RU

Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib




Daşkənd şəhərində yerləşən Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə anma mərasimi keçirilib.

Newscenter az xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin nümayəndələri və səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Mərasim zamanı görkəmli dövlət xadiminin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında və müstəqil dövlət quruculuğunda oynadığı müstəsna roldan danışıb. Diplomat qeyd edib ki, Azərbaycanın gələcək müstəqilliyinin siyasi və ideoloji əsasları hələ sovet dönəmində onun respublikaya rəhbərlik etdiyi illərdə formalaşdırılıb. Məhz həmin dövrdə milli özünüdərk güclənib, azərbaycançılıq ideologiyası inkişaf edib və müstəqil dövlət quruculuğunun möhkəm təməli yaradılıb.

Səfir vurğulayıb ki, Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib, ölkənin milli maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfələr verib. Bildirilib ki, onun zəngin siyasi irsi və dövlətçilik fəlsəfəsi bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir.

Çıxış zamanı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirdiyi xüsusi qeyd olunub. Bildirilib ki, onun rəhbərliyi ilə Azərbaycan mühüm sosial-iqtisadi nailiyyətlər əldə edib, beynəlxalq nüfuzunu daha da artırıb, ərazi bütövlüyü və dövlət suverenliyini tam təmin edərək regionda yeni siyasi reallıq yaradıb. Vurğulanıb ki, həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində ölkə güclü və qalib dövlət kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirib.
Mərasimdə, həmçinin müasir Azərbaycan–Özbəkistan münasibətlərinin formalaşması və inkişafında görkəmli dövlət xadiminin mühüm xidmətləri xüsusi vurğulanıb. Qeyd edilib ki, o, iki qardaş xalq arasında dostluq, qarşılıqlı etimad və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə daim xüsusi önəm verib. Bildirilib ki, bu siyasi xətt Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir və nəticədə iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə davam edir.

Süleyman
Избранный
32
1
newscenter.az

10Источники