RU

Daha bir ölkədə hantavirus aşkarlandı

Atlantik okeanında hərəkət edən “MV Hondius” adlı lüks sərnişin gəmisində ortaya çıxan hantavirus yayılması qlobal sağlamlıq narahatlıqlarını artırarkən, İspaniyada şübhəli yoluxma halı aşkar edilib.

"Cebheinfo.az" xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib ki, “MV Hondius” sərnişin gəmisi ilə səyahət etdikdən sonra virusa yoluxduğu müəyyən edilən və Cənubi Afrikanın Yohannesburq şəhərində həyatını itirən niderlandlı xəstə ilə daha əvvəl eyni təyyarədə olmuş 32 yaşlı ispan qadın infeksiya şübhəsi ilə Alikante şəhərindəki xəstəxanada müalicə altına alınıb.

Qadından götürülən test nümunəsinin nəticələrinin 24–48 saat ərzində məlum olacağı qeyd olunub. İspaniyanın səhiyyə nazirinin müavini Xavyer Padilla infeksiya şübhəsi olan qadının hantavirusdan ölən şəxsin təyyarədə iki sıra arxasında oturduğunu bildirib.

Padilla onların təyyarədə qısa müddət birlikdə olduqlarını və təmasın olduqca məhdud səviyyədə qaldığını vurğulayıb.

O həmçinin qeyd edib ki, eyni təyyarədə olan niderlandlı bir kabin heyəti üzvü də daxil olmaqla bəzi şəxslərdə potensial simptomlar müşahidə edilsə də, aparılan testlər mənfi nəticə verib.

Xatırladaq ki, Argentinanın ən cənubundakı Uşuaya şəhərindən aprelin 1-də yola çıxan MV Hondius adlı lüks sərnişin gəmisində hantavirus yayılması baş vermişdi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək üçü ölümlə nəticələnən ən azı beş yoluxma halının təsdiqləndiyini açıqlayıb.

Избранный
69
cebheinfo.az

1Источники