlarının işlənməsinə geniş beynəlxalq konsorsium cəlb edildi, ölkəyə böyük həcmdə xarici sərmayə axını təmin olundu. Heydər Əliyev Azərbaycanı qısa zamanda belə dəyişdirdi. Bu dəyişiklik həm də ölkənin beynəlxalq nüfuzunu və geosiyasi mövqeyini əhatə etdi. Azərbaycan qısa zamanda regionun enerji mərkəzlərindən birinə çevrildi, iqtisadi dirçəlişin möhkəm təməli qoyuldu və ölkənin dünya iqtisadi sisteminə inteqrasiyası daha da sürətləndi, inkişafın əsas sütunları quruldu. “Əsrin müqaviləsi”ni reallaşdırmaqla tarixə ötən əsrin lideri kimi həkk olunan Ulu öndər Azərbaycanın gələcək hədəflərini böyük uzaqgörənlik və misilsiz dahiliklə müəyyənləşdirdi. Bu, onun parlaq zəkasının qüdrətinin, siyasi iradəsinin möhkəmliyinin və milli maraqlara sonsuz sədaqətinin parlaq təcəssümü idi. 

Beləliklə, Heydər Əliyev yalan və boş vədlərlə qurulmuş bir hakimiyyətin qarşısında həqiqətin simvolu kimi xalqın önündə dayandı. Aldadılmış xalq susmadı, yalana cəbhə açaraq həqiqətə üz tutdu. Ədalətin səsi ilə həqiqət qalib gəldi! Bu qalibiyyətlə xalq öz taleyinə sahib çıxdı, dövlətin sütunları yenidən ucaldı və bu tarixi uğur Azərbaycanın gələcəyinə möhkəm təməl oldu. Zaman və məkan sübut etdi ki, Heydər Əliyev xalqın həqiqətidir! Bu həqiqət müstəqilliyimizin və dövlətçiliyimizin tarixidir. Bu şərəfli tarixin adı Heydər Əliyevdir. Əgər xalqımızın Heydər Əliyev kimi dahi lideri olmasaydı, dövlətçiliyimiz, milli varlığımız ciddi təhlükə altında qalardı. Məhz buna görə də Ulu öndər xalqımızın ən sevimli övladıdır. Biz onu yalnız sevgi ilə andığımız 10 mayda və ya xalqımız üçün hüzn günü olan 12 dekabrda yad etmirik, əziz xatirəsini hər zaman böyük ehtiramla qəlbimizdə yaşadırıq. Bu, xilaskar liderimizin üzərimizdə olan haqqıdır, Vətən haqqı kimi!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Избранный
21
1
xalqqazeti.az

2Источники